AZ

İtirdikcə böyüdük

Deyəsən, ən birinci “xlor”satan bibilər öldü. Uşaqlığın sonuncu yay tətilində, sonuncu gecəsinin səhərində daha onların səsinə oyanmadıq.

Birdən-birə hər həftəsonu məhəlləyə gələn “dəmir alan” əmilər, o köhnə, sınıq-salxaq “zapı”larını da götürüb getdilər.

Oynadığımın sonuncu gizlənpaç oyununda kimisə yenə tapmadıq, gizlənmək üçün evə girən dostumuz bir də çölə çıxmadı sanki. İlahi, görəsən, hansı gecəydi? Hansı gecə son oyunumuzu oynadıq və böyüdük, bir daha o günlərə geri qayıtmadıq?!

Qəfil oldu, bir də ayıldıq, məhəllədə görən kimi mağazaya çörək dalınca göndərən nənə-babalar da yoxdur. Daha ürəyimizdə də “öz nəvəni niyə göndərmirsən?” deyə bilmədik.

“Butulka”ları 5-10 qəpiyə alan obyektlər qəfil də bağlandı. Bütün “33”-lər, “Əfsanə”lər eləcə künc-bucaqda qaldı, qarışqalar darışdı üstünə.

Məhəlləmizin “alkaş”ı da qəfildən öldü. Qəribədir, adama elə gəlirdi, o, heç vaxt ölməyəcək.

İnternet klublar da, elə bil, yoxa çıxdı birdən, ömür “naçala” açıldı beləcə.

Ağac budağından düzəltdiyimiz “Raqatka”, “Taxta silahlar” da necə oldusa, heç kim bilmədi. Sonuncu dəfə hara qoyduq və bir daha əlimizə almadıq? O silahlardan öldürmək istədiyimiz dostlar da müharibəyə gedib qayıtmadılar. Bu dəfə, onları doğrudan vurmuşdular…

Qızlar da yerə mellə xanalar çəkib, “Klass-klass” oynamadı, güzgülər tutuldu onlar üçün, vağzalı çalındı. İlk sevdiyimiz qız da beləcə çıxıb getdi.

Sonuncu “doğruluq-cəsarət” oyunundan sonra hansısa dostumuzu itirdik. Üstəlik, heç vaxt doğruları deməmişdik onlara, bütün etiraflar yalan idi.

Məhəllədə “kubik”ləri qoyub, qapı düzəldərək futbol oynadığımız yerləri də dağıdıb, yerinə evlər, binalar tikdirlər. Heç kim oralarda xoşbəxt olmadı amma.

Küçənin başında dayanan əli təsbehli, qara paltarlı böyük oğlanlar da bığ buraxıb yoxa çıxdılar. Kimisi məhbəsə, kimisi də necəsə…

Bir də küçə-küçə düşüb, “Novruz bayramı” üçün taxta yığmadıq, papaq atmadıq, “Yeni il”-də partladanlar qulaq batırmadı.

Deyəsən, belə-belə, beləcə, itirdikcə böyüdük.

P.S. Burada yazılanların əslində necə bambaşqa bir dünya olduğunu indiki nəsil heç vaxt bilməyəcək... Təəssüflənməyə dəyərmi, dəyməzmi?- sualına cavabı isə sizə buraxıram...

Seçilən
21
vaxt.az

1Mənbələr