AZ

Alimlər xoşbəxt evliliyin sirrini açıqladı: Fiziki yaxınlıq və maliyyə birliyi önəmlidir

Polşadakı Sileziya Universitetinin yeni bir araşdırması göstərib ki, ictimai yerlərdə cütlüklərin bir-birinə fiziki sevgi göstərməsi – əl-ələ tutmaq, sarılmaq və öpmək kimi təmaslar – münasibətlərin möhkəmlənməsinə və romantik bağın dərinləşməsinə yardım edir.

Sherg.az xəbər verir ki, Endoneziya, Nepal və Polşadan 450-dən çox iştirakçının qatıldığı sorğuda, respondentlərin həm şəxsi, həm də ictimai məkanda sevgi ifadələrinə münasibətləri öyrənildi. Nəticələr göstərdi ki, bu cür davranışlar münasibət məmnuniyyətini artırır, stres səviyyəsini azaldır və ümumi psixi sağlamlığa müsbət təsir edir.

Tədqiqatda mədəni fərqlər də önə çıxıb: Polşalı iştirakçılar sevgi ifadələrini daha açıq şəkildə göstərənlər olub, Endoneziyalılar isə bu sahədə daha çəkinən qrup kimi ön plana çıxıb. Araşdırma nəticələri “PLOS ONE” adlı elmi jurnalda dərc edilib.

Cinsiyyətə görə davranış fərqliliklərinə də toxunulan tədqiqatda, qadınların kişilərə nisbətən daha tez-tez fiziki sevgi göstərdiyi müəyyən edilib. Kişilərin isə fiziki yaxınlıq baxımından daha çox əskiklik hiss etdiyi müşahidə olunub. Ümumiyyətlə, kişilər öpməyi, qadınlar isə sarılmağı daha çox üstün tutur – lakin bu fərqlər statistik baxımdan çox böyük deyil.

Xoşbəxt evlilik üçün digər bir məsləhət də 2023-cü ildə aparılan araşdırmadan gəlib. Yeni evlənmiş 230 cütlük üzərində aparılan iki illik tədqiqat nəticəsində məlum olub ki, ortaq bank hesabı açan cütlüklər daha yüksək münasibət keyfiyyətinə malikdirlər. Bu hal, maliyyə şəffaflığını artırır, ortaq məqsədlər yaradır və evliliyi "birlikdə inşa etmə" anlayışını gücləndirir.

Alimlərə görə, bu yanaşma tərəflərin bir-birinə qarşı daha anlayışlı və dəstəkverici olmalarını təmin edir. Beləliklə, həm emosional, həm də iqtisadi birlik, uzunmüddətli və sağlam münasibətlərin əsasını təşkil edir.
Seçilən
3
1
sherg.az

2Mənbələr