AZ

ABŞ səfirliyi tədbiri təxirə saldı: Gərgin regionda diplomatik çeviklik və Azərbaycanın rolu

“Diplomatik təcrübəyə əsasən, hər bir ölkənin digər dövlətə akkreditə olunmuş diplomatik nümayəndəliyinin təhlükəsizliyini ev sahibi ölkə təmin etməlidir. Bu baxımdan, ABŞ-ın Azərbaycandakı səfirliyinin təhlükəsizliyinə cavabdeh tərəf məhz Azərbaycandır. Azərbaycan isə bu məsuliyyəti uzun illərdir ki, yüksək peşəkarlıqla və etibarlılıqla həyata keçirir. İndiyə qədər ölkədə fəaliyyət göstərən diplomatik missiyalara qarşı ciddi təhlükəsizlik problemi müşahidə edilməyib. Lakin məsələnin həssas tərəfi ABŞ və İran arasında son günlərdə yaşanan gərginliklə bağlıdır”.

Bu fikirləri AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Xatırladaq ki, ABŞ-ın Bakıdakı səfirliyində iyunun 27-nə planlaşdırılan Amerikanın Müstəqillik Günü münasibətilə qəbul mərasimi təhlükəsizlik səbəbilə təxirə salınıb. Diplomatik nümayəndəlikdən dəvət olunan şəxslərə göndərilən rəsmi məktubda qeyd edilir ki, bu qərar regionda mövcud gərginlik fonunda ehtiyat tədbiri olaraq qəbul edilib. Bu addım, Cənubi Qafqaz və Yaxın Şərqdə artan siyasi və hərbi risklərin, xüsusilə də ABŞ–İran münasibətlərindəki son gərginliyin diplomatik sahəyə necə təsir etdiyini bir daha nümayiş etdirir.

Deputatın sözlərinə görə, ABŞ və İran arasında uzun müddətdir davam edən gərgin münasibətlər son iki gün ərzində baş verən hadisə ilə daha da kəskinləşib.

“Belə kontekstdə, ABŞ-ın Azərbaycandakı səfirliyinin əlavə təhlükəsizlik tədbirləri görməsi, yaxud müvəqqəti qərarlarla çıxış etməsi, bu regional və beynəlxalq proseslərə verdiyi reaksiyanın tərkib hissəsi kimi dəyərləndirilə bilər. Bu yanaşma ABŞ-ın ehtiyatlı diplomatik strategiyasından xəbər verir: səfirlik yalnız yerli təhlükəsizliklə bağlı deyil, eyni zamanda regional risk faktorlarını da nəzərə alaraq qərar qəbul edir. Azərbaycanın bu məsələdəki mövqeyi isə aydındır – ölkə öz ərazisində fəaliyyət göstərən bütün diplomatik nümayəndəliklərin təhlükəsizliyini təmin etməyə tam hazırdır. Müvafiq qurumlar vəziyyəti daima izləyir və baş verə biləcək istənilən riski önləmək üçün lazımi səviyyədə ayıq-sayıqdır. Nəticə etibarilə, ABŞ səfirliyinin atdığı addım regional gərginlik fonunda preventiv tədbir kimi görünür, lakin Azərbaycanın təhlükəsizlik təminatında zəiflik yoxdur. Əksinə, bu vəziyyət Azərbaycanın diplomatik nüfuzuna və təhlükəsizlik infrastrukturuna olan beynəlxalq etimadı bir daha önə çıxarır”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az

Seçilən
3
aznews.az

1Mənbələr