AZ

NATO Moskvaya qarşı yumşalır? - Tramp Rusiya əleyhinə sərt ifadələri birgə bəyanatdan çıxartdırdı


NATO-nun Haaqa sammitindən sonra yayılan birgə bəyanatda təəccüblü dəyişikliklər diqqəti çəkir. Belə ki, sammitindən sonra yayılan bəyanatda əvvəlki illərlə müqayisədə Rusiyaya qarşı daha yumşaq ifadələr işlədilib.

“The Telegraph” yazır ki, 2023 və 2024-cü il sammitlərində “Rusiyanın tammiqyaslı təcavüzü” kimi sərt təriflər yer aldığı halda, builki bəyanatda müttəfiqlərin Ukraynaya verdiyi dəstəyin “kollektiv təhlükəsizliyə töhfə verdiyi” bildirilir. Sənəddə Rusiyanın uzunmüddətli təhlükə yaratdığı vurğulansa da, əvvəlki sərt siyasi dildən daha ehtiyatlı tona üstünlük verilməsi diqqət çəkir.

Rusiya “Avro-Atlantik təhlükəsizliyə uzunmüddətli təhdid” kimi qəbul edilib. Açıqlama keçən ilki 5000 sözdən ibarət olan Vaşinqton sammiti bəyanatı ilə müqayisədə çox qısaldılıb və yalnız 400 sözlə ifadə edilib.

Mənbələr bildirir ki, bəyanatın qısa formada verilməsi ABŞ prezidenti Donald Trampı razı salmaq üçün strateji seçim olub. Ukrayna prezidenti Zelenskinin Rusiyanı qınamaq üçün israrlı tələblərinə baxmayaraq, Trampın Rusiya prezidenti Putinlə mümkün sülh danışıqlarını pozmamaq üçün sərt ifadələrin bəyanatdan çıxarılmasını istədiyi bildirilir.

Digər tərəfdən, bəyanatda Ukraynaya hərbi yardımın davam edəcəyi vurğulansa da, Kiyevin NATO-ya üzvlüyü ilə bağlı konkret addımlar və ya tarixlər qeyd olunmayıb. Müttəfiq ölkələr Ukraynaya müdafiə sənayesi töhfələrinin də NATO xərclərinə daxil ediləcəyini bəyan ediblər. Bundan əlavə, müdafiə sənayesi sahəsində əməkdaşlığın artırılması və ticarət maneələrinin azaldılması kimi qərarlar diqqət çəkib.

NATO üzvləri həmçinin, sammitdə 2035-ci ilə qədər müdafiə xərclərini mərhələli şəkildə ÜDM-in 5 faizinə çatdırmaq qərarına gəliblər. Bunun 3,5 faizinin birbaşa hərbi ehtiyaclara, 1,5 faizinin isə infrastruktur təhlükəsizliyinə, müdafiə sənayesi investisiyalarına və texnoloji yeniliklərə ayrılması planlaşdırılır. Üzv ölkələrdən hər il 5 faizlik hədəfə doğru irəliləyiş göstərən planlar təqdim etmələri tələb olunacaq. Hədəflərin 2029-cu ildə strateji şərtlərə uyğun olaraq nəzərdən keçirilməsi nəzərdə tutulur.

Digər tərəfdən, “Bloomberg”ə danışan mənbələrə görə, ABŞ prezidenti Tramp sammit zamanı qapalı iclasda müttəfiqlərinə Ukraynadakı vəziyyətin “tamamilə nəzarətdən çıxdığını” deyib. Bildirilib ki, Tramp “indi Ukrayna ilə bağlı nəsə etmək lazımdır” ifadəsini işlədib və təfərrüatlara varmasa da, bu, ABŞ-ın daha fəal rol almağa hazır olduğuna işarə kimi qəbul edilib.

TAHİR

Seçilən
26
25
baki-xeber.com

10Mənbələr