AZ

FIFA Klub Dünya Kuboku: Qrup mərhələsinə yekun vuruldu

Amerika Birləşmiş Ştatlarında təşkil olunmuş və iyunun 14-də start götürmüş futbol üzrə FIFA Klub Dünya Kuboku davam edir.

Arena.az xəbər verir ki, ötən gecə qrup mərhələsinin 3-cü turuna yekun vurulub.

İki qrup çərçivəsində bütövlükdə dörd qarşılaşma baş tutub və pley-offa vəsiqə qazanmış sonuncu komandalar müəyyənləşiblər.

Əvvəlcə G qrupunda mübarizəyə yekun vurulub. Qrupun həlledici oyununda İtaliya və İngiltərə nəhəngləri – “Yuventus”la “Mançester Siti” üz-üzə gəliblər. Bu matçda qrup qalibinin adı məlum olub. Rəqibini 5 qolla üstələyən İngiltərə təmsilçisi maksimum nəticə (9 xal) ilə qrupu birinci pillədə başa vurub. “Yuventus” isə 6 xalla qrup ikincisi kimi 1/8 finala adlayıb. Qrupun digər matçında “Əl-Əyn” “Vidad” üzərində əzmkar qələbə qazanıb.

Son olaraq H qrupunun görüşləri keçirilib. Madrid “Real”ı 1/8 finala vəsiqəni darmadağınla qazanıb. İspaniya nəhəngi Avstriya təmsilçisi “Zalsburq”u 3:0 hesabı ilə yenib. Xabi Alonsonun komandası 1/8 finalda “Yuventus”a qarşı oynayacaq. “Paçuka”nı 2:0 hesabı ilə məğlub etmiş “Əl-Hilal” isə pley-offda “Mançester Siti”yə rəqib olub. Səudiyyəlilər pley-offa çıxan yeganə Asiya komandası olublar.

FIFA Klub Dünya Kuboku iyulun 13-dək davam edəcək. Yarışın mükafat fondu 1 milyard dollardan çoxdur.

FIFA Klub Dünya Kuboku
Qrup mərhələsi, 3-cü tur

G qrupu

Yuventus (İtaliya) – Mançester Siti (İngiltərə) 2:5
Qollar: T.Kupmeyners, 11. D.Vlahoviç, 84 – J.Doku, 9. P.Kalulu, 26-öz qapısına. E.Haaland, 52. F.Foden, 69. Savinyo, 75.

Vidad (Mərakeş) – Əl-Əyn (BƏƏ) 1:2
Qollar: K.Mailula, 4. Kaku, 50 – K.Laba, 45+1-pen.

Xallar: Mançester Siti – 9. Yuventus – 6. Əl-Əyn – 3. Vidad – 0.

H qrupu

Zalsburq (Avstriya) – Real (İspaniya) 0:3
Qollar: Vinisius, 40. F.Valverde, 45+3. Q.Qarsiya, 84.

Əl-Hilal (Səudiyyə Ərəbistanı) – Paçuka (Meksika) 2:0
Qollar: Əl-Davsari, 22. M.Leonardo, 90+5.

Xallar: Real – 7. Əl-Hilal – 5. Zalsburq – 4. Paçuka – 0.

Seçilən
8
arena.az

1Mənbələr