Tramp administrasiyası əcnəbi tələbələrin qəbulu ilə bağlı fikir ayrılıqlarını həll etmək üçün Harvard Universiteti ilə danışıqları sürətləndirir.
Musavat.com “The Washington Post”un Ağ Evdəki mənbələrə istinadən yaydığı məlumata istinadən xəbər verir ki, hakimiyyət iyunun sonuna kimi Harvardla müqavilə bağlamaq niyyətindədir. Ağ Ev ümid edir ki, sazişlər “digər ali təhsil müəssisələri ilə müqavilələrə əsas yaratmaq” üçün kifayət qədər rezonans doğuracaq.
Eyni zamanda universitetə yaxın mənbə qəzetə bildirib ki, Harvard ABŞ Konstitusiyasına Birinci Düzəlişin təmin etdiyi dəyər və hüquqları güzəştə getməyəcək.
Qeyd edək ki, Tramp və onun administrasiyasının nümayəndələri dəfələrlə Harvard və digər nüfuzlu Amerika universitetləri ilə bağlı tənqidi açıqlamalar veriblər. ABŞ Səhiyyə və İnsan Xidmətləri Nazirliyi Harvard üçün nəzərdə tutulan 60 milyon dollar federal qrantı ləğv edib. Buna səbəb kimi universitetin antisemitizm, etnik və irqi ayrı-seçkilik problemlərini həll edə bilmədiyi göstərilib. Ağ Ev həmçinin Harvardın xarici ölkələrdən tələbə qəbulu icazəsini də dayandırıb.
Buna cavab olaraq universitet Boston federal məhkəməsində iddia qaldırıb. May ayında məhkəmə universitetin vəsatətini təmin edib və hökumətə Harvardın xarici tələbələrin qəbulunu məhdudlaşdırmağı qadağan edib. Sərəncam hökumətin Harvardın sertifikatını ləğv etməsinə mane olur və bu, universitetə ABŞ-da təhsil almaq üçün əcnəbi tələbələri qəbul etməyə imkan verir.
Musavat.com