Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahinova “general-mayor” ali hərbi rütbəsi verilib.
Moderator.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, Mürsəl İbrahimov 20 sentyabr 1970-ci ildə Bakı şəhərində anadan olub. 1987-ci ildə Bakı şəhəri, 6 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Neft və Kimya İnstitutuna daxil olmuş, 1992-ci ildə mühəndis ixtisası ilə ali təhsilini başa vurub. 1997-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını hüquqşünas ixtisası ilə bitirib.
1992-ci ilin avqust ayında Daxili İşlər Nazirliyinə xidmətə qəbul olunaraq, nazirliyin qurumlarında, o cümlədən Daxili Təhqiqatlar İdarəsinin əməliyyat, ərizə və şikayətlər şöbələrində müxtəlif vəzifələrdə xidmət keçib.
2006-cı ilin sentyabr ayından xidməti Milli Təhlükəsizlik Nazirliyində (Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti) davam etdirmiş, İnspektorluq İdarəsində müxtəlif zabit, şöbə rəisi vəzifələrində xidmət keçib. 2008-ci ilin aprel ayında həmin idarənin rəis müavini, 2011-ci ilin may ayından isə nazirliyin Kadrlar Baş İdarəsinin rəis müavini vəzifələrində xidmətini davam etdirib.
2015-ci ilin noyabr ayında öz arzusu ilə polkovnik rütbəsində təhlükəsizlik orqanlarının ehtiyatına buraxılmışdır.
2016-2023-cü illər ərzində "Kapital Bank" ASC-nin Təhlükəsizlik Departamentinin direktoru vəzifəsində işləyib.
Azərbaycan Prezidentinin 17 aprel 2023-cü il tarixli Sərəncamı ilə İbrahimov Mürsəl Qorxmaz oğlu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin olunub.
Azərbaycan Prezidentinin 27 mart 2015-ci il tarixli Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı, 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilib.
Ailəlidir, 2 övladı var.