Sea Breeze

Azərbaycan Ordusu bu gün də, sabah da ölkəmiz üçün yarana biləcək istənilən hərbi maneənin aradan qaldırılmasına qadirdir!

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi düşünülmüş, məntiqli islahatlar nəticəsində Azərbaycan ordusu bu gün Qalib orduya çevrilmiş və özünün ən şərəfli dövrünü yaşamaqdadır. Hazırda Azərbaycan ordusu təkcə regionda deyil, eləcə də beynəlxalq miqyasda dünyanın ən inkişaf etmiş orduları ilə rəqabət apara biləcək gücə və maddi-texniki bazaya malikdir. Əminliklə deyə bilərik ki, Azərbaycan Ordusu qarşıya qoyduğu bütün məqsədlərinə nail olub. Şanlı Ordumuz düşməni döyüş meydanında güc yolu ilə başa salmaqla, həm də dünyaya hansı potensiala sahib olduğunu nümayiş etdirdi.

Ali Baş Komandan cənab İlham Əliyev zaman-zaman çıxışlarında qeyd edir ki, düşmən üzərində əldə olunan qələbənin səbəbkarları məhz Azərbaycan əsgəridir. Əminliklə deyə bilərik ki, Azərbaycan əsgəri bu gün də, sabah da ölkəmiz üçün yarana biləcək istənilən hərbi maneənin aradan qaldırılmasına qadirdir. Məhz bu qüdrətin sayəsində artıq beşinci ildir ki, Azərbaycanın üç rəngli bayrağı ölkəmizin bütün regionlarında dalğalanır.

Bax budur Azərbaycan ordusunun qadir olduğu güc, qüvvət. Rəhbər, Xalq və Ordu birliyi bizləri qalib, dövlətimizin sərhədlərini isə bütöv etdi. 107 il əvvəl yaranan, formalaşan ordumuz Müzəffər Prezidentimizin qayğısı nəticəsində son illər ərzində inkişafının yeni mərhələsinə qədəm qoyub. Bu gün dünya ictimaiyyəti Şanlı Azərbaycan Ordusunun, regionun ən güclü ordusunun gücünə, qüdrətinə şahidlik edir. Hərbi qüdrətinin gündən-günə artması Qalib Azərbaycan Ordusunu bölgədəki sabitliyin qarantına çevrib. Daim müdafiə qüdrətimizin artırılmasını Azərbaycan dövlətinin əsas və daxili məsələsi olduğunu önə çəkən cənab İlham Əliyevin vurğuladığı kimi, ölkəmizdə ordu quruculuğu prosesi uğurla həyata keçirilməkdədir.

Bu gün ordumuzun peşəkarlıq, döyüş qabiliyyəti, ruh yüksəkliyi yüksək səviyyədədir. 44 günlük Vətən Müharibəsi bunu bir daha təsdiqlədi. Reallıq budur ki, son illərdə artan maddi imkanlarımız hesabına ordunun maddi-texniki bazası möhkəmlənmiş, hərbçilərin yaşayış və məişət məsələlərinə, sosial müdafiəsinə diqqət artırılmışdır.

Mustafa Əliyev;
Neftçala rayonu, ehtiyatda olan hərbçi

ETX
ETX
ETX