FIFA “Paçuka”nın irqi təhqirə yol vermiş 39 yaşlı argentinalı mərkəz müdafiəçisi Qustavo Kabrala qarşı intizam işi açıb.
Arena.az xatırladır ki, Kabral 2025-ci il FIFA Klub Dünya Kubokunun “H” qrupunun “Real” 2-ci tur oyununda (1:3), “qaymaqlılar”ın 32 yaşlı alman mərkəz müdafiəçisi Antonio Rüdigeri irqi zəmində təhqir edib.
İspaniyanın “Mundo Deportivo” nəşri FIFA-nın adı açıqlanmayan təmsilçisinin dilindən təşkilatın müvafiq qərarını təqdim edib:
“Oyun haqda hesabatı qiymətləndirdikdən sonra, FIFA-nın İntizam Komitəsi “Paçuka”nın oyunçusu Qustavo Kabrala qarşı, onunla Antonio Rüdiger arasında yaşanmş hadisə ilə bağlı iş açıb”, – FIFA rəsmisi bildirib.
Xatırladaq ki, Rüdiger, Kabral tərəfindən irqi zəmində təhqir edildiyi haqda hakimə məlumat verdikdən sonra, görüşün braziliyalı baş hakimi Ramon Abatti oyunu müəyyən müddətə dayandırmışdı. Oyunun hesabatına hakimin müvafiq qeydləri yer alıb.
FIFA yekun qərarını tezliklə açıqlayacaq.