AZ

"Xamenei gizləndiyi yerdən çıxdıqda çox fərqli bir xalq görəcək"

Ölkəsinin İsraillə müharibəsi zamanı İranda gizli bir sığınacaqda təxminən iki həftə keçirən 86 yaşlı dini lider Ayətullah Əli Xamenei atəşkəs fürsətindən istifadə edərək çölə çıxmaq istəyə bilər.

Onun İsrail tərəfindən sui-qəsdə uğramaqdan qorxduğuna görə, heç kimlə əlaqə saxlamadığı və gizləndiyi güman edilir.

Görünən odur ki, yüksək vəzifəli hökumət rəsmiləri belə, onunla heç bir təmas qurmayıblar.

ABŞ Prezidenti Donald Trump və Qətər əmirinin vasitəçilik etdiyi kövrək atəşkəsə baxmayaraq, ona ehtiyatlı olması məsləhət görülə bilərdi.

Prezident Trump-ın İsrailə İranın ali liderini öldürməməyi dediyi bildirilsə də, İsrailin Baş naziri Benyamin Netanyahu bunu istisna etməyib.

Gizləndiyi yerdən çıxdıqda - ya da çıxsa - o, ölüm və dağıntı ilə dolu bir mənzərəylə qarşılaşacaq.

Şübhəsiz ki, dövlət televiziyasına çıxaraq qarşıdurmada qələbə qazandığını iddia etməyə davam edəcək.

İmicini bərpa etmək üçün planlar quracaq. Amma yeni reallıqlarla, hətta yeni bir dövrlə üzləşəcək.

Müharibə həm ölkəni, həm də Xameneini əhəmiyyətli dərəcədə zəiflədib.

Hakimiyyətdəki fikir ayrılıqları

Müharibə zamanı İsrail sürətlə İran hava məkanının böyük bir hissəsini nəzarət altına aldı və hərbi infrastrukturuna hücum etdi. İnqilab Keşikçiləri Korpusunun və ordunun yüksək rütbəli komandirləri sürətlə öldürüldü.

Ordunun aldığı zərərin miqyası hələ də qeyri-müəyyəndir və mübahisəlidir, lakin ordu və İnqilab Keşikçilərinə məxsus baza və obyektlərin təkrar-təkrar bombalanması İranın hərbi gücünün əhəmiyyətli dərəcədə azaldığını göstərir. Uzun illərdir ki, hərbiləşmə ölkə resurslarının böyük hissəsini tükədirdi.

İranın təxminən iyirmi ildir sanksiyalara məruz qalmasına səbəb olan və təxmini dəyəri yüz milyardlarla dollarla ölcülən nüvə obyektləri hava hücumları nəticəsində zərər görmüş olsa da, ziyanın tam miqyasını qiymətləndirmək çətindir.

İndi çoxları soruşur ki, bütün bunlar nə üçün idi?

İranlıların əksəriyyəti 1989-cu ildə hakimiyyətə gələn Ayətullah Xameneini ölkəsini İsrail və ABŞ-la qarşıdurma yoluna salmaqda və nəhayət, ölkəsinə və xalqına böyük bir fəlakət gətirməkdə məsul tutacaq.

Onu İsraili məhv etmək kimi ideoloji məqsəd güdməkdə günahlandıracaqlar – bir çox iranlı bu fikri dəstəkləmir.

Xamenini nüvə statusunun əldə olunmasının onun hakimiyyətini məğlubedilməz edəcəyinə inanmasına görə ittiham edəcəklər, - bir çox iranlı bunu axmaqlıq sayır.

Sanksiyalar İran iqtisadiyyatını iflic edib və dünyanın ən böyük neft ixracatçılarından biri olan ölkəni əvvəlki halının kasıb və çarəsiz bir kölgəsinə çevirib.

Harvard Universitetində dəvətli tədqiqatçı kimi çalışan professor Lina Xatib deyir: "İran rejiminin bu qədər böyük təzyiq altında nə qədər davam gətirəcəyini proqnozlaşdırmaq çətindir, amma bu vəziyyət sonun başlanğıcı kimi görünür".

"Əli Xamenei, yəqin ki, sözün əsl mənasında İran İslam Respublikasının son 'Ruhani Lideri' olacaq".

Hakimiyyətin yuxarı kürsülərindən də müxalif səslər yüksəlir.

Müharibənin ən qızğın vaxtında İranın yarırəsmi bir xəbər agentliyi yazmışdı ki, bəzi keçmiş yüksək vəzifəli məmurlar müqəddəs şəhər sayılan Qumda yerləşən və Ayətullahdan fərqli, daha sakit olan din xadimlərini müdaxiləyə və rəhbərlikdə dəyişiklik etməyə çağırıblar.

"Bir haqq-hesab olacaq, - St. Andrews Universiteti nəzdində İran Araşdırmaları İnstitutunun təsisçi direktoru, professor Əli Ənsari deyir, - Liderlər arasında böyük fikir ayrılığının olduğu çox açıqdır və sadə insanlar arasında da böyük narazılıq var".

"Qəzəb kök salacaq"

Son iki həftə ərzində bir çox iranlı hakimiyyətə qarşı duyduqları dərin nifrətlə, ölkələrini müdafiə etmə ehtiyacı kimi ziddiyyətli hisslər arasında çırpındı.

Hakimiyyəti qorumaq üçün deyil, bir-birlərinə sahib çıxmaq, ölkə üçün birləşmək məqsədilə bir araya gəldilər. Böyük həmrəylik və birlik yaşandığına dair xəbərlər gəldi.

Şəhər mərkəzlərindən kənarda yerləşən qəsəbə və kəndlərdəki insanlar şəhərlərindəki bombardımandan qaçanlara qapılarını açdı, dükan sahibləri əsas istehlak mallarını ucuz qiymətə satdı, qonşular bir-birlərinin qapısını döyüb ehtiyaclarının olub-olmadığını soruşdu.

Amma bir çoxları İsrailin, çox güman ki, İranda hakimiyyət dəyişikliyi axtarışında olduğunun da fərqində idi.

Hakimiyyət dəyişikliyi bir çox iranlının arzuladığı bir şeydir. Lakin xarici qüvvələr tərəfindən planlaşdırılan və məcbur edilən bir hakimiyyət dəyişikliyinə qarşı çıxa bilərlər.

Dünyanın ən uzun ömürlü avtokratlarından biri olan Ayətullah Xamenei, təxminən 40 illik hakimiyyəti boyunca ölkədəki bütün müxalifəti aradan qaldırıb.

Müxalif siyasi liderlər ya həbsdədir, ya da ölkədən qaçıblar. Xaricdəki müxaliflər isə hakimiyyətə qarşı birləşə və təsirli bir mövqe sərgiləyə bilmədilər.

Fürsət yaranarsa, ölkə daxilində idarəni ələ ala biləcək bir təşkilat qurmaqda da aciz qaldılar.

İki həftəlik müharibə ərzində – hakimiyyətin dağılması ehtimalının da gündəmdə olduğu bir vaxtda – bir çox insan mümkün ssenarinin müxalifətin hakimiyyəti ələ keçirməsi deyil, ölkənin xaos və qanunsuzluğa sürüklənməsi olduğunu düşünürdü.

Professor Xatib deyir: "İran rejiminin daxili müxalifət yolu ilə devrilməsi çox da mümkün görünmür. Rejim ölkə daxilində güclü qalmağa davam edəcək və müxalifəti əzmək üçün daxili təzyiqləri artıracaq".

İranlılar indi hakimiyyətin daha da sərtləşəcəyindən qorxurlar.

İsraillə müharibənin başlamasından bəri keçən iki həftə ərzində, İsrail adına casusluq etməkdə ittiham olunan ən azı altı nəfər edam edilib.

Rəsmilər bu ittihamla təxminən 700 nəfəri həbs etdiklərini bildirirlər.

BBC Farscaya danışan iranlı bir qadın müharibənin gətirdiyi ölüm və dağıntıdan daha çox, yaralanmış və alçaldılmış bir hakimiyyətin qəzəbini öz xalqına yönəltməsindən qorxduğunu deyir.

Professor Ənsari isə belə deyir: "Əgər rejim əsas ərzaq və xidmətləri təmin edə bilməzsə, qəzəb və məyusluq daha da artacaq.

"Mən bu prosesi mərhələli bir gedişat kimi görürəm. Yəni, bunu bombardımanın bitməsi ilə sona çatacaq bir hal kimi deyil, daha uzunmüddətli, kök salacaq bir proses kimi qiymətləndirirəm".

İranın ballistik raket silosları

İranda çox az adam bazar ertəsi əldə olunan atəşkəsin davamlı olacağını düşünür və bir çoxları isə düşünür ki, İsrail İranın hava məkanında tam üstünlüyə sahib olduğu üçün işi hələ bitməyib.

Yalnız İranın ballistik raket siloları, deyəsən, məhv edilməkdən xilas olub. Çünki İran onları dağlardakı tunellərə yerləşdirib və İsrail onları tapmaqda çətinlik çəkib.

İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir bildirib ki, İsrail "İranın 2500-ə yaxın yerdəki hədəfləri vuran raketi olduğunu" bilə-bilə İrana ilk hücuma başlayıb.

İranın atdığı raketlər İsraildə xeyli ölüm və dağıntıya səbəb olub.

İsrail İranın güman ki, hələ də əlində olan 1500 raketlə bağlı narahatlıq keçirəcək.

Bundan əlavə, Təl-Əviv, Washington və digər Qərb və region paytaxtlarında İranın tələsik şəkildə nüvə bombası hazırlamağa çalışacağı ilə bağlı ciddi narahatlıq var. Tehran hakimiyyəti isə bu niyyətdə olduğunu israrla inkar edir.

İranın nüvə obyektləri İsrail və ABŞ-ın bombardmanları zamanı, demək olar ki, tamamilə sıradan çıxarılıb və ehtimal ki, istifadəsiz hala gəlib.

Lakin İran zənginləşdirilmiş uran ehtiyatını təhlükəsiz və gizli bir yerə daşıdığını açıqlayıb.

Ekspertlərin fikrincə, 60 faiz zənginləşdirilmiş bu uran ehtiyatını daha asanlıqla 90 faiz zənginləşdirmək olar ki, bu da təxminən doqquz nüvə bombasına kifayət edər.

Müharibə başlamazdan əvvəl İran uranın zənginləşdirilməsi üçün yeni bir gizli obyekt tikdiyini və onun tezliklə fəaliyyətə başlayacağını elan etmişdi.

İran parlamenti Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA) ilə əməkdaşlığı kəskin şəkildə azaltmağa səs verib.

Bu qərarın təsdiqi tələb olunur və qərar qəbul olunacağı təqdirdə İran Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması Müqaviləsindən (NPT) çıxmağa bir addım yaxınlaşacaq.

Çünki dini lideri dəstəkləyən mühafizəkarlar İranın nüvə bombası hazırlamasını dəstəkləyirlər.

Ayətullah Xamenei bəlkə də hələlik hakimiyyətinin xilas olmasından əmin ola bilər. Ancaq 86 yaşında və xəstə olan Xamenei, yəqin ki, öz günlərinin də sayılı olduğunu bilir və ola bilsin ki, hakimiyyətin davamlılığı üçün onun başqa yüksək səviyyəli din xadiminə və ya hətta bir liderlik şurasına nizamlı şəkildə keçməsini istəyir.

Hər halda, İnqilab Keşikçilərinin sağ qalan və dini liderə sadiq olan yüksək səviyyəli komandirləri səhnə arxasında gücü əldə saxlayaraq idarəçiliyi davam etdirməyə çalışa bilərlər.

Seçilən
20
bbc.com

1Mənbələr