Ermənistanın Baş naziri Nikol Paşinyan, “kriminal-oliqarxik ruhani sinfin” hakimiyyəti zorla ələ keçirməyə çalışdığını və bu planın təhlükəsizlik qüvvələri tərəfindən uğurla qarşısının alındığını açıqlayıb.
Sherg.az xəbər verir ki, Paşinyan, Baş yepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi qrupun 2024-cü ilin noyabrından etibarən çevriliş planı hazırladığını bildirib. Onun sözlərinə görə, bu qrupda əsasən keçmiş hərbçilər və polis əməkdaşlarından ibarət "hücum dəstələri" yaradılıb.
Baş nazir bildirib ki, “Ermənistan Respublikasını qeyri-sabitləşdirmək və hakimiyyəti zorla ələ keçirmək məqsədi daşıyan xain plan” ifşa edilib və qarşısı alınıb.
Dini mübahisə və şəxsi ittihamlar
Paşinyan, dini lider II Qareginin sözçüsünün özünə qarşı "sünnətli" ifadəsini işlədərək hörmətsizlik etdiyini bildirib və bu iddianın yalan olduğunu deyib. Eyni zamanda, Qareginin subaylıq andını pozub-pozmaması və övladının olub-olmaması məsələsində cavab verməli olduğunu deyib.
Qalstanyan saxlanılıb, 14 nəfər həbsdə
Baş yepiskop Baqrat Qalstanyan "dövlət çevrilişi planlaşdırmaq" ittihamı ilə saxlanılıb. Təhlükəsizlik Xidməti onun evində axtarış aparıb və bir çox sübutlar götürülüb.
Ermənistan İstintaq Komitəsi, bu iş üzrə ümumilikdə 14 nəfərin saxlanıldığını açıqlayıb.
Qeyd edək ki, 2024-cü il mayın 4-də Ermənistan Kilsəsinin təşəbbüsü ilə Tavuş və Şirak bölgələrindən İrəvana yürüş keçirilmiş və ölkə boyu hökumət əleyhinə aksiyalar olmuşdu. Paşinyan isə dəyişikliklərin yalnız seçki yolu ilə mümkün olduğunu bildirmişdi.