Fransız həkimlər çörək, taxıl və kartof kimi gündəlik istehlak olunan qidalarda rast gəlinən zəhərli ağır metal – kadmiumun sağlamlığa təsirləri ilə bağlı ciddi xəbərdarlıq edirlər. Bəs, insanlar gündəlik qida rasionlarında kadmiuma məruz qalmanı necə azalda bilərlər?
Mövzu ilə bağlı sağlam qida təbliğatçısı Asim Vəliyev KONKRET.az-a açıqlamasında bildirib ki, kadmium torpaqda, havada və suda təbii şəkildə mövcud olan ağır metaldır:
“Sənaye tullantıları, pestisidlər və bəzi gübrələr torpaqdakı kadmium miqdarına təsir edir. Bu da o torpaqda yetişən məhsullara – əsasən çörək, taxıl, kartof və tərəvəzlərə keçə bilir. Biz bu qidaları hər gün yeyirik və fərqinə varmadan az miqdarda da olsa, kadmium orqanizmə daxil olur.”
Asim Vəliyev qeyd edir ki, kadmium orqanizmdə toplanaraq böyrəklərə, qaraciyərə və sümük toxumasına zərər verir. Uzunmüddətli təsiri nəticəsində isə böyrək çatışmazlığı, sümük əriməsi, hətta xərçəng riski arta bilər:
“Fransız həkimlərin xəbərdarlığı bu baxımdan çox vacibdir. Kadmium az miqdarda olsa da, davamlı qəbul edildikdə orqanizmdə yığılır və təmizlənməsi çətindir.”
Ekspert vurğulayır ki, eyni növ qidanı hər gün yemək risklidir. Hər gün eyni taxıl və ya kartof yemək əvəzinə, rasiona müxtəlif tərəvəzlər və zülallar əlavə olunmalıdır:
“Orqanik kənd təsərrüfatı məhsullarında sintetik gübrə və pestisidlərdən az istifadə olunur, bu isə kadmium səviyyəsini aşağı salır. Tərəvəz və meyvələrin üzərində torpaq qalığı varsa, kadmium torpaqdan keçə bilər. İstehlak etməzdən əvvəl bol su ilə yaxşıca yumağımız vacibdir. Xüsusilə balıqlar və qabıqlı dəniz məhsulları, əgər kadmiumla çirklənmiş ərazilərdən tutulubsa, təhlükəli ola bilər.”
Asim Vəliyev onu da qeyd edir ki, siqaretin tərkibində də kadmium var. Siqaret çəkən insanlar qida vasitəsilə qəbul edilən kadmiumdan əlavə, bu toksik maddəyə daha çox məruz qalırlar:
“Bu səbəbdən yalnız qidalanma deyil, həyat tərzi də bu məsələdə həlledici rol oynayır.”
Aynurə İsmayıl
KONKRET.az