AZ

Qazaxda “Heydər Əliyev müasir Azərbaycan Ordusunun qurucusudur” mövzusunda tədbir keçirilib

İyunun 24-də Qazax Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatı və Qazax Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunmuş “Heydər Əliyev müasir Azərbaycan Ordusunun qurucusudur” mövzusunda tədbir keçirilib...

Qazax Rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, şəhid ailələri, qazilər, müharibə veteranları, ziyalılar, idarə, müəssisə və təşkilat rəhbərləri, təhsil, mədəniyyət, səhiyyə işçiləri, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin direktorları, müəllim və tələbələri, KİV nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkda abidəsini ziyarət edərək abidə önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla anıblar.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, respublikamızın ərazi bütövlüyü, ölkəmizin suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin, igid Vətən oğullarının əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Azərbaycan Ordusunun yaranma tarixinə, ötən illər ərzində şanlı ordumuzun qazandığı nailiyyətlərə, tarixi qələbələrə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova tədbiri açıq elan edərək iştirakçıları salamlayıb, təşkil olunmuş tədbirin əhəmiyyətindən söz açıb. C.Hüseynova Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyanın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbənin 5-ci ildönümünü nəzərə alınaraq Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edildiyini bildirib. O, qeyd edib ki, suverenlik və dövlətçilik müstəqil dövlətlərin varlığını və inkişafını təmin edən əsas amillərdir. Bu anlayışlar təkcə dövlətin hüquqi və siyasi əsaslarını deyil, həm də milli kimliyini və birliyini ifadə edir. Bu baxımdan tariximizin şanlı səhifəsi sayılan bu günün 107-cı ildönümünü böyük qürur hissi ilə qeyd edirik, çünki məhz milli kimliyimizin və birliyimizin, ordumuzun qüdrəti sayəsində düşmənə qalib gəldik və konstitusiyamızın ölkəmizin bütün ərazilərində qüvvəsini təmin etdik. Azərbaycan Ordusunda vahid komandanlığın təmin edilməsi, qüdrətli və nizami ordu quruculuğu prosesinin prioritet məsələ elan olunması isə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin bu istiqamətdə atdığı cəsarətli addımların nəticəsidir. Bu gün qalib, rəşadətli ordumuzun bu möhtəşəm uğurunun təməlində Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti, geniş bilik və dərin təfəkkürü dayanır. Ordu quruculuğunun səmərəliliyinə nail olunmasının başlıca şərtlərindən biri Heydər Əliyevin xalqın qüvvəsinə arxalanması, xalqla vəhdəti oldu. O, xalqın gücü qarşısında hər cür qüvvənin sönük olduğunu təsdiq etdi və öz fəaliyyətinə də ən böyük dəstəyi xalqın etibarında və etimadında gördü. Azərbaycanda ordu quruculuğunun yeni əsaslar üzərində qoyulmasının və qısa müddət ərzində yeni ordunun formalaşdırılmasının başlıca şərtlərindən biri də məhz Heydər Əliyev tərəfindən bütün xalqın bu prosesə cəlb edilməsində idi. Ölkədə mövcud olan ən müxtəlif mürəkkəbliklər arasından Heydər Əliyevin müstəsna fəaliyyəti ilə respublikanın siyasi böhran və girdabdan çıxarılması adi baxışdan inanılması bir qədər çətin olan bir möcüzəyə oxşayırdısa, ordunun böhrandan çıxarılması həmin möcüzənin təkrarı idi. Bəli, Heydər Əliyev bu sahədə də bir möcüzə yaratdı, Azərbaycan Ordusunu məhv olmaqdan, dağılmaqdan xilas etdi, qısa müddət ərzində güclü və təşkilatlanmış bir ordu yaratdı, ordu quruculuğuna münasibətdə yeni bir baxış formalaşdırdı və Azərbaycan Ordusunu da Azərbaycanın müstəqilliyinin dəyərli reallıqlarından birinə çevirdi.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə təbrik edib, səmimi ürək sözlərini bölüşüb. İcra başçısı bildirib ki, hər bir vətəndaşın Vətəninə bağlılığı milli-mənəvi dəyərlərinə, ailəsinə, bayrağına, dilinə, tarixinə, adət-ənənələrinə, dininə bağlılığı deməkdir. Bu barədə Ümummilli Lider Heydər Əliyev belə demişdir: "Vətəni qorumaq öz ana torpağını, evini, obasını, yurdunu qorumaqdır. Vətəni qorumaq öz namusunu, şərəfini qorumaqdır. Vətəni qorumaq öz atasını, anasını, balalarını, övladlarını qorumaqdır. Vətəni qorumaq Azərbaycan xalqının tarixini, mənəviyyatını, əsrlər boyu əldə etdiyi milli mədəniyyətini, milli iftixarını qorumaq deməkdir. Bu şərəfli yoldur. Bu şərəfli vəzifədir". Azərbaycan Ordusu dövlətin dayağı, xalqın güvənc yeri və qürur mənbəyidir və güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Çünki müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi və elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə də ölçülür. Azərbaycanda milli ordu quruculuğu çox çətin, mürəkkəb və ziddiyyətli mərhələlərdən keçmişdir. Bu gün artıq dünya müasir hərb sənətinə öz şərəfli imzasını atmış Azərbaycan Silahlı Qüvvələri, onun yaranma tarixi, formalaşması bütün ömrünü xalqının xoşbəxt gələcəyinə, azadlığı və müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Belə ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə qüdrətli ordu yaratmağa imkan verdi, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratdı. Güclü siyasi iradəyə, yüksək sərkərdəlik məharətinə malik dahi şəxsiyyətin ölkəmizdə ilk dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ildən başlanan tarixi mərhələ həm də Azərbaycanın güclü ordusunun formalaşdırılması üçün zəmin yaratmışdır. Təbii ki, Sovetlər Birliyi dövründə milli ordudan söz açmaq mümkün deyildi. O dövrdə azərbaycanlı gənclərin hərb elminə marağının artırılması və bunun üçün real şəraitin yaradılması, ordunun formalaşdırılması Ulu Öndərin gələcəyə hesablanmış uzaqgörən siyasətinin tərkib hissəsi idi. Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra ölkəmizdə hərbi kadrların hazırlanması prosesi geniş vüsət almışdır. Belə ki, Ümummilli Liderin təşəbbüsü ilə ötən əsrin 70-ci illərində  Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılması bu mənada mühüm əhəmiyyət daşımışdır. O zaman bu qərarı vermək böyük cəsarət tələb edirdi. Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq məktəbin yaradılmasına o vaxtkı SSRİ rəhbərliyi laqeyd yanaşa bilməzdi. Həmin dövrdə bir-birinin ardınca Moskvadan Bakıya göndərilən komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığını əsaslandırmağa çalışsalar da, Ümummilli Liderin mahir diplomatiyası və uzaqgörən siyasəti bu cəhdlərin qarşısını almışdır. Həmin məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına xidmət etmişdir. Təsadüfi deyil ki, Cəmşid Naxçıvanski adına Hərbi Məktəb Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ordu quruculuğunda əsas bazalardan birinə çevrildi. İcra başçısı bildirib ki, Ulu Öndərin bu məktəb barədə söylədiyi kimi, "Biz Cəmşid Naxçıvanski adına Hərbi Liseyin ilk bünövrə daşlarını qoyanda o bizim üçün nəzəriyyə deyildi, böyük gələcəyə, Azərbaycanın gələcəyinə baxış idi. Azərbaycanın milli zabit kadrlarının hazırlanması üçün ilk uğurlu addımları idi. Biz bu addımları atarkən düşünürdük ki, zaman gələcək, Azərbaycan xalqı öz milli azadlığına qovuşacaq, öz dövlət müstəqilliyini əldə edəcək, müstəqil Azərbaycan dövləti yaranacaq. Yarandı da. Məhz bugünkü müstəqilliyimizə görə mən bu məktəbi yaratdım, yaşatdım, böyütdüm. Bilirsiniz, sizə səmimi deyirəm, Cəmşid Naxçıvanski adına lisey mənim üçün bir övladdır. Ona öz övladım kimi baxıram və nə qədər yaşayıramsa, ona bax, bu cür baxacağam". 1993-cü ilin yayında Ümummilli Lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində də mühüm addımlar atıldı. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqqında saziş imzalandıqdan sonra Azərbaycanda ordu quruculuğu daha da sürətləndi. Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı. “Biz ordumuzu gücləndirərək, döyüş qabiliyyətini yüksəldərək, müasir silahlardan istifadə olunmasının keyfiyyətini artıraraq, dövlətimizi yüksəldəcəyik və ən əsası, Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi gününü yaxınlaşdıracağıq və Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini mütləq təmin edəcəyik”, - deyən Heydər Əliyev ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara başladı. Qısa müddətdə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırıldı. Dövlətçiliyi və hərbi andı hər şeydən uca tutan, hərbçi olmağı şərəf bilən zabitlər hərbi hissələrin rəhbərliyinə cəlb olundular. Ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı və döyüş ruhu yüksəldildi. Eyni zamanda Silahlı Qüvvələrin mükəmməl qanunvericilik bazası yaradıldı. Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq əlaqələrinin qurulması və genişlənməsi də məhz Ümummilli Liderin adı ilə bağlıdır. Bu əlaqələrin əsası 1994-cü ildə qoyulmuşdur. Belə ki, həmin il may ayının 4-də Azərbaycan Respub­likası NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramına qoşulmuşdur. Silahlı qüvvələrimizin NATO standartlarına uyğunlaşdırılması, mərkəzləşdirilmiş maddi-texniki bazasının yaradılması, hərbi təhsil sisteminin yeni prinsiplər əsasında qurulmasına əsaslı zəmin yaratmışdır. Ardıcıl həyata keçirilən tədbirlər sayəsində ordu ilə xalqın vəhdəti, orduda mərkəzləşdirilmiş komandanlıq prinsipi tam təmin edildi. Ulu Öndərin 1998-ci il mayın 22-də imzaladığı Fərmanla 1918-ci ildə Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edildi. Ümummilli Lider Heydər Əliyev bu fərmanı ilə tarixi həqiqətin və Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpası istiqamətində çox gərəkli bir addım atdı. 1998-ci il iyunun 25-də Azərbaycan Ordusunun yaradılmasının 80 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimində Ulu Öndər bu barədə demişdir: "Biz 26 iyun gününü bayram elan etmişik. Bu, tam əsaslıdır, məqsədəuyğun, qanunauyğundur. Çünki 80 il bundan öncə məhz bu gün Azərbaycan Xalq Cümhuriyyətinin - ölkəmizin müstəqilliyinin elan edilməsi, müstəqil Azərbaycanı qurub-yaradan, hələ Gəncədə fəaliyyət göstərən hökumətin ilk addımlarından biri Azərbaycanın Milli Ordusunun yaranması haqqında verdiyi qərar olmuşdur. Biz həmin qərara, addıma böyük hörmət əlaməti olaraq 26 iyun gününü Azərbaycanın Silahlı Qüvvələri, ordusu günü elan etmişik". Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə Ulu Öndərin 17 avqust 2002-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə yardım Fondu yaradıldı. Eyni zamanda, “Silahlı Qüvvələr haqqında”, “Hərbi xidmət haqqında”, “Müdafiə haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” Qanunlar qəbul edildi. Rayon rəhbəri vurğulayıb ki, Ulu Öndərin çıxışlarında dediyi kimi, “Ordu olmalıdır, ona görə yox ki, biz hansısa bir dövlətə hücum etmək, kiminsə torpağını zəbt etmək istəyirik. Yox. Biz sülhsevər dövlətik. Biz heç kəsin torpağına göz dikməmişik. Biz öz torpaqlarımızı azad etmək, ölkəmizin ərazi bütövlüyünü, sərhədlərimizin toxunulmazlığını təmin etmək istəyirik. Azərbaycan xalqının ali məqsədi bundan ibarətdir. Azərbaycan dövlətinin apardığı siyasət, əməli fəaliyyət bundan ibarətdir. Bunun üçün və gələcəkdə dövlət müstəqilliyimizi qoruyub saxlamaq üçün güclü ordumuz olmalıdır. Biz ordu quruculuğu işi ilə məşğul oluruq... Azərbaycanın müstəqilliyini əbədi etmək üçün güclü və daim təkmilləşən, güclənən milli ordumuz olmalıdır. Bu, bizim müqəddəs vəzifəmizdir, hər bir kəsin şərəfli vəzifəsidir”. Ulu Öndər Heydər Əliyev tərəfindən 1993-cü ildə başladılan ordu sahəsində aparılan islahatlar bu gün Prezident, MüzəffərAli Baş Komandan İlham Əliyev tərəfindən də uğurla davam etdirilməkdədir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilən həmin siyasət indi Azərbaycan Ordusunun yalnız bölgədə deyil, bütünlükdə dünyanın ən müasir orduları arasında yer tutmasına imkan vermişdir. Bunun nəticəsidir ki, Azərbaycan Ordusu 2020-ci ilin 27 sentyabrında başlayan İkinci Qarabağ müharibəsində, 44 günlük haqq savaşında tarixi zəfər qazandı. Bu qələbənin baş memarı isə illər öncə güclü Azərbaycan Ordusunun əsasını qoyan Ümummilli Lider Heydər Əliyevdir. Bu gün fəxrlə deyə bilərik ki, uzaqgörən tarixi şəxsiyyətin hələ 2002-ci ildə dediyi “Bizim ordumuz güclüdür. Ordumuzun gücü günü-gündən artır. Ölkəmizin gözəl gələcəyi var. Azərbaycan xalqı, Azərbaycan dövləti işğal olunmuş torpaqları mütləq azad edəcəkdir” fikri real həyat həqiqətinə çevrildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, “Dərsini verdik. Öz bayrağımızı ucaltdıq Şuşada və bütün başqa şəhər və rayonlarımızda. Hər kəs gücümüzü gördü. Hər kəs qüdrətimizi gördü, iradəmizi gördü. Bundan sonra Azərbaycan yalnız inkişaf, tərəqqi yolu ilə gedəcək. Bundan sonra da biz ordu quruculuğu işində əməli addımlar atacağıq, ordumuzu daha da gücləndirəcəyik. Bu, tarixi Qələbədir. Bu Qələbə Azərbaycan tarixində əbədi qalacaq, şanlı Qələbə kimi!”. İcra başçısı bu gün özünü qalib ölkənin vətəndaşı hesab edən hər bir azərbaycanlının Müzəffər Ali Baş Komandanla, ordumuzun əsgər və zabitləri, hərbçiləri, Vətən uğrunda canından keçən qəhrəman oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə fəxr edib, qürur duyduğunu söyləyib. Rayon rəhbəri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin səsləndirdiyi “Bu gün bizim ordumuz dünya miqyasında güclü ordular sırasındadır. Biz bütün dünyaya göstərmişik ki, yenilməz xalq Azərbaycan xalqıdır, müzəffər ordu Azərbaycan Ordusudur. Erməni mifini məhv etdik, erməni uydurmalarını məhv etdik, onları yerinə oturtduq, onlar bizim qabağımızda diz çöküblər və onlar bundan sonra bu damğa ilə yaşayacaqlar. Biz isə bundan sonra qürur hissi ilə yaşayacağıq - müzəffər xalq kimi, güclü dövlət kimi, yenilməz ordu kimi, güclü iradə sahibi kimi” sözlərini bu gün də qürurla xatırladığımızı dilə gətirib. Hərb tariximizə böyük Qələbəni yazdıran, canlarından keçərək Şəhidlik zirvəsinə yüksələn bütün şəhidlərimizin ruhu qarşısında baş əydiyimizi, onlara və ailələrinə bir ömür boyu borclu və minnətdar olduğumuzu bir daha vurğulayıb.

YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev çıxış edərək bildirib ki, bu gün Azərbaycan Ordusu yaradılmasının 107 illiyini böyük qürur hissi ilə qeyd edir. Ordu Azərbaycanın müstəqilliyinin atributudur və ona görə bu proses davamlı bir prosesdir. Azərbaycan Ordusunun hazırkı səviyyəsi ordu quruculuğu sahəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən müəyyənləşdirilən ordu quruculuğu siyasətinin tamamilə doğru olduğunu bir daha sübut edir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilən həmin siyasət indi Azərbaycan Ordusunun yalnız bölgədə deyil, bütünlükdə dünyanın ən müasir orduları arasında yer tutmasına imkan vermişdir. Təsadüfi deyil ki, Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycan Ordusu indi dünyanın ən güclü orduları sırasında özünə yer alıb və xalqımız sübut etdi ki, məqamı yetişən anda bu ordu öz sözünü deməyi bacardı. Dövlətimiz ildən-ilə güclənərək, inkişafının yüksək tərəqqi ilə xarakterizə olunan, keyfiyyətcə yeni dövrünü yaşayır. Hazırda işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi qarşıda duran ən mühüm və prioritet vəzifələrdəndir. Həyata keçirilən bütün bərpa və yenidənqurma işləri Azərbaycan Respublikası ərazisinin vahidliyi, toxunulmazlığı və bölünməzliyi ilə bağlı konstitusiya prinsipinin təmin edilməsinin daha bir əyani göstəricisidir. Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi ilə suveren və bütöv Azərbaycanı yeni dövrdə inkişafının mühüm mərhələsi gözləyir. Dövlətimiz və xalqımız tarixi nailiyyətlərə imza atmaqda davam edəcək, Azərbaycan Ordusu dövlətin dayağı, xalqın güvənc yeri və qürur mənbəyidir. Silahlı Qüvvələrimizin kompleks inkişafı və modernləşdirilməsi ilə bağlı son 22 ildə İlham Əliyevin xüsusi diqqəti altında həyata keçirilən hərbi siyasətin səmərəliliyi döyüş meydanında təcəssümünü tapdı. Ulu Öndərin fiziki yoxluğu dövründə ölkəsini, millətini düşünüb, müstəqilliyimizin əbədi olması uğrunda qətiyyətlə mübarizə apara biləcək yeganə Lider Prezident İlham Əliyevdir. Bütün bunlar isə Heydər Əliyev uzaqgörənliyinin, Heydər Əliyev zəkasının və Heydər Əliyev nurunun bizə tərəf saçılan əbədi şölələridir!

Bakı Dövlət Universitetinin Qazax filialında İctimai və təbiət fənləri kafedrasının baş müəllimi, Pedaqogika üzrə Fəlsəfə doktoru Mübariz Süleymanov çıxış edərək silahlı qüvvələrimizin yaranma tarixindən danışıb. M.Süleymanov bildirib ki, ordu ölkənin suverenliyini və ərazi bütövlüyünü təmin edən əsas qüvvə və dövlət quruculuğunun mühüm tərkib hissəsidir. Azərbaycanda güclü ordunun yaradılması həmişə diqqət mərkəzində olmuşdur. 1918-ci il mayın 28-də öz istiqlaliyyətini elan edən Azərbaycan Xalq Cümhuriyyəti ilk gündən Silahlı Qüvvələrin təşkilinə başlamışdı. O zaman yeni yaradılacaq ordunun əsasını Müsəlman korpusu təşkil edirdi. Həmin korpus azərbaycanlılardan ibarət idi. Korpusun komandiri vəzifəsinə general-leytenant Əliağa Şıxlinski təyin edilmişdi. Nazirliyin rəhbərliyi hərbi xidmətin təşkilinin hüquqi əsasda nizamlanmasına xüsusi diqqət yetirdi. Ordunun qanunvericilik bazasını qısa müddətdə işləyib hazırlamaq mümkün olmadığı üçün hərbi nazirin 1919-cu ilin əvvəlində imzaladığı əmrlə keçmiş rus imperiyasında qəbul edilmiş hərbi qanunvericilik aktları müvəqqəti olaraq qüvvədə saxlanıldı. Azərbaycan dili orduda dövlət dili kimi qəbul edildi. Qeyri-azərbaycanlı zabitlərdən bir ay müddətində, heç olmasa, komanda sözlərini Azərbaycan dilində öyrənmək tələb olunurdu. Hərbi qulluqçuların geyim formasında milli üsluba uyğun dəyişikliklər edildi. Hərbi Nazirlik bütün bu təşkilati işləri həyata keçirməklə 1919-cu ilin sonlarında Azərbaycan Ordusunun şəxsi heyətinin sayını 40 min nəfərə çatdırmağı nəzərdə tuturdu. Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusu 23 ay ərzində həm çətin, həm də şərəfli döyüş yolu keçmişdir.

Vətən müharibəsi şəhidi, ölkə başçısının müvafiq Sərəncamlarına əsasən ölümündən sonra ”Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş  gizir Sərxan Abdullayevin atası, keçmiş hərbçi, Birinci Qarabağ  müharibəsi veteranı Elxan Abdullayev çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu sahəsində həyata keçirilən siyasət qısa vaxtda Azərbaycan Ordusunu Cənubi Qafqazın ən güclü ordusuna çevirdi. Azərbaycan 44 gün ərzində öz gücünü bütün dünyaya göstərdi. Ordumuzun İkinci Qarabağ müharibəsində qazandığı şanlı qələbənin əsasında əsgər və zabitlərimizin qəhrəmanlığı və vətənpərvərliyi dayanır. Vətən müharibəsində şanlı qələbə xalqımızın igid övladlarının qanı-canı bahasına qazanılıb. Döyüşlərdə iştirak etmiş on minlərlə hərbçi Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla orden, medal və fəxri adlarla təltif olunub. Ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin ailələrinə, əlillərə və müharibə veteranlarına yüksək diqqət və qayğı göstərilməsi hər zaman dövlət siyasətinin prioritet məsələsidir. Şəhid ailələri, hərbi əməliyyatlar zamanı sağlamlığını itirən döyüşçülərimiz və müharibə veteranları daim dövlətimiz tərəfindən diqqət mərkəzində saxlanılır.

Vətən müharibəsi şəhidi, ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuş baş leytenant Xaliddin Nəsibovun atası Vaqif Nəsibov çıxış edərək bildirib ki, dövlətin müstəqilliyi onun ordusunun gücündən bilavasitə asılıdır. Ordunun gücü dövlətin iqtisadiyyatıyla, dövlətin gücü ordunun qüdrətiylə, qüdrəti gücüylə müəyyənləşdirilir. Ordu iqtisadiyyatı dinamik inkişafda olan dövlət üçün prioritetdirsə, güclü olur. Respublika Prezidenti İlham Əliyev fəxrlə bildirir ki, "Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var". Bu gün ordumuzun 107 illiyini böyük fəxarət və qürurla qeyd edirik. Prezidenti İlham Əliyev azərbaycanlı olmasıyla həmişə qürurlanan, çağdaş Azərbaycan dövlətçiliyinin memarı olan dahi şəxsiyyət Heydər Əliyevin ordu quruculuğu siyasətini də uğurla davam etdirdi, Azərbaycan Ordusu ən müasir, yeni texnikalarla, qurğularla təchiz olundu, hərbi təhsil sistemi bu baxımdan təkmilləşdirildi. Azərbaycanda ordu quruculuğu dövlət səviyyəsində, dövlətin yaxından iştirakı və qayğısı ilə bu gün də aparılmaqdadır. Bu iş şəxsən Azərbaycan Respublikasının Prezidenti, Silahli Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi və nəzarəti altında həyata keçirilir. Dünyanın inkişaf etmiş ölkələrinin hərbi quruculuq təcrübəsi öyrənilir və müasir tələblərə cavab verən ordu yaratmaq istiqamətində işlər aparılır. Azərbaycan Ordusu yeni inkişaf mərhələsinə qədəm qoyub və yüksək hərbi intizamın saxlanılması üçün müvafiq tədbirlər görülərək islahatlar aparılmaqdadır.

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının sədri Xasay Balayev çıxış edərək bildirib ki, ordu dövlətin suverenliyi və ərazi bütövlüyünü təmin etmək üçün əsas qüvvə olaraq dövlət quruculuğunun tərkib hissələrindən biridir. Hələ sovet dönəmində Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi sayəsində Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması ilə gələcəkdə müstəqil Azərbaycanın Milli Ordusunun formalaşması üçün kadr probleminin həlli yolunda mühüm addım atıldı. Azərbaycanın zəngin dövlətçilik tarixində güclü ordunun yaradılması hər zaman prioritet məsələlərdən olub. Müasir Azərbaycan dövlət müstəqilliyinin bərpasına 1991-ci ildə nail olsa da, vahid komandanlığa əsaslanan nizami və mütəşəkkil, ən əsası müstəqilliyimizə və dövlətçiliyimizə qarşı yarana biləcək hər hansı təhdidin qarşısını almağa qadir ordunun yaradılması Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra  apardığı məqsədyönlü və qətiyyətli siyasət nəticəsində Milli Ordu formalaşdırıldı, Azərbaycanın nizami Silahlı Qüvvələrinin yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlər görüldü, orduda kütləvi fərarilik hallarına son qoyuldu, hərbi intizam möhkəmləndirildi. Bu gün Azərbaycanın suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü qorumağa tam qadir olan orduya malik olması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətlərdən biri sayıla bilər.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Cavanşir Rüstəm çıxış edərək 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə xalqımızı və tədbir iştirakçılarını təbrik edib, səmimi ürək sözlərini bölüşüb. C.Rüstəm bildirib ki, dövlət quruculuğunun bütün sahələrində olduğu kimi, ordu quruculuğu sahəsində də incə siyasət yeridilməsində Heydər Əliyevin şəxsi keyfiyyətlərini qiymətləndirməmək olmaz. Heydər Əliyev Bakıya dəvət olunanda  Azərbaycan Ordusunda ağır böhran mövcud olmasına baxmayaraq  Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev məhz belə bir şəraitdə ordumuzu addım-addım bu dərin böhrandan çıxarmağı bacardı və tarix üçün kifayət qədər qısa bir zamandan sonra Azərbaycanın hərbi təhlükəsizliyinin təmin edilməsi üçün real qüvvələri formalaşdıra bildi. Tədbirin sonunda şair özünün qələmə aldığı Ulu Öndərə, Vətənə və şanlı Azərbaycan Ordusuna həsr etdiyi şeirlərini səsləndirərək təbriklərini çatdırıb.

Poliqon.info

Seçilən
4
poliqon.info

1Mənbələr