“Latsio”nun kapitanı, 30 yaşlı italyan sol cinah hücumçusu Mattia Zakkanyi qasıq nahiyəsində cərrahi əməliyyata məruz qalıb.
Arena.az jurnalist Canluka Di Martsioya istinadən məlumat verir ki, Zakkanyi qasıq ağrısı sindromundan qurtulmaq üçün cərrahi əməliyyata razılaşıb.
Cərrahi müdaxilə uğurla başa çatıb və əvvəlcədən müəyyənləşdirilmiş bərpa proqramının bir hissəsi olub.
Zakkanyi “qartallar”ın yay təlim-məşq toplanışında iştirak etməyə hazır olacaq.
“Mən artıq xəxtəxanadan çıxmışam və evdəyəm! Hamıya dəstəyi müqabilində minnətdaram. Bu, mənim artıq müəyyən müddət daşıdığım bir fəsad idi, mövsümün son üç ayı ərzində şiddətli ağrı ilə oynayırdım, istirahət və terapiya faydasız idilər, ona görə də cərrahi əməliyyat edilmək qərarına gəldim ki, yeni mövsümə hazır olum”, – Zakkanyi özünün şəxsi sosial şəbəkə hesabı üzərindən paylaşıb.
Mattia Zakkanyi futbola “Bellariya-İcea-Marina” klubunda qədəm qoyub. İtalyan futbolçu, karyerası ərzində “Verona”, “Venesiya” və “Çitadella” klublarında çıxış edib. “Latsio” Zakkanyini 2022-ci ilin iyul ayında 7,1 milyon avro məbləğ müqabilində “Verona”dan tamhüquqlu əsasda “qartallar”ın heyətinə qatıb.
Cari mövsümdə Zakkanyi “Latsio”nun heyətində bütün yarışlarda 46 oyuna çıxıb, 10 qol vurub, 9 məhsuldar ötürmə verib. Zakkanyinin “qartallar”ın heyətində çıxışının ümumi mənzərəsi isə 163 oyun, 32 qol və 28 məhsuldar ötürmədən ibarətdir.
Mattia Zakkanyi 2022-ci ilin mart ayında debüt etdiyi İtaliya yığmasının heyətində 10 oyuna 1 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 30 yaşlı italyan sol cinah hücumçusunun transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.