Fransa yığmasının keçmiş yarımmüdafiəçisi Jerom Roten “İnter Mayami”nin 38 yaşlı argentinalı ulduzu Lionel Messi haqda söhbət açıb.
Arena.az “RMC Sports” dərgisinə istinadən məlumat verir ki, Roten “Leo”nun PSJ-də çıxış etdiyi iki illik dövr ərzində fransızlara hötmət qoymadığı qənaətindədir və müvafiq fikrinin ifadəsi zamanı istehzaya yol verdiyi də diqqətdən qaçmayıb:
“O, Çempionlar Liqasını on dəfə də qazana bilər, onun səkkiz “Qızıl top”u var. Biz heç kimik, ona görə də Messinin karyerasını müzakirə edə bilmərik. Heç kim onunla müqayisə edilə bilməz, güman ki, o, futbol tarixinin ən yaxşı oyunçusudur. Messinin sol ayağı iki Zidana bərabərdir.
Amma hamını tənqid etmək olar. Özü də iki ərzində PSJ-ni gic yerinə qoyduğun halda, o PSJ-ni ki, sənin dadına çatıb xilas etdi. Biz axı sənin Parisə nə üçün gəldiyini də bilirik. “Barselona” səni qovmuşdu, çünki sənə bu qədər pul ödəyə bilmirdi. Elə, Avropanın ixtiyari digər klubu kimi, amma dünya çempionatı ərəfəsində oynamağın gərək idi.
Sən niyə ahu-zarla şikayətlənirsən ki? Nə üçün deyirsən ki, sənə hörmət qoymayıblar və klubdan qovublar? Bəs sən kimə hörmət qoyurdun? Heç kimə. Ümumiyyətlə heç kimə. Fevarala qədər Messi bir qol belə, vura bilməmişdi. İndi Lionel o qədər qoçaqdır ki, PSJ-ni dünyanın o biri başından tənqid edir. O, orada necə şüvən salmışdı, onun ailəsi Parisdə xoşbəxt deyildi? Heç bilirsinizmi, Messi harada yaşayırdı?
Hamıdan qorunan, uşaqlar üçün şəxsi məktəbə malik 500 kvadrat metr sahəsi olan bir evdə. Orada isə özünü öz qabında hiss etməyib? Yox əşi, siz bizi buna inanmağa məcbur edə bilməzsiniz”, deyə Roten vurğulayıb.
Xatırladaq ki, Messi 2021-2023-cü illərdə PSJ-də çxış edib. Argentinalı ulduz “Barselona”dan azad agent qissmində Paris klubuna qoşulmuşdu. “Leo” Fransa nəhəngi üçün 75 oyun keçirib, 32 qol və 35 məhsuldar ötürmə ilə fərqlənib. Messi PSJ ilə Fransa Liqa 1-in (2 dəfə) və Fransa Super Kubokunun qalibi olub.
PSJ-dən azad agent qismində ayrılıb “İnter Mayami”yə qoşulduqdan sonra isə Messi hər söhbətində PSJ-dən giley-güzar etməsi, Parisdəki həyatından şikayətləri ilə diqqət çəkir. Bu məqam isə fransızlar tərəfindən xoş qarşılanmır. Əlavə edək ki, PSJ-dəki keçmiş komanda yoldaşlarından bəziləri də “Leo”ya münasibətdə futbolçunun “adam olmadığına” eyham vurublar. Məsələn, Neymar müvafiq eyhamı ilə diqqət çəkmişdi.