""8 Noyabr" Elektrik Stansiyasının açılışı enerji təhlükəsizliyimizin təminatçısı kimi çox mühüm, böyük hadisədir. "8 Noyabr" yeni tipli elektrik stansiyasıdır və kifayət qədər yüksək səmərəliliyə malikdir. Müxtəlif baza mənbələrdən — həm qaz, həm də dizellə çalışa bilir. Nəinki paytaxt Bakıya, həm də Qarabağ, Şərqi Zəngəzur bölgəsinə də bu sistem inteqrasiya olunacaq, enerji təhlükəsizliyinin təminatçısına çevriləcək".
Bu sözləri Pravda.az-a açıqlamasında iqtisadçı Emin Qəribli deyib.
O bildirib ki, gələcəkdə enerji sahəsində ixrac potensialımızı da artıra bilərik: "Cənab Prezident İlham Əliyev də bu məsələyə toxundu. 2020-ci ildə idxalçıdan ixracçıya çevrildik. Məhz "8 Noyabr" kimi böyük elektrik stansiyalarının tikilməsi gələcəkdə həm asılılığımızı aradan qaldıracaq, həm də tam əksinə, ixrac potensialımızı yüksəldəcək. Köhnə elektrik stansiyaların müasir tipli elektrik stansiyaları ilə yenilənməsi yeni texnologiyaların tətbiqini artırır, köhnələrdən asılılığı aradan qaldrır. Məhz enerji ölkəsi olaraq bu kimi hadisələr bizim üçün çox vacibdir, əlamətdardır".
Aytəkin Qardaşova