AZ

“Çeşka”, “Yeşka”, “Prius” tarix olur?

2025-ci ilin yanvar-may ayları ərzində Azərbaycana ümumilikdə 789 milyon 751.8 min ABŞ dolları dəyərində 42 786 ədəd avtomobil idxal olunub. Dövlət Gömrük Komitəsinin yaydığı məlumata görə, 2024-cü ilin yanvar-may ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 20.3% və ya 7216 ədəd, dəyəri isə 21.8% və ya 141 milyon 293.8 min ABŞ dollar artıb.
Hesabat dövründə idxal olunan yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 38.6% artaraq 767 təşkil edib.

Bu, Azərbaycanda avtomobil parkının tədricən yeniləndiyini göstərir. Bakı küçələrində son illərdə daha çox yeni, texnoloji cəhətdən inkişaf etmiş, həm də ekoloji baxımdan daha təmiz avtomobillər üstünlük təşkil edir. Əvvəllər geniş yayılmış köhnə rus istehsalı “Jiquli” və ya “Volqa” kimi modellər, eləcə də 90-cı illərin və 2000-lərin əvvəlinə aid köhnə alman, yapon avtomobilləri demək olar ki, dövriyyədən çıxarılıb. “Mercedes”in “çeşka”, “yeşka” kimi klassik modellərinin sayı kəskin azalıb. "Toyota"nın “Prius” modelləri də əvvəlki qədər populyar deyil.

Bəs mütəxəssislər avtomobil parkının yenilənməsi istiqamətində hazırkı vəziyyəti necə qiymətləndirirlər?

"Son illərdə aparılan islahatlar real nəticələr verir"

“Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası” (AADA) İctimai Birliyinin İdarə Heyətinin sədri Eyyub Əliyev “Kaspi”yə açıqlamasında bildirir ki, avtomobil sektorunda son illərdə aparılan islahatlar real nəticələr verir: “Ümumilikdə, 2021-ci ildən başlayaraq ölkəmizdə avtomobil sektorunda ciddi dəyişikliklər və dövlət dəstəyi müşahidə olunur. Bu dövrdə qəbul edilən qərarlar, xüsusilə də ekoloji təmiz nəqliyyat vasitələrinə tətbiq olunan güzəştlər avtomobil parkının yenilənməsinə böyük töhfə verib. Utilizasiya prosesinin başlanması isə əhalidə anlayış formalaşdırıb ki, artıq köhnə avtomobillərin gələcəyi yoxdur və sağlam, təhlükəsiz nəqliyyat vasitələrinə ehtiyac var. Bu yanaşma da yenilənməni təşviq edən əsas amillərdəndir”.
Müasir və təhlükəsiz nəqliyyat vasitələri

E.Əliyevin qənaətincə, 2024-cü ildə müşahidə edilən digər müsbət hal ondan ibarətdir ki, artıq ikinci əl, 8-10 ildən çox yaşı olan, mühərrik həcmi böyük avtomobillərin qiymətləri ucuzlaşmaqdadır: “Məsələn, əvvəllər 1999-cu ilin “çeşka” modelini 13-14 min manata satırdılar. İndi bazar özü qiymətləri tənzimləyir və real dəyərlə satış baş verir. Əlbəttə, avtomobil parkını bir anda tamamilə yeniləmək mümkün deyil. Amma bu, mərhələli şəkildə baş verir. Xüsusilə taksi parkının yenilənməsi şəhər daxilində köhnə avtomobillərin dövriyyədən çıxmasına səbəb olub ki, bu da vacib nəticələrdəndir. Bütün bu addımlar onu göstərir ki, sektor düzgün istiqamətdə inkişaf edir və yaxın illərdə də bu islahatlar davam edəcəyi təqdirdə, avtomobil parkımız müasir və təhlükəsiz nəqliyyat vasitələrindən ibarət olacaq”.

“Tam yenilənmə qısa müddətdə baş verə bilməz”

Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev də təsdiqləyir ki, avtomobil parkının yenilənməsi istiqamətində müsbət tendensiya müşahidə olunur: “Parkın tam yenilənməsi qısa müddətdə baş verə bilməz. Bu, zaman tələb edən bir prosesdir. Amma bu sahədə müsbət tendensiya müşahidə olunur. Son illərdə ölkəyə gətirilən avtomobillərə yaş məhdudiyyətlərinin tətbiqi, eyni zamanda, ekoloji baxımdan üstün olan yeni nəsil elektrik və hibrid avtomobillərə marağın artması bu prosesə ciddi təkan verir. Bu amillər avtomobil parkının yenilənməsi istiqamətində atılan addımların nəticəsi olaraq qiymətləndirilə bilər”.

"Ekoloji baxımdan da mühüm əhəmiyyət daşıyır"

Seçilən
11
2
publika.az

3Mənbələr