AZ

Yüksək Bal, Aşağı Statistika: Azərbaycan təhsili hara gedir?

“700 bal toplayan abituriyentlərin sayında ildən-ilə baş verən azalma Azərbaycan təhsil sisteminin vəziyyəti ilə bağlı mühüm siqnal kimi qəbul edilməlidir. Bu, təkcə yüksək nəticə göstərənlərin sayının azalması kimi statistik göstərici deyil, bütövlükdə məktəb təhsili, kurikulumun tətbiqi, müəllim hazırlığı və ümumilikdə tədris mühitinin keyfiyyəti ilə bağlı dərin struktur problemlərin əlamətidir. Əgər təhsil sistemi sağlam, tədris prosesi məqsədyönlü və mütəşəkkil şəkildə qurulsaydı, hər il ən azı sabit sayda yüksək bal toplayan məzun formalaşmalı idi”.

Bu fikirləri AzNews.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Qeyd edək ki, Azərbaycanda son illər 700 bal toplayan abituriyentlərin sayında azalma müşahidə olunur. Bu il keçirilən birinci cəhd blok imtahanlarının nəticələri də bu tendensiyanı təsdiqləyir. Mütəxəssislər bildirirlər ki, bu, təhsil sistemindəki keyfiyyət problemlərinə işarə edən və narahatlıq doğuran bir göstəricidir.

Təhsil eksperti bildirib ki, lakin son nəticələr bu sahədə ciddi geriləmənin olduğunu göstərir.

“2022-ci ildə ali məktəblərə qəbul imtahanlarında 700 bal toplayan abituriyentlərin sayı 15 nəfər olmuşdu. 2023-cü ildə bu göstərici 7 nəfərə enmişdi. 2024-cü ildə isə – ilk cəhd üzrə – 700 bal toplayan abituriyent qeydə alınmayıb. Bu tendensiya təkcə “imtahan çətin idi” arqumenti ilə izah oluna bilməz. Əgər bu cür imtahanlar hər il keçirilirsə və eyni meyarlara əsaslanırsa, nəticələrin bu qədər fərqli olması sistemli problemlərin göstəricisidir. Dövlət İmtahan Mərkəzinin (DİM) verdiyi məlumatlara əsasən, 400 baldan yuxarı nəticə göstərənlərin faizində də azalma müşahidə olunur. Bu, məktəb təhsili səviyyəsinin zəifliyindən tutmuş repetitor asılılığının artmasına qədər bir çox problemin göstəricisidir. Əsas səbəblərdən biri məktəblərdə tədrisin faktiki olaraq öz funksiyasını yerinə yetirə bilməməsidir. Şagirdlər məktəbə “rəsmi olaraq gedir”, amma biliyi faktiki olaraq kənar kurslardan və ya repetitorlardan alır. Bu isə məktəbin yalnız inzibati və formal funksiyaya çevrildiyini göstərir. Müəllimlər – xüsusilə də buraxılış və qəbul fənləri üzrə – ya tədrisi tam həyata keçirmir, ya da tədrisin mahiyyətini sadəcə qiymət yazmaqla tamamlayır. Həmçinin kurikulumun tətbiqində ciddi uyğunsuzluqlar var: tədris materialı çox zaman imtahan formatına uyğun deyil, məktəbdə verilən tapşırıqlar və dərslər abituriyentin qarşılaşdığı testlərlə uyğunluq təşkil etmir. Bu sistemin başqa bir problemi də tədris yükünün, dərsliklərin və metodikanın şagirdin yaş səviyyəsinə uyğun olmamasıdır. Azərbaycan məktəblərində kurikulum tədrisinin əsas problemi onun necə tətbiq edilməsindədir. Kurikulum nəzəri olaraq şagirdin bacarıqlarını inkişaf etdirməyə yönəlsə də, praktikada bu sistem çox vaxt müəllim tərəfindən anlaşılan və ya tətbiq edilən deyil. Məsələn, bacarıq əsaslı təlim deyilir, amma müəllimlərin əksəriyyəti bu bacarıqları ölçmək üçün metodik vasitələrdən istifadə etmir”.

Təhsil eksperti əlavə edib ki, bu isə nəticə etibarilə şagirdin müstəqil düşünmə, analiz etmə və tətbiqetmə bacarıqlarını məhdudlaşdırır və yalnız əzbərə əsaslanan, məhdud düşüncəli bilik formalaşdırır:

“Müəllimlərin peşəkarlıq səviyyəsi də bu azalmada birbaşa rol oynayır. Sertifikasiya imtahanlarının nəticələri göstərdi ki, məktəblərdə dərs deyən müəllimlərin bir qismi öz ixtisası üzrə belə zəif nəticə göstərir. Əgər müəllim tədris etdiyi mövzunu dərinliklə bilmir, pedaqoji yanaşma və motivasiya bacarığı yoxdursa, bu zaman nə şagirdin uğurundan danışmaq olar, nə də sistemin keyfiyyətindən. Dərs deyən, amma öyrətməyən müəllimlər, sinifdə mövcud olan, lakin faydalı olmayan tədris mühiti və idarəetmədəki məsuliyyətsizlik abituriyentin son nəticəsinə ciddi mənfi təsir göstərir. Dünya təcrübəsində yüksək nəticə göstərən abituriyentlərin sayı sistemin sağlamlığı ilə ölçülür. Məsələn, Cənubi Koreya, Finlandiya, Sinqapur kimi ölkələrdə yüksək bal toplayan şagirdlərin sayı sabitdir və bu nəticələr məktəb mühitinin güclü olması ilə birbaşa bağlıdır. Həmin ölkələrdə şagird yalnız məktəbdə aldığı təhsil ilə yüksək nəticə əldə edir. Repetitorluq ya yoxdur, ya da sistemin bir hissəsi deyil. Azərbaycan təcrübəsində isə məktəb repetitorluğun fonunda funksiyasını itirib və bu fon getdikcə dərinləşir. Abituriyent məktəbdə aldığı təhsilə güvənmir, müəllim öyrətmək əvəzinə məşğələ təşkil edir, valideyn isə övladının uğuru üçün əlavə maliyyə xərcləri ilə yüklənir. Əgər bu gedişat dəyişməzsə, gələcəkdə təkcə 700 yox, 650 və daha yüksək bal toplayan abituriyentlərin sayı da azalmağa davam edəcək. Bu isə universitetlərə daxil olanların keyfiyyətini aşağı salacaq, akademik mühitin zəifləməsinə və son nəticədə əmək bazarına savadsız kadrların daxil olmasına səbəb olacaq. Bu tendensiya Azərbaycan təhsilinin yalnız ali deyil, bütün təhsil pillələrinin tənəzzülə doğru getdiyini göstərən siqnaldır”.

Təhsil eksperti sonda vurğulayıb ki, bu reallığın dəyişməsi üçün məktəb təhsilinin əsas funksiyasına qayıdılması vacibdir:

“Müəllimlər mütləq peşəkar inkişaf proqramlarına cəlb edilməli, məktəblərdə ciddi nəzarət və motivasiya sistemi yaradılmalı, tədris kurikulumu imtahan formatları ilə uyğunlaşdırılmalı və ən əsası repetitorluğun qarşısını almaq üçün məktəblərdə real öyrənmə mühiti yaradılmalıdır. Yalnız bu halda yüksək nəticəli abituriyentlərin sayı artar və təhsil sisteminə etibar bərpa olunar. Əks halda statistikalar daha da geriləyəcək və bu geriləmə artıq təkcə rəqəmlərlə deyil, cəmiyyətin bütün gələcəyinə təsir edən reallıqla hiss olunacaq”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az

Seçilən
12
1
aznews.az

2Mənbələr