AZ

Yaponiya Trampın Hiroşima bənzətməsinə reaksiya verdi

BAKI, TurkicWorld

ABŞ prezidenti Donald Trampın İranın nüvə obyektlərinə endirilən zərbələri Hiroşima və Naqasakiyə atılmış atom bombaları ilə müqayisə etməsi Yaponiyada ehtiyatlı münasibətlə qarşılanıb.

TurkicWorld xəbər verir ki, rəsmi Tokio nüvə silahının fəlakətli nəticələrini xatırlatsa da, Trampın bəyanatını açıq şəkildə tənqid etməyib.

ABŞ Hərbi Hava Qüvvələrinin 22 iyun gecəsi İranın Fordo, İsfahan və Natanz şəhərlərindəki nüvə obyektlərinə endirdiyi hava zərbələri fonunda Tramp bu hücumları II Dünya Müharibəsi zamanı Yaponiyaya atılan atom bombaları ilə müqayisə edib. O, NATO-nun Haaqa sammitində çıxışı zamanı bildirib ki, bu hücumlar döyüşləri dayandırıb.

“Mən Hiroşimanı misal göstərmək istəmirəm, Naqasakini də... Amma mahiyyətcə bu da eyni idi – bu, müharibəyə son qoydu”- deyə o bildirib.

Tramp, kəşfiyyat mənbələrinin hücumların İranın nüvə proqramına ciddi zərər vurmadığı haqda verdiyi məlumatları da rədd edib.

Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayasi Trampın sözlərinə cavabında bildirib ki, Yaponiya nüvə silahının törətdiyi fəlakətin bir daha baş verməməsi üçün çalışır.

“Dünyada atom bombardmanına məruz qalan yeganə ölkə kimi, Yaponiya nüvə silahının dəhşətli nəticələrinin təkrarlanmamasını vacib sayır və nüvəsiz dünya üçün səylərini davam etdirəcək”- deyə katib bildirib.

Qeyd edək ki, ABŞ-ın 33-cü prezidenti Harri Truman 1945-ci ildə nüvə silahından istifadə əmrini verdi və ABŞ qoşunları Yaponiyanın Hiroşima və Naqasaki şəhərlərinə bombalar atdı .

Seçilən
19
turkic.world

1Mənbələr