AZ

Xameneyidən ilk mesaj

Günlərdir görünməyən və harada olması maraq doğuran fars-molla rejiminin lideri Əli Xameneyi 12 günlük İsrail-İran müharibəsindən sonra əldə olunan atəşkəsin üçüncü günündə “X” sosial media hesabında paylaşım edib. Bu yazılardan sonra İran dövlət televiziyasında Xameneyinin videomüraciəti yayımlanıb.

Bir həftədən artıqdır ki, harada olduğu maraqla qarşılanan Xameneyinin sosial şəbəkədəki mesajında ​​İsrailə işarə edərək, “Sizi saxta sionist rejimə qarşı qələbə münasibətilə təbrik edirəm”, – deyib.

Xameneyi “X” hesabındakı paylaşımında daha sonra deyib: "Böyük İran xalqına bir neçə təbriki çatdırmağı lazım bilirəm: İlk növbədə, sizi saxta sionist rejiminə qarşı qələbə münasibətilə təbrik edirik. Bütün bu hay-küy, bütün bu iddialarla sionist rejim İslam Respublikasının zərbələri altında az qala süqut etdi və əzildi”.

“İkinci təbrik sevimli İranımızın Amerika rejiminə qarşı qələbəsi ilə bağlıdır. Amerika rejimi müharibəyə birbaşa ona görə daxil oldu ki, əgər bunu etməsə, sionist rejim tamamilə məhv olacaq. Lakin bu müharibədən heç nə qazana bilmədi. Burada da İslam Respublikası qalib gəldi və bunun müqabilində Amerikaya sərt sillə vurdu”.

***

Xameneyi sosial şəbəkədəki paylaşımlarından sonra İran dövlət televiziyasında yayımlanan videomüraciətində İran xalqına müraciət edib. Xameneyi deyib ki, İran silahlı qüvvələri İsrailin çoxqatlı müdafiəsini yarmağa müvəffəq olub və şəhərləri və hərbi əraziləri hədəf alıb.

Xameneyi, "ABŞ nüvə obyektlərini hədəf aldı, lakin çox şey əldə etmədi", – deyib. İranın ali lideri ABŞ prezidenti Donald Trampa istinad edərək, “O, şoumen olmalı idi”, – deyib.

Xameneyi “İrana qarşı növbəti hücumda ödəniləcək bədəl daha ağır olacaq. ABŞ-ın mühüm obyektlərinə çatmaq İran üçün çox böyük işdir və təcavüz yenidən baş versə, bu, təkrarlanacaq”.

***

Xameneyi sözlərini belə davam etdirdi: “İranın düşmənləri raket və ya nüvə proqramları kimi bəhanələr gətirirlər, amma əslində bizim təslim olmağımızı güdürlər”.

“Tramp çıxışlarının birində “İran təslim olmalıdır” deyib. Bu onun üçün çox böyük tələbdir. Tramp ABŞ-ın ancaq İranın təslim olması ilə kifayətlənəcəyini açıqlayıb. Bu heç vaxt təslim olmayacaq, millətimiz güclüdür”.

***

İsraillə müharibə davam edərkən bunkerdə gizləndiyi iddia edilən İranın əsas siması Xameneyinin görünməməsi sui-qəsd müzakirələrini qızışdırıb.

Ötən gün İranın dövlət televiziyasının aparıcısı İranda siyasi elitadan tutmuş, küçədəki adama qədər bir çox insanın maraqlandığı sualı vermiş və Xameneyinin ofisindən bir məmura "İnsanlar liderdən çox narahatdırlar. Onun necə olduğunu deyə bilərsinizmi?" sualını verən aparıcı bildirib ki, izləyicilər də eyni şeyi soruşan mesajlar göndəriblər. Xamneyinin arxiv idarəsinin rəhbəri Mehdi Fəzaeli isə dəqiq cavab verməmişdi.

Yüksək rütbəli hərbi komandirlər və hökumət rəsmiləri də son günlər Xameneyi ilə görüşüb-görüşməmələri ilə bağlı sualdan yayınıblar.

“Chatham House” adlı araşdırma qrupunun Yaxın Şərq və Şimali Afrika direktoru Sənam Vəkil, Xameneyinin yoxluğunun təəccüblü olduğunu və İran liderlərinin son dərəcə diqqətli və təhlükəsizliyə riayət etməsinin əlaməti olduğunu bildirib: "Əgər Xameneyini Aşura günü görməsək, bu pis əlamətdir. O, üzünü göstərməlidir”. İranda Aşura mərasimi Məhərrəm ayı çərçivəsində iyulun əvvəlində keçiriləcək.

Seçilən
16
vaxt.az

1Mənbələr