AZ

Kamran Bayramov: “8 Noyabr” Elektrik Stansiyasının istismara verilməsi Azərbaycanın enerji strategiyasının mühüm mərhələsidir 

İyunun 24-də Azərbaycanın enerji tarixinə yeni bir mühüm səhifə yazıldı. Ölkəmizin energetika potensialının gücləndirilməsi baxımından strateji əhəmiyyətə malik olan “8 Noyabr” Elektrik Stansiyasının Mingəçevirdə açılışı baş tutdu. Bu mühüm hadisə təkcə elektrik enerjisi istehsalının artırılması deyil, həm də, 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin rəmzi olaraq əbədiləşdirilməsi baxımından xüsusi məna daşıyır. Açılış mərasimi Prezident İlham Əliyevin iştirakı ilə keçirildi və bu, Azərbaycanın enerji təhlükəsizliyinə, davamlı iqtisadi inkişafına verilən önəmin növbəti təzahürü oldu.

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, mərasimdə iştirak edən Prezident İlham Əliyev, eyni zamanda, İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Urso, İtaliyanın “Ansaldo Energia” şirkətinin baş icraçı direktoru Fabrizio Fabbri, Çinin “Dongfang” şirkətinin İdarə Heyətinin sədri Çen Qianq, “AzərEnerji” ASC-nin enerjinin istehsalı operatorunun direktoru Üzeyir Yusifov  çıxış etdilər. Bu açılış mərasimi ölkəmizin enerji potensialı ilə  yanaşı, Azərbaycan-İtaliya, Azərbaycan-Çin münasibətlərinin də təqdimatı oldu.  Həm İtaliya, həm də, Çin Azərbaycanın strateji tərəfdaşlarıdır.  Hər iki ölkə ilə strateji tərəfdaşlıq haqqında  Bəyannamə imzalanıb. Qarşılıqlı səfərlər ölkələrimiz arasında münasibətlərin dövrün çağırışlarına uyğun olaraq inkişafında əhəmiyyətli rol oynayır. Prezident İlham Əliyevin  bu ilin aprelində  Çinə dövlət səfəri iki ölkənin əlaqələrində yeni səhifənin əsası oldu. Həmin səfər çərçivəsində hazırkı dövrün çağırışına uyğun olaraq bərpaolunan enerji sahəsində əməkdaşlığa yol açan layihələrin icrası geniş müzakirə edildi. Azərbaycan hazırda  bu sahədə böyük potensiala malik olması ilə dünyanın diqqətindədir.

Deputat diqqətə çatdırıb ki, dövlət başçısının “8 Noyabr” Elektrik Stansiyasının açılışında səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Azərbaycanın enerji siyasəti təkcə daxili ehtiyacların ödənilməsini deyil, həm də beynəlxalq əməkdaşlığın gücləndirilməsini hədəfləyir. Dövlət başçısı çıxışında İtaliya və Çinlə qurulan münasibətlərin uğurlu nəticələrini xüsusi vurğuladı. O bildirdi ki, İtaliya bu gün Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır, Çin isə əsas ticarət partnyorlarımız sırasındadır.  İtaliya ilə neft-qaz sektorunda formalaşan uzunmüddətli və strateji əməkdaşlıq, eləcə də Çinin bərpaolunan enerji sahəsindəki rolu Azərbaycanın enerji diversifikasiyasına və dayanıqlı inkişafına töhfə verir. Prezidentin sözlərinə görə, hazırda ölkəmizdə istifadəyə verilən yeni Günəş elektrik stansiyalarının avadanlıqları əsasən Çin şirkətləri tərəfindən təmin olunur.  Bu əməkdaşlıq formatı, eyni zamanda, Azərbaycanın siyasi sabitliyə, etibarlı tərəfdaşlığa və beynəlxalq hüquqa söykənən siyasətinə beynəlxalq etimadın bariz nümunəsidir. İlham Əliyevin qeyd etdiyi kimi, bu münasibətlər Azərbaycanın uğurlu və qarşılıqlı faydaya əsaslanan xarici siyasətinin bir göstəricisi kimi, beynəlxalq əməkdaşlıq üçün nümunə sayıla bilər.

K.Bayramov xüsusi olaraq qeyd edib ki, Azərbaycanın enerji diplomatiyası son illərdə davamlı uğurlar əldə edərək, ölkəmizi regionun və beynəlxalq platformaların mühüm enerji tərəfdaşına çevirib. Bu baxımdan ötən il 200-ə yaxın ölkənin dəstəyi ilə Azərbaycanın COP29 iqlim konfransına ev sahibliyi etməsi böyük siyasi və iqtisadi əhəmiyyət daşıyır. Bu mühüm hadisə Azərbaycanın iqlim və enerji sahəsindəki təcrübəsinin, mövcud imkanlarının beynəlxalq miqyasda təqdimatı baxımından önəmli addım olmaqla yanaşı, yeni əməkdaşlıq imkanlarının açılmasına da zəmin yaradıb. Bu uğurların davamı kimi “8 Noyabr” Elektrik Stansiyasının açılışı Azərbaycanın enerji sektorunun tarixində əlamətdar bir mərhələdir. 1880 meqavat gücə malik olan bu stansiya, təkcə ölkəmizin enerji potensialını artırmaqla kifayətlənmir, həm də enerji sistemimizin dayanıqlığını və səmərəliliyini xeyli gücləndirir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu stansiya  Mingəçevirin nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi olan statusunu daha da gücləndirəcək. 
K.Bayramov əlavə edib ki, sovet dövründə Mingəçevirdə inşa olunan “Azərbaycan” İstilik Elektrik Stansiyası ilə müqayisədə, bu gün “8 Noyabr” layihəsinin bir neçə ilə deyil, cəmi iki ilə tam şəkildə reallaşdırılması Azərbaycanda enerji infrastrukturu sahəsində atılan məqsədyönlü addımların, müasir texnologiyaların tətbiqinin nəticəsidir. Bu uğurun arxasında Azərbaycanın mövcud energetika bazası, dayanıqlı infrastrukturu, peşəkar mühəndis və texniki heyəti, habelə İtaliya və Çin kimi strateji tərəfdaşlarla qurulan effektiv əməkdaşlıq durur. Hər bir tərəfdaş bu layihəyə öz texnologiyası, təcrübəsi və resursları ilə töhfə verərək Azərbaycanın enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə xidmət edib.

Seçilən
16
2
ikisahil.az

3Mənbələr