AZ

"8 Noyabr" gəldi - İllər öncəki “Mingəçevir fəlakəti” bir daha yaşana bilməz...


Aydın Hüseynov: “Bu stansiya ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək”

Azərbaycan güclü dövlətdir, iqtisadiyyatı da, sənayesi də intensiv inkişaf etməkdədir. Bu cürinkişaf tempi, təbii ki, enerji resursu ilə bağlıdır. Məlumdur ki, bu günlərdə Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimi keçirildi.

Prezident İlham Əliyev mərasimdə çıxışında bildirdi ki, bu stansiya enerji sistemimizin səmərəliliyini artıracaq, potensial, generasiya gücümüz artacaq, eyni zamanda, şərti yanacaq sərfiyyatı kəskin aşağı düşəcək və beləliklə, bu bizə təbii qaza qənaət etmək üçün imkan yaradacaq.

Məlumdur ki, dünyanın enerjiyə tələbi sürətlə artır. Azərbaycan bunu nəzərə alaraq öz enerji resurslarını, enerji infrastrukturlarını inkişaf etdirir. “8 Noyabr” stansiyasının açılması buna sübutdur. Xatırladaq ki, vaxtilə Mingəçevir stansiyasında qəza olmuşdu və bütün Azərbaycanda həyat sönmüşdü.Bu fəlakəti hər kəs xatırlayır. Maraqlıdır, “8 Noyabr” stansiyasının açılması Azərbaycanda bu cür enerji fəlakətlərinin təkrar olunmayacağına təminat verəcək?

“Ölkəmizin müxtəlif yerlərində yeni elektrik stansiyaları qurulub, eyni zamanda, Mingəçevirdə də yenidənqurma işləri aparılıb”

Milli Məclisin deputatı Aydın Hüseynov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycanın enerji sektorunda baş verən mühüm hadisə - Prezident İlham Əliyevin və bir sıra xarici şirkət rəhbərlərinin iştirakı ilə Mingəçevir şəhərində “8 Noyabr” Elektrik Stansiyasının açılışı bir sıra məqamları ilə əhəmiyyətlidir: “Gücü 1880 MVt olan bu stansiya Azərbaycanın müstəqillik dövründə inşa edilən ən iri elektrik enerjisi istehsal müəssisəsidir. Bu stansiya təkcə ölkənin daxili enerji tələbatının ödənilməsində deyil, həm də ixrac potensialının artırılmasında mühüm rol oynayacaq. Eyni zamanda, “Nur şəhəri” adlandırılan Mingəçevir ölkənin əsas enerji mərkəzinə çevriləcək. “8 Noyabr” Elektrik Stansiyası rekord sayılacaq müddətdə - cəmi iki il ərzində uğurla başa çatdırılıb. Bu stansiya ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək. Prezident İlham Əliyevin dediyi kimi: “Ümumilikdə bu stansiyanın yaradılması və qısa müddət ərzində bütün işlərin başa çatması ölkəmizin gücünü, potensialını, energetiklərimizin təcrübəsini, peşəkarlığını göstərir. Bu gün 8 Noyabr elektrik stansiyası ölkəmizin ən böyük elektrik stansiyasıdır”.

Millət vəkili hesab edir ki, layihənin strateji əhəmiyyəti ondan ibarətdir ki, bu stansiya təkcə ölkənin daxili enerji tələbatını deyil, həm də ixrac potensialını artıracaq, ölkəmizə yeni imkanlar qazandıracaq: “Ölkəmizin müxtəlif yerlərində yeni elektrik stansiyaları qurulub, eyni zamanda, Mingəçevirdə də yenidənqurma işləri aparılıb. Yadınızdadır, burada baş vermiş qəza nəticəsində ölkəmizin böyük hissəsi, demək olar ki, işıqsız qaldı. Ondan sonra praktiki tədbirlər görülməyə başlanmış və biz qısa müddət ərzində burada böyük uğurlara nail ola bilmişik.Son 20 ilin sosial-iqtisadi uğurlarına diqqət etsək, qazanılan uğurlar kifayət qədər çoxdur. Əlbəttə, hər bir dövlətin iqtisadiyyatı və onun sosial həyatı həmin ölkədə enerji sektorunun inkişaf səviyyəsindən asılıdır. Ölkəninenerji sistemində aparılan islahatlar, enerji istehsal edən yeni stansiyaların inşası və fəaliyyətdə olan stansiyaların modernləşdirilməsi hesabına enerji istehsalı sahəsində yüsək nəticələr əldə olunub. 2003-cü ilə qədər Azərbaycanda cəmi 10 elektrik stansiyası mövcud idisə, İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi son 20 ildə Azərbaycanda 34 yeni elektrik stansiyası tikilib istismara verilib. Bunun nəticəsidir ki, ölkəmiz elektrik enerjisini idxal edən ölkədən onu ixrac edən ölkəyə çevrilib”.

Günel CƏLİLOVA

Seçilən
3
baki-xeber.com

1Mənbələr