AZ

26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günüdür



Bu gün ölkəmizdə hər il böyük təntənə ilə qeyd olunur və Azərbaycan Ordusunun qəhrəmanlıq ənənələrini yaşatmaq, onun inkişafında mühüm rol oynayan şəxsləri təqdir etmək məqsədi daşıyır. Silahlı Qüvvələr Günü təkcə hərbi sahədə çalışanların deyil, bütün xalqın qürur duyduğu bir gündür. Bu günün tarixi kökləri 1918-ci ilə — Azərbaycan Xalq Cümhuriyyətinin dövrünə gedib çıxır. Həmin il 26 iyun tarixində Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk milli ordu hissələrinin yaradılmasına başlanılıb. Bu qərar Azərbaycan xalqının öz dövlətçiliyini qorumaq və müstəqilliyini təmin etmək istiqamətində atdığı mühüm addımlardan biri olmuşdur. Həmin dövrdə Nuru Paşanın komandanlığı altında fəaliyyət göstərən Qafqaz İslam Ordusunun da iştirakı ilə Bakı və digər bölgələr düşmən qüvvələrindən azad edilmişdi. Hərbi quruculuq işləri cəmi bir il davam etsə də, bu qısa müddət ərzində milli ordu quruculuğunun əsası qoyulmuşdu. 1920-ci ilin aprel işğalından sonra milli ordunun fəaliyyəti dayandırılsa da, bu ideya xalqın yaddaşından silinmədi və 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi ilə bu proses yenidən canlandı. 1991-ci ilin oktyabr ayında Azərbaycan Respublikasının Ali Soveti tərəfindən “Azərbaycan Respublikasının Müdafiəsi haqqında” Qanun qəbul edildi və ordu quruculuğu prosesi daha da sürətləndi. 1992-ci ilin may ayında Müdafiə Nazirliyinin təsis olunması ilə birlikdə Azərbaycan Ordusunun formalaşması yeni mərhələyə qədəm qoydu. 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində baş verən müharibədə ordunun gücləndirilməsi məsələsi daha da aktuallaşdı. Ordunun zəifliyi və nizamsızlığı həmin dövrdə torpaqlarımızın bir hissəsinin işğalına gətirib çıxardı. Lakin bu ağır şəraitdə belə xalqın orduya olan inamı sarsılmadı və müstəqillik illərində bu sahəyə böyük diqqət yetirilməyə başlandı. Xüsusilə, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ordu quruculuğu dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrildi. Onun rəhbərliyi ilə hərbi sahədə aparılan islahatlar, zabit heyətinin təkmilləşdirilməsi, hərbi məktəblərin yaradılması və ordunun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi və nəticədə bu gün Azərbaycan Ordusu regionun ən güclü və müasir ordularından birinə çevrilmişdir. Ordumuzda peşəkarlıq səviyyəsi yüksəlib, hərbi texnika parkı ən son texnologiyalarla təmin olunub, hərbi qulluqçuların sosial müdafiəsi xeyli yaxşılaşdırılıb. Ordumuzun gücü və qüdrəti 2020-ci ilin Vətən Müharibəsində bir daha öz təsdiqini tapdı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük müharibədə parlaq Qələbə qazandı və uzun illər işğal altında olan torpaqlarımız azad edildi. Bu zəfər təkcə hərbi uğur deyil, həm də milli qürur, xalq-ordu birliyinin və dövlətin güclü iradəsinin bariz nümunəsidir. Bu Qələbə Azərbaycan Silahlı Qüvvələrinin tarixində qızıl hərflərlə yazılan bir səhifə oldu. 44 günlük müharibə bir daha göstərdi ki, Azərbaycan Ordusu yüksək döyüş hazırlığına, dəmir iradəyə və peşəkar zabit heyətinə malikdir. Müasir dövrdə Azərbaycan Silahlı Qüvvələri regionda sülhün və təhlükəsizliyin qarantı rolunu oynayır. Ölkəmiz beynəlxalq sülhməramlı əməliyyatlarda da fəal iştirak edir. Azərbaycan hərbçiləri Kosovo, Əfqanıstan, İraq və digər bölgələrdə sülhün qorunmasında öz məsuliyyətli və peşəkar xidmətləri ilə tanınıblar. Bu, həm də ordumuzun beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir. Silahlı Qüvvələr Gününün qeyd olunması bu qəhrəmanlığın və peşəkarlığın təntənəsidir. Bu gün münasibətilə ölkənin müxtəlif bölgələrində tədbirlər keçirilir, şəhidlərin xatirəsi anılır, qazilərimizə diqqət göstərilir. Hərbi hissələrdə təntənəli mərasimlər təşkil olunur, yeni hərbi texnikalar nümayiş etdirilir, ictimaiyyətə ordu quruculuğunda görülən işlər barədə məlumat verilir. Eyni zamanda bu gün məktəblərdə, ali təhsil müəssisələrində və müxtəlif təşkilatlarda vətənpərvərlik mövzusunda tədbirlər keçirilir, gənc nəslə ordunun əhəmiyyəti, torpaq uğrunda canından keçənlərin qəhrəmanlığı aşılanır. Bu gün orduya xidmət edən hər bir zabit və əsgər öz vəzifəsini şərəflə yerinə yetirməyə çalışır. Azərbaycan gəncliyi üçün hərbi xidmət sadəcə bir borc deyil, həm də vətənə bağlılığın və vətəndaşlıq məsuliyyətinin ifadəsidir. Gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması üçün dövlət tərəfindən müxtəlif proqramlar həyata keçirilir. Ordunun möhkəmləndirilməsi məqsədilə təlim-məşq mərkəzləri, hərbi akademiyalar yaradılır, beynəlxalq təcrübədən istifadə olunur. Müasir döyüş taktikalarının mənimsənilməsi və qabaqcıl hərbi texnologiyaların tətbiqi ordumuzun döyüş qabiliyyətini daha da artırır. Silahlı Qüvvələrin qüdrəti dövlətin müstəqilliyinin, ərazi bütövlüyünün və xalqın təhlükəsizliyinin əsas təminatçısıdır. Bu qüdrətin arxasında isə xalqın birliyi, dövlətin siyasi iradəsi və hərbçilərin fədakar əməyi dayanır. Azərbaycan Ordusunun hər bir uğuru xalqımızın gələcəyinə olan inamı möhkəmləndirir, dövlətimizin suverenliyinin əbədi olacağını təsdiqləyir. Bu gün bütün azərbaycanlılar üçün qürur günüdür. Bu gün biz torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizi hörmət və minnətlə yad edirik. Onların əziz xatirəsi daim qəlbimizdə yaşayır. Azərbaycan xalqı hər zaman öz ordusunun yanında olmuşdur və bundan sonra da olacaq. Ordunun güclənməsi, müasir silahlarla təchiz olunması, hərbi təlimlərin artırılması və döyüş qabiliyyətinin daim yüksəldilməsi hər zaman dövlətin əsas prioritetlərindən biri olaraq qalacaq. Bu gün bir daha sübut olunur ki, müstəqillik yalnız siyasi və iqtisadi göstəricilərlə deyil, eyni zamanda güclü və qüdrətli orduya malik olmaqla qorunur. Azərbaycan bu baxımdan nümunəvi dövlətlərdən biridir. Ölkəmiz sülhə sadiqdir, lakin hər zaman özünü və öz torpaqlarını qorumağa hazırdır. Bu baxımdan Silahlı Qüvvələrimizin əhəmiyyəti danılmazdır. Orduya sevgi, orduya hörmət və orduya dəstək hər bir vətəndaşın borcudur. Silahlı Qüvvələr Günü bu mənəvi bağların möhkəmləndirilməsi, vətənpərvərlik ruhunun gücləndirilməsi üçün bir fürsətdir. Bu əlamətdar gündə Azərbaycan Ordusunun bütün şəxsi heyətini ürəkdən təbrik edir, onlara sülh dolu, uğurlu və təhlükəsiz xidmət arzulayırıq. Azərbaycanın üçrəngli bayrağının daim ucalarda dalğalanması naminə çalışan hər bir əsgərə, zabitə və sərkərdəyə təşəkkür edirik. Azərbaycan Ordusu daim qalib, Vətənimiz daim azad və suveren olsun.

Şəbnəm Uğurlu
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının 54 saylı ƏPT-nin sədri
Azərbaycan Respublikası Qabaqcıl Təhsil işçisi
Laçın şəhər 2 nömrəli tam orta məktəbin direktor müavini



Seçilən
8
aia.az

1Mənbələr