
Xəbər verdiyimiz kimi, Ermənistanda “Müqəddəs mübarizə” hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan və onun tərəfdarlarının terror aktları törətmək və konstitusiyaya zidd yollarla hakimiyyəti ələ keçirmək niyyətində şübhəli bilinmələri ilə bağlı əməliyyat həyata keçirilib.
Yeniavaz.com “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, Ermənistanın İstintaq Komitəsi bununla bağlı 90-dan çox axtarış aparıldığını, 14 nəfərin saxlanıldığını bildirib.
İstintaq Komitəsinin məlumatına görə, axtarışlar zamanı silah və döyüş sursatları, fəaliyyət planları, plana cəlb edilənlərin siyahıları, metal əşyalar, fişənglər, tüstü bombaları, hərbi texnika, radiorabitə vasitələri, pilotsuz uçuş aparatları, narkotik maddələrə bənzəyən bitki maddələri kimi əşya və sənədlər aşkar edilib.
Həmçinin, axtarışlar zamanı çevrilişdən sonra dövlət vəzifələrinə təyin olunmaları planlaşdırılan şəxslərin siyahıları tapılıb.
İşə nəzarət edən prokuror müstəntiqin vəsatəti əsasında 16 nəfər barəsində cinayət işinin başlanması barədə qərar qəbul edib, onlardan 14-ü saxlanılıb.
Qeyd edək ki, bu gün səhər saatlarından Ermənistanın hüquq-mühafizə orqanları müxalif “Müqəddəs Mübarizə” hərəkatının tərəfdarlarının evlərində axtarışlar aparıb. Aparılan axtarışlar və həyata keçirilən əməliyyatlar çərçivəsində hakimiyyəti zorla ələ keçirməyə yönəlmiş hərəkətlərdə şübhəli bilinən hərəkat rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan da saxlanılıb.