Son günlərdə həm İranda, həm də xaricdə yaşayan bir çox iranlı sosial şəbəkələrdə iki oxşar faciənin dünya mediasında fərqli işıqlandırılmasından narazılığını bildirib.
İsrailin Beerşeva şəhərindəki bir xəstəxana bombalananda, beynəlxalq xəbər kanalları bu hadisəni dərhal və geniş şəkildə işıqlandırdı.
Halbuki, bundan cəmi bir neçə gün əvvəl İranın qərbində, Kirmanşah şəhərində yerləşən bir xəstəxana da hücuma məruz qalmışdı, lakin bu hadisə dünya xəbər məkanında, demək olar ki, öz əksini tapmamışdı.
Çəkdiyin iztirabları kimsə görmür, amma dünyanın başqa yerində eyni əzab-əziyyətlə üzləşənlərin dərdini hər kəs görür və bu ədalətsizlk səni özünə dəyərsiz, rədd edilmiş hiss etdirir. Bu zaman ortaya vacib bir sual çıxır: "Niyə dünya bəzilərinin faciəsini görür, digərinkini görmür?
Bu sualın cavabı yalnız geosiyasi amillərdə deyil, həm də əlçatımlılıq, görünmə vəziyyəti və xəbərin necə idarə olunmasındadır.
İsrail medianın dilini yaxşı bilir. Onun hökuməti və hərbi qurumları xarici jurnalistlərlə işləmək üçün yaxşı qurulmuş, səliqəli bir sistem formalaşdırıblar. Hər hansı böyük bir hadisə baş verən kimi, əksəriyyəti artıq Təl-Əviv və ya Qüds/Yerusəlimdə yerləşən müxbirlər dərhal hadisə yerinə daşınır. Onlara çəkiliş aparmağa, sual verməyə, zərərçəkənlər və ya rəsmi şəxslərlə danışmağa icazə verilir.
Bu sistem sürətli, şəffaf və qlobal xəbər axını üçün xüsusi hazırlanıb.
Amma bu şərait Qəzzə üçün keçərli deyil. İsrail burada hərəkəti məhdudlaşdırır, beynəlxalq xəbər komandalarının əraziyə daxil olaraq yerində reportaj hazırlamasına icazə verilmir.
Məlumat boşluğu
Digər tərəfdəki İran isə xarici jurnalistlər üçün, demək olar ki, tamamilə qapalıdır.
Hətta ölkə daxilində olan iranlı jurnalistlər üçün də sərt senzura və ciddi məhdudiyyətlər hökm sürür.
Kirmanşahda baş verən bombardmandan sonra yayılan ilk görüntülər mobil telefonla çəkilmiş bir neçə bulanıq, qaranlıq fotodan ibarət idi. Nə brifinq oldu, nə də koordinasiyalı media çıxışı. Canlı yayımdan isə ümumiyyətlə söhbət gedə bilməzdi.
Məsələ daha dərindir.
İsraildə 24 saatlıq peyk görüntüləri, dron çəkilişləri və Təl-Əvivin səmasından canlı yayımlar adi haldır.
İran isə informasiya boşluğunda mövcuddur — əksər görüntülər sadə vətəndaşlar tərəfindən gizli çəkilir, qeyri-sabit internet üzərindən yüklənir və dərhal senzura ilə hədəfə alınır.
İran isə əsl informasiya boşluğuna düşüb – burada əksər videolar gizli şəkildə vətəndaşlar tərəfindən mobil telefonla çəkilir, qeyri-sabit internet vasitəsilə yüklənir və tez bir zamanda silinmək hədəfinə çevrilir.
Rəsmi rəqəmlərə gəlincə – məsələn, Beerşeva xəstəxanası vurulanda, İsrail hakimiyyəti dərhal yaralıların sayını açıqladı, xəstələrin vəziyyəti barədə məlumat verdi və hücumla bağlı təfərrüatlar paylaşdı.
İranda isə İsrailin ilk hava zərbələrindən, demək olar ki, iki gün sonra səhiyyə nazirliyi ümumi ölkə üzrə ilkin ölüm sayını 224 olaraq açıqladı.
O vaxtdan bəri Kirmanşahdakı xəstəxana da daxil olmaqla, ayrı-ayrı yerlərlə bağlı heç bir dəqiq məlumat və ya etibarlı yeniləmə verilməyib.
Rəsmi açıqlamaların olmadığı şəraitdə yeganə yeni məlumatlar yas içində olan ailələrin internetdə paylaşdığı uşaq, ana və digər mülki qurbanlara aid fotolardır – bütün bunlar dövlətin susqunluğundan yaranan boşluğu şəxsi hekayələrlə doldurur.
Bu yazının hazırlandığı vaxtda, İranın interneti demək olar ki, tamamilə kəsilmişdi. Hüsumlardan əvvəl ölkə kənarında açıla bilən xəbər saytları indi ya tam yüklənmir, ya da yarımçıq açılır. Dövlətə bağlı saytların çoxunda şəkillər və videolar görünmür, bəzən isə əsas səhifələr belə açılmır.
Nəticədə, eyni cür hadisənin - məsələn, bir xəstəxananın bombalanmasının - necə və harada baş verməsinə görə onun işıqlandırılmasında ciddi qeyri-bərabərlik yaranır.
İranın media üzərindəki sərt nəzarəti və ağır senzuraya məruz qalmış internet mühiti həm xarici jurnalistlərin hadisə yerindən reportaj aparmasını, həm də yerli medianın sərbəst işləməsini mümkünsüz edir.
Belə bir şəraitdə bir faciənin tam miqyasını - insan itkisini, baş verənləri və nəticələrini - göstərmək çətinləşir. Bu da İranı qlobal informasiya savaşında ciddi şəkildə zəiflədir.
Və, nəhayət, bu informasiya müharibəsində – söz və hekayələrin raketlər qədər güclü olduğu bir müstəvidə - İran, sanki öz səsini özü susdurmuş olur.