ain.az bildirir, Footbal-plus saytına əsaslanaraq.
Məlum olduğu kimi, Misli premyer-liqasının 2025/26 mövsümündə iştirak edəcək 12 komandadan biri “Karvan”dı. 1-ci liqada başa çatan “futbol ili”ni 3-cü pillədə tamamlayan Yevlax təmsilçisi həsrətində olduğu çempionata 16 illik həsrətdən sonra qovuşdu. Düzü, mövsümə uğurlu başlayan, ancaq “Qəbələ” və “İmişli”nin sürət yığması, öz səhlənkarlığı, bəzi hallarda isə hakimlərin səhvi səbəbindən xeyli xallar itirən komandanın elita klubları sırasına qoşulması ehtimalı az idi. Klubun imdadına AFFA İcraiyyə Komitəsinin bu il fevralın 3-də keçirilən iclasında premyer-liqada komanda sayının artırılması – 12-yə çatdırılması barədə qərar qəbul etməsi çatdı.İstənilən halda, “Karvan”ın artıq azı bir mövsüm premyer-liqada çıxış edəcəyi bəllidi. Bu o deməkdi ki, yevlaxlılar əvvəlcə başa çatan “futbol ili”nin yorğunluğundan xilas olmalı, sonra yeni mövsüm üçün qurulan planların reallaşdırılması yönündə çalışmalara start verilməlidi. Özü də mümkün qədər tez. Çünki rəqiblərin çoxu artıq iş başındadı - təlim-məşq toplanışına və heyətin formalaşdırılması prosesinə start veriblər. Belədisə, yevlaxlıların işə nə vaxt başlayacağı, komandada gözlənilən dəyişikliklər, maliyyə durumu, yay hazırlıq planı və başqa mühüm detallar ilə maraqlanmağın vaxtıdı. Odu ki, dünən baş məşqçi Kənan Kərimovla söhbət etməyi lazım bildik.- Kənan müəllim, “Karvan”ın yay hazırlıq planı bəllidimi?- Biz bir çox plan əsasında çalışmalara davam etsək də, komanda hələ istirahət edir. Ancaq bu uzun sürməyəcək. İyunun 26-dan təlim-məşq toplanışına başlayacağıq. İyulun 5-ə qədər Yevlaxda, 6-dan etibarən ya Qubada, ya da Qəbələdə olacağıq. Bu çərçivədə yoxlama oyunları olacaq. İyulun 21-də Qəbələ şəhər stadionunda “Şamaxı”, 30-da Ağsu şəhər stadionunda “İmişli” ilə qarşılaşacağıq. Yəqin ki, digər rəqiblərin adına da tezliklə aydınlıq gələcək.- Premyer-liqada çıxış edəcəyinizə əsaslansaq, komandada köklü dəyişiklər ediləcəyini proqnozlaşdırmaq çətin deyil. Axı 1-ci liqa ilə elita arasında səviyyə baxımından uçurum var... - Bəli, heyətdə 70-80 faiz dəyişiklik olacaq. Həm yerli, həm də legioner oyunçular ilə danışıq aparırıq. Təəssüf ki, hələ müqavilə imzalamaq mərhələsinə gəlib çatmamışıq. Razılıq əldə edilən oyunçular olsa, iyulun 4-nə qədər komandaya qoşulmasını təmin etməyə çalışacağıq. Məqsədimiz ötən mövsümdəki kollektivin özəyini qorumaqdı. Ancaq futbolçulardan da çox şey asılıdı. Düşərgəyə çağıracağıq. Seleksiya yoxlamalarından sonra hər birinin aqibəti bəlli olacaq. “Karvan” üçün layiqli və döyüşkən kollektiv formalaşdırmaq istəyirik. – Heyətlə bağlı ümumi plan tərtib edilibmi? Yerlilərə, yoxsa legionerlərə daha çox şans vermək niyyətindəsiz? – Bəlli məsələdi ki, qarşıdan gələn mövsümdə bütün çempionatlarda, eləcə də premyer-liqada rəqabətin səviyyəsi artacaq. Buna uyğun hərəkət etməliyik. Özlərini yaxşı tərəfdən göstərən oyunçulara şans verəcəyik. Heyətdə həm yerlilər, həm də legionerlər olacaq. İstəyirik ki, mövqe uğrunda mübarizədə qalib gələnlər meydana çıxsın. Premyer-liqada ilk mövsümümüzü keçirəcəyik. Bu səbəbdən çempionatda möhkəmlənmək niyyətindəyik.– Bilinən odu ki, klubun stadionla bağlı problemləri aradan qaldırılmayıb. Bu məsələ hazırlıq prosesinə nə dərəcədə mane ola bilər?– Bu yöndə çalışmalar davam edir. Planın birinci hissəsi məhz infrastrukturla bağlıdı. Ot örtüyünün təbii olmasının tərəfdarıyıq. Mütəxəssislər müvafiq prosedurları həyata keçirib konkret cavab verməlidi. Çünki Yevlaxın iqlimi bir qədər fərqlidi. Əsasən qızmar hava şəraiti hökm sürür. Mütəxəssislər müsbət cavab versə, ot örtüyü təbii olacaq. Qalan məsələlərlə bağlı işlər də görülür. Hər halda, çox çətin və vaxt aparan prosesdi.– Həmkarlarımdan birinin legioner limitinin ləğvi haqda qərarın ölkə futboluna, eləcə də “Karvan”a necə təsir edəcəyi haqda sualını cavablayarkən bildirmişdiz ki, hələ premyer-liqaya vəsiqə qazanmamışıq, qazananda danışarıq. Artıq bu sualı cavablamağın vaxtı çatmayıbmı?– Artıq qərar AFFA tərəfindən qəbul edilib. Buna uyğun hərəkət etməkdən başqa çarə yoxdu. Sözsüz, bu addım yerli futbolçuların karyerasına təsirsiz ötüşməyəcək. Lakin potensialı olan, gələcək vəd edən, həmçinin təcrübəli oyunçular üçün zərərli qərar olduğunu düşünmürəm. Onsuz da limitlə bağlı müəyyən məbləğlər var. Komandada legioner sayı 13-dən 15-ə qədər olsa, klub 100 min manat rüsum ödənməlidi. Məncə, premyer-liqa iştirakçılarının əksəriyyəti, daha doğrusu, maliyyə durumu güclü olmayan kollektivlər bu məbləği ödəmək əvəzinə yerli oyunçulara şans verəcək. 10 min manatla 12 legionerin olması mümkündü. Mövsümü 12 legionerlə keçirəsi deyilik ki. Təbii ki, belədə yerli oyunçulara da ehtiyac olacaq. Düşünürəm ki, heyətlərin əksəriyyətində həm də azı 12 yerli futbolçu olacaq. Hər şeyi zaman göstərəcək. – Hələ də A kateqoriyanız yoxdu. Görünür, baş məşqçi məsələsiylə bağlı Azər Məmmədovla əldə edilən anlaşma qüvvədə qalacaq. – Tezliklə bu məsələ ilə bağlı klub tərəfindən rəsmi açıqlama veriləcək. İndi o bəllidi ki, sentyabrda A kateqoriyasıyla bağlı AFFA-ya müraciət edəcəyik.KƏNAN BAHADIR
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.