NATO-nun Haaqa sammitinin təşkilatçıları ABŞ və Ukrayna prezidentləri Donald Trampla Volodimir Zelenski arasında görüş ehtimalını azaltmaq üçün səy göstərirlər.
Bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.
Nəşr bunun Tramp və Zelenski arasında münaqişə yarana biləcəyi ehtimalı səbəbindən baş verdiyini yazıb.
Politoloq Turab Rzayev Sherg.az-a bildirib ki, Tramp və Zelenskinin müharibəyə yanaşmaları tamamilə fərqlidir:

"Tramp hesab edir ki, bu münaqişə gərəksizdir, mənasız şəkildə uzanır və artıq başa çatmalıdır. Zelenski isə əksinə, ABŞ-ın bu müharibəyə müdaxilə etməsini və Ukraynaya dəstək göstərməsini istəyir. O, hərbi texnikaların göndərilməsini, davamlı və uzaqmənzilli vasitələrin təmin edilməsini, eyni zamanda ABŞ-ın Rusiyaya qarşı Ukraynaya qəti şəkildə dəstək göstərməsini tələb edir. Bu məsələdə baxış fərqləri yaranır. Digər fikir ayrılığı isə ABŞ-ın maddi yardımları ilə bağlıdır.
Tramp bəlkə də düşünür ki, artıq ABŞ xalqının vergiləri ilə formalaşan büdcə Ukraynaya deyil, məhz ölkə daxilində xalqın ehtiyaclarına xərclənməlidir. O, həmçinin yardımların əvəzli şəkildə davam etməsini və bunun üçün zəmanətlərin verilməsini tələb edə bilər. Bu nöqtədə də tərəflər arasında fikir ayrılığı mövcuddur.
Digər tərəfdən, ABŞ indiyədək göstərdiyi yardımların necə geri ödəniləcəyi, hansı formada təminat veriləcəyi və gələcəkdə Ukraynanın ən azından təbii ehtiyatlarla bu yardımlara qarşılıq verməsi məsələlərini gündəmə gətirir. Ukrayna isə bu məsələdə fərqli mövqe tutur. Beləliklə, bir neçə istiqamətdə tərəflərin mövqeləri üst-üstə düşmür və bu da gələcəkdə mübahisə yaranması ehtimalını artırır".
Politoloqun sözlərinə görə, Tramp şəxsi məsələlərə qarşı olduqca həssasdır:
"Əvvəlki dövrdə baş vermiş münaqişədə onun ünvanına edilən təhqirlər və Zelenskinin tənqidləri nəticədə Trampın Ukraynaya qarşı sərt mövqe tutmasına səbəb olmuşdu. Zelenski də bilir ki, Avropa liderləri ilə münasibətləri yaxşı olsa da, ABŞ-dakı siyasi gedişata uyğun davranmaq məcburiyyətindədir. Onlar çalışırlar ki, əgər Zelenski tərəfindən atılacaq yeni bir addım olarsa, bu Tramp tərəfindən daha çox qıcıqla qarşılanmasın. Əks halda bu, həm Ukraynaya, həm də Avropa İttifaqının dəstəyinə mənfi təsir edə bilər. Bunu önləməyə çalışırlar".