“Liverpul” 21 yaşlı macar sol cinah müdafiəçisi Miloş Kerkezi “Bornmut”dan tamhüquqlu əsasda “qırmızılar”ın düşərgəsinə qatıb.
Arena.az bu barədə “Liverpul”un rəsmi saytına istinadən məlumat verir.
Keçid “Liverpul”a 46,9 milyon avro məbləğ müqabilində başa gəlib. Macar futbolçu İngiltərə təmsilçisi ilə uzunmüddətli – 5 illik müqavilə imzalayıb.
Miloş Kerkez “Dyör” və “Milan”ın futbol akademiyalarında yetişib. Böyük futbolda “Dyör”lə debüt etmiş Kerkez “rossoneri”nin əsas komandası üçün oynamağa fürsət tapmayıb. Sonralar Kerkez AZ və “Bornmut”da çıxış edib.
Cari mövsümdə Kerkez “Bornmut” üçün 41 oyun keçirib, 2 qol və 6 məhsudlar ötürmə ilə fərqlənib.
Kerkez 2022-ci ilin sentyabr ayında debüt etdiyi Macarıstan yığmasının heyətində 23 oyun keçirib, 2 məhsuldar ötürmə verib.
Gənc macar futbolçu böyük futbolda hələ heç bir qənimət qazanmayıb.
Əlavə edək iki, Kerkez Avropanın ən ümidverici sol cinah müdafiəçilərindən hesab edilir.
“Transfermarkt” internet-portalı 21 yaşlı macar sol cinah müdafiəçisi Miloş Kerkezin transfer dəyərini 45 milyon avro məbləğində qiymətləndirir.