Almaniya nəhəngi “Bayern” 19 yaşlı almaniyalı hücumameylli yarımmüdafiəçisi Ariyon İbrahimoviçi yenidən icarəyə göndərib.
Arena.az bu barədə Münhen klubunun rəsmi saytına istinadən məlumat verir.
Cari mövsümün ikinci yarısını “Latsio”da icarədə keçirmiş İbrahimoviç bu dəfə icarə əsasında “Haydenhaym”da çıxış edəcək. İcarə 2025/2026-cı illər mövsümünü əhatə edəcək və məccani əsasda gerçəkləşəcək. İbrahimoviç iyul ayının 1-dən “Haydenhaym”ın ixtiyarında olacaq.
Ariyon İbrahimoviç “Bayern”in məzunudur və Münhen klubu ilə yanaşı, daha əvvəl icarə əsasında “Frozinone” və “Latsio”nun uğurları üçün çalışıb.
Cari mövsümün ikinci yarısında İbrahimoviç “Latsio” üçün məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 2 oyun keçirib.
“Bayern” üçün isə gənc futbolçu ümumilikdə 4 oyun keçirib, məhsuldar fəaliyyətə imza atmayıb.
Buna rəğmən, İbrahimoviç “Bayern”lə 3 dəfə Almaniya Bundesliqasının qalibi olub.
İbrahimoviç Almaniyanın U-16, U-17, U-18, U-19 və U-20 yığmalarına cəlb edilsə də, “bundestim”in əsas yığmasına hələ dəvət almayıb.
“Transfermarkt” interrnet portalı 19 yaşlı almaniyalı hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.