Çin alimləri yarasalarda əvvəllər məlum olmayan 20 yeni virus aşkarlayıblar. Onlardan bəzilərinin ölümcül Nipah və Hendra virusları ilə eyni virus ailəsinə aid olduğu bildirilib.
Milli.Az xəbər verir ki, tədqiqat Yunnan vilayətində aparılıb. Alimlər 2017-2021-ci illər ərzində 10 müxtəlif növdən olan 142 yarasanın böyrək toxumalarını analiz ediblər. Genetik sekvensiya nəticəsində 22 virus aşkar edilib. Bunlardan 20-si elmi ədəbiyyata əvvəllər məlum olmayıb. İki virusun isə insanlara ölümcül təsir göstərən henipaviruslarla əlaqəli olduğu müəyyən olunub.
Henipaviruslar qripə bənzər simptomlardan tutmuş ağır beyin iltihabına qədər xəstəliklərə səbəb ola bilər. Mütəxəssislər bu virusların insanlara və ya mal-qaraya keçmək potensialının yüksək olduğunu deyirlər.
Avstraliyalı virusoloq professor Vinod Balasubramaniam bildirib ki, tapılan viruslar insan sağlamlığı baxımından "təhlükəli xəbərdarlıq siqnalı"dır. O, virusların yarasa sidiyi ilə meyvə və su vasitəsilə yayıla biləcəyini vurğulayıb.
Tədqiqat həm də ilk dəfə olaraq yarasa böyrəklərində bu qədər çox virus aşkarlanması ilə diqqət çəkib. Bu isə virusların orqanizm daxilində daha geniş yayıla bildiyini göstərir.
Ekspertlər virusların yayılmasının qarşısını almaq üçün ekoloji nəzarətin gücləndirilməsini və potensial risk daşıyan ərazilərdə biosigurta tədbirlərinin artırılmasını tövsiyə edirlər.
İsmayıl
Milli.Az