AZ

Azərbaycan Silahlı Qüvvələri milli qürur və qələbə simvoludur

Vasif Qafarov
Milli Məclisin deputatı
Tarix elmləri doktoru

107 il əvvəl – 1918-ci il iyunun 26-da Azərbaycan Cümhuriyyəti hökumətinin qərarı ilə Müsəlman korpusu “Əlahiddə Azərbaycan korpusu” adlandırıldı və Azərbaycan Ordusunun təşkilinə başlanıldı. Elə həmin gün hökumətin qəbul etdiyi digər bir qərarla Əlahiddə Azərbaycan korpusu nəzdində xüsusi tapşırıqlar üzrə general vəzifəsi təsis edildi. Azərbaycan hökuməti iyulun 3-də hərbi xidmətə çağırış yaşının müəyyən edilməsi haqqında qərar qəbul etdi, həmin qərara əsasən 19 yaşına çatmış gənclər hərbi mükəlləfiyyətli hesab olundular. Baş nazir Fətəli xan Xoyski və hökumətin hərbi işlər üzrə müvəkkili İsmayıl xan Ziyadxanovun imzaladığı 1918-ci il 11 iyul tarixli qərarla 1894-1899-cu illərdə anadan olmuş müsəlmanlar ordu sıralarına çağırıldılar. Qısa müddət ərzində Azərbaycan gənclərinin ordu sıralarına göndərilməsi təmin edildi. İstiqlaliyyəti qorumaq zərurətini dərk edən Azərbaycan gəncləri könüllü hərbi birləşmələrin tərkibinə yazılmağa başladılar və bu iş geniş vüsət aldı. Azərbaycan hökumətinin Qafqaz İslam Ordusu komandanlığı ilə birgə həyata keçirdiyi hərbi xidmətə çağırış və səfərbərlik işləri nəticəsində Azərbaycan nizami hərbi qüvvələrinin sayı 1918-ci ilin sentyabr ayında 6500-7000 nəfərə çatdırıldı. Azərbaycan Cümhuriyyəti hökuməti 1920-ci ilədək nizami hərbi qüvvələrinin sayını 40 minə çatdıra bildi. Azərbaycan Cümhuriyyətinin silahlı qüvvələri Bakının azad edilməsində, Qarabağda, Lənkəranda və ölkənin digər ərazilərində ictimai asayişin təmin edilməsində və dövlət sərhədlərinin qorunmasında üzərinə düşən missiyanın öhdəsindən layiqincə gələ bildi.
1920-ci ilin aprelində Azərbaycan Cümhuriyyətinin süqutundan sonrakı dövrdə Azərbaycan Milli Ordusu buraxıldı. Sovet dövründə Azərbaycan gəncləri çarizm dövründə olduğu kimi silahdan uzaq tutularaq əsas etibarilə tikinti batalyonlarına cəlb edilirdi. Bu tendensiya Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsinə qədər davam etdi. Ümummilli Lider Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gələndən sonra ölkədə hərbi kadrların hazırlanmasını sistemli və məqsədyönlü şəkildə təşkil etdi. Onun rəhbərliyi altında aparılan ordu quruculuğu işləri nəticəsində mütəşəkkil və qüdrətli Azərbaycan ordusunun yaradılması mümkün oldu və gələcək inkişaf üçün möhkəm zəmin formalaşdı. 1971-ci ildə Ulu Öndərin təşəbbüsü ilə görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi lisey təsis olundu. Bu məktəb ölkəmizdə hərb sənətinə marağı artırdı və azərbaycanlı zabitlərin yetişməsinə şərait yaratdı. Həmçinin, Ümummilli Liderin təşəbbüsü ilə gənclər Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində, eləcə də SSRİ-nin digər hərbi məktəblərində təhsil almağa başladılar.
Müstəqilliyimizin ilk illərində ölkəmiz müstəqilliyin itirilməsi təhlükəsi ilə üz-üzə qaldı. O dövrdə ordu quruculuğu kimi vacib və məsuliyyətli işin öhdəsindən gələ bilməyən hakimiyyətin yarıtmaz siyasəti nəticəsində nizami ordudan əsər-əlamət yox idi, müxtəlif hərbi dəstələr ayrı-ayrı qüvvələr tərəfindən idarə olunurdu. Bu xaotik vəziyyətdən istifadə edən düşmən torpaqlarımıza təcavüzünü genişləndirdi. Belə ağır vaxtda xalqın çağırışı ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev başıpozuq silahlı dəstələri ləğv etdi və nizami ordu quruculuğu prosesinə start verdi. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan münaqişəsində atəşkəs müqaviləsi imzalandıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin formalaşması daha da sürətləndi. Həyata keçirilən uğurlu siyasət nəticəsində ordunun maddi-texniki təminatı yaxşılaşdırıldı, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı və döyüş ruhu yüksəldildi. Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun rəsmi olaraq Azərbaycan Silahlı Qüvvələr Günü elan edildi və hər il bu tarix dövlət bayramı kimi qeyd olunur.
Azərbaycanın 1990-cı illərin ortalarından başlayaraq NATO ilə sıx və səmərəli əməkdaşlığı ordu quruculuğunda yeni mərhələnin başlanğıcı oldu. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşuldu. Bu əməkdaşlıq çərçivəsində 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na daxil olmaqla Silahlı Qüvvələrin modernləşdirilməsi və müasir hərbi standartlara uyğunlaşdırılması istiqamətində mühüm addımlar atıldı. Hər il 2 mindən çox Azərbaycan hərbçisi NATO proqramları və digər ikitərəfli əməkdaşlıq platformalarında iştirak edərək ən son hərbi yenilikləri mənimsədi. Bundan başqa, Azərbaycan Ordusu beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda və İraqda zəngin təcrübə qazandı. Bu təcrübə və əməkdaşlıq nəticəsində ordumuz öz standartlarını NATO standartlarına uyğunlaşdıraraq müasir, çevik və güclü orduya çevrildi.
2003-cü ildən etibarən Prezident İlham Əliyev Azərbaycan Ordusunun gücləndirilməsi, onun maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində davamlı və sistemli islahatlar həyata keçirdi və bu istiqamətdə heç nəyi əsirgəmədi. Bu da özünün nəticəsini verdi. 2016-cı il aprelin 2-də Ermənistan ordusunun təxribatlarına cavab olaraq Azərbaycan Ordusu sürətli və səmərəli əks-hücum əməliyyatı həyata keçirərək düşməni ağır məğlubiyyətə uğratdı. Bu əməliyyat nəticəsində Füzuli, Cəbrayıl və Tərtər rayonlarının işğal altında olan 2000 hektardan çox ərazisi azad edildi və minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Dördgünlük aprel döyüşləri xalqımıza yenidən qələbə sevincini yaşatdı. Aprel döyüşlərindən iki il sonra, 2018-ci ilin may ayında Azərbaycan Ordusu Günnüt əməliyyatını uğurla həyata keçirdi. Bu əməliyyat sayəsində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca strateji baxımdan əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarətinə keçdi. Nəticədə, Əlahiddə Ümumqoşun Ordunun müdafiə zolağının ön xətti dövlət sərhədi boyunca irəli çəkilərək qarşıya qoyulan əsas məqsəd uğurla yerinə yetirildi.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 2020-ci il 27 sentyabrda əks-hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində parlaq qələbə qazandı və tarixi zəfərə imza atdı. Döyüşlərdə bir addım belə geri çəkilməyən Azərbaycan Ordusu 44 gün ərzində – noyabrın 9-dək – 5 şəhər, 4 qəsəbə və təxminən 300 kəndi işğaldan azad etdi. Müharibə noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə birgə bəyanat imzalaması ilə sona çatdı. Bəyanata əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları Azərbaycana təhvil verildi. Düşmənin kapitulyasiyası Azərbaycan Ordusunun gücü və qəhrəmanlıqla dolu şücaəti sayəsində əldə edildi. Şəhidlərimizin qanı və qəhrəman əsgərlərimizin rəşadəti bütün dünyaya Azərbaycanın parlaq qələbəsini göstərdi. 2023-cü il sentyabrın 19-da Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətdilər. Bu təxribatların qarşısının alınması, üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirləri başlandı. Bu çərçivədə Ermənistan silahlı qüvvələrinin ön xətt və dərinlikdə olan mövqeləri, uzunmüddətli atəş nöqtələri, döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahlarla məhv edildi. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq tam atəşkəs razılaşması əldə olundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbiri dayandırıldı.
Prezident İlham Əliyevin hakimiyyəti dövründə ordu quruculuğu məsələləri daim diqqət mərkəzində olub. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı prioritet məsələlərdən olub. Effektiv ordu quruculuğu siyasətinin məntiqli nəticəsi olaraq Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Nüfuzlu “GlobalFirePower” mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu arasında yer alıb. Prezident İlham Əliyevin “Güclü ordu – güclü dövlət” siyasəti əsasında həyata keçirilən islahatlar nəticəsində Azərbaycan Ordusu bu gün yüksək texnologiyalarla təchiz olunmuş, peşəkar və döyüş qabiliyyəti yüksək orduya çevrilib.
26 İyun – Silahlı Qüvvələr Günü ordumuzun gücünü, xalqımızın birliyini və dövlətimizin suverenliyini simvolizə edir. Müstəqil Azərbaycanın təhlükəsizliyi və gələcəyi üçün səngərdə dayanan hərbçilərimizə borcluyuq. Azərbaycan Ordusu bizim fəxrimiz, xalqımızın qürur mənbəyidir!

Seçilən
27
1
moderator.az

2Mənbələr