Çinli alimlər yarasalarda insan həyatı üçün ciddi təhlükə yarada biləcək yeni viruslar aşkar ediblər. AzPost xəbər verir ki, Yunnan İnstitutunun alimləri tərəfindən aparılan tədqiqat zamanı Nipah və Hendra virusları ilə genetik baxımdan yaxın olan iki yeni patogen müəyyən edilib.
PLOS Pathogens jurnalında dərc olunan məqaləyə görə, araşdırma çərçivəsində 142 yarasanın böyrək toxumaları üzərində analiz aparılıb. Nəticədə əvvəllər məlum olmayan 22 fərqli virus aşkarlanıb ki, onların içərisində insan sağlamlığı üçün ən təhlükəli hesab edilən Henipavirus cinsindən iki yeni virus xüsusi narahatlıq doğurur.
Məlumata görə, bu viruslar yoluxmuş meyvələr və digər təbii ötürücülər vasitəsilə insana keçə bilər. Daha təhlükəlisi odur ki, bu viruslar tənəffüs yolları və sinir sistemini zədələyən ağır xəstəliklərə səbəb ola bilir.
Bundan əlavə, elm adamları araşdırma zamanı iki yeni bakteriya və yeni növ protozoa da aşkar ediblər. Alimlər bildiriblər ki, bu tədqiqat Çində bu virusların tam genetik xəritəsini çıxaran ilk işdir və gələcəkdə zoonotik xəstəliklərin yayılmasının qarşısını almaq üçün ciddi monitorinq tədbirlərinin vacibliyini sübut edir.
Mütəxəssislər insanların və heyvanların sıx təmasda olduğu ərazilərdə virus monitorinqinin gücləndirilməsini və təhlükə potensialı daşıyan bölgələrdə tədbirlərin görülməsini tövsiyə edirlər.