Azərbaycanın Vətən müharibəsində erməni faşizmi üzərində əldə etdiyi 8 Noyabr zəfərinin dövlətimizin inkişafı üçün yeni imkanlar açdığı şübhəsizdir. Məhz bu tarixi zəfərin nəticəsidir ki, 2020-ci ildən etibarən Azərbaycan iqtisadiyyatı daha sürətlə inkşaf etməkdə, ölkəmizdə mühüm iqtisadi və enerji layihələri həyata keçirilməkdədir. Dünən Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılışının gerçəkləşməsi bu inkişafın ən bariz göstəricisidir.
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 24 iyun 2025-ci il tarixində Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılışında iştirak edib, ölkəmizin enerji siyasəti ilə bağlı maraqlı fikirlər səsləndirib.
Prezident çıxışında Azərbaycanın öz enerji təhlükəsizliyini gücləndirdiyi, bunun üçün dünyanın qabaqcıl dövlətləri ilə səmərəli əməkdaşlıq həyata keçirdiyini bildirib. “8 Noyabr” stansiyasının önəminə diqqət çəkən dövlət başçısı, bundan sonra ölkəmizin enerji təminatının daha da möhkəmlənəcəyini, Mingəçevir şəhərinin isə bütün Qafqazda energetika mərkəzi statusunun güclənəcəyini bildirib:
“Bu gün ölkəmizin energetika sahəsində əlamətdar bir gündür. “8 Noyabr” Elektrik Stansiyasının açılışı çox gözəl hadisədir. Ümumilikdə ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək bu stansiyanın yaradılması və qısa müddət ərzində bütün işlərin başa çatması ölkəmizin gücünü, potensialını, energetiklərimizin təcrübəsini, peşəkarlığını göstərir. Bu gün “8 Noyabr” Elektrik Stansiyası ölkəmizin ən böyük elektrik stansiyasıdır. 1880 meqavat gücündə bu stansiya bizim enerji potensialımızı təbii olaraq daha da gücləndirəcək, enerji sisteminin səmərəliliyini artıracaq və beləliklə, Mingəçevirin nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi olan statusunu daha da gücləndirəcək. Hazırda bizim elektrik enerjisinin 40 faizindən çoxu Mingəçevirdə istehsal olunur və əlbəttə ki, görülmüş bütün bu işlər bir daha Azərbaycanın doğru yolda olduğunu göstərir”.
Prezidentin sözlərindən də məlum olduğu kimi, Azərbaycan dövləti “8 Noyabr” Elektrik Stansiyasının açılışına nail olmaqla enerji potensialının gücləndirilməsi baxımından tarixi uğura imza atıb.
Müasir dünyamızda enerji faktorunun rolunun son dərəcə artdığını, bütün digər amillərin bu faktordan əhəmiyyətli dərəcədə asılı olduğunu nəzərə alsaq, o zaman Azərbaycanın “8 Noyabr” Elktrik Stansiyasının timsalında öz həyati gücünü əhəmiyyətli dərəcədə artırdığı birmənalıdır.
Xatırladaq ki, enerji amilinin əhəmiyyətinin nəticəsidir ki, müasir müharibələrin demək olar ki, hamısında tərəflər bir-birlərinin enerji təminatına zərbə endirməyə, düşməni bu güc mənbəyindən məhrum etməyə çalışır. Bunu Rusiya-Ukrayna müharibəsinin timsalında daha aydın görmək mümkündür. Həm Rusiya, həm də Ukrayna tərəfi bir-birlərinin elektrik stansiyalarına zərbələr endirməklə qarşı tərəfinin bütün digər sektorlarında ciddi sarsıntı və problemlər yaratmağa cəhd edir. 44 günlük Vətən müharibəsi zamanı Ermənistanın Azərbaycanın enerji infrastrukturunu, eləcə də Mingəçevirdəki enerji stansiyalarını hədəf aldığı yaxın tariximizin məlum həqiqətlərindəndir. Hansı ki, həmin hücumlar zamanı Ermənistan ordusunun Mingəçevirə atdığı raketlərin bir qismi Azərbaycanın Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən zərərsizləşdirilmiş, bəzi raketlər isə texniki problemlər səbəbi ilə stansiya yaxınlığına düşsə də partlamamışdır.
Müzəfər Ali Baş Komandan “8 Noyabr” Elektrik Stansiyasının açılışındakı nitqində bu tarixi həqiqəti də yada salaraq demişdir:
“Bu gün dünyada gedən prosesləri hər kəs izləyir. Bizim ətrafımızda demək olar ki, münaqişələr səngimir, əksinə, yeni münaqişə zonaları açılır. Böyük fəlakətlərə və insan faciələrinə gətirən toqquşmalar, müharibələr gedir. Biz də müharibə nədir, yaxşı bilirik. Bizim torpaqlarımız uzun illər işğal altında olmuşdur və İkinci Qarabağ müharibəsində Ermənistan nəinki bizim şəhər-kəndlərimizi və yaşayış obyektlərini məqsədyönlü şəkildə atəş altında saxlayırdı, hətta buraya da - Mingəçevirə də öz raketlərini göndərməyi də unutmamışdı - əgər belə demək mümkündürsə. Bunun da məqsədi bizim enerji infrastrukturumuzu iflic vəziyyətinə salmaq idi. Hətta İkinci Qarabağ müharibəsindən əvvəl bizi hədələmək üçün bir neçə üsuldan istifadə edən Ermənistan, o cümlədən Mingəçeviri bombalamaq, burada su bəndini dağıtmaq və Mingəçevir Elektrik Stansiyasını sıradan çıxarmaq kimi təhdidlər də səsləndirirdi. Buraya, bu əraziyə düşən həm mərmilər, həm də ki, uzaqmənzilli raketlər bunun əyani sübutudur. Bu, dinc əhaliyə, mülki infrastruktura yönəlmiş təcavüz idi və hərbi cinayətdir”.
Göründüyü kimi, Prezident İlham Əliyev Ermənistanın beynəlxalq konvensiyalara zidd olaraq enerji infrastrukturuna zərbə endirmək cəhdlərini yada salaraq bu obyektlərin Azərbaycan üçün həyati əhəmiyyətə malik olduğunu bir kəs daha xatırlatmaqdadır.
Onu da qeyd edək ki, Azərbaycanın enerji istehsalını artırması sadəcə vətəndaşlarımızın etibarlı enerji təminatı demək deyil. Bu, həm də dövlətimizin enerji qüdrətinin, iqtisdi gücünün, siyasi nüfuzunun yüksəlməsi deməkdir. Çünki bu gün beynəlxalq aləmdə yalnız müasir hərbi gücə deyil, həm də güclü enerji təminatına, enerji ixracına malik dövlətlər ən güclü və ən zəngin ölkələr hesab edilir.
Enerji – çağdaş dünyamızın əsas güc rəmzidir və bu gücə malik dövlət bütün digər sahələrdə də öz maraqlarını asanlıqla təmin edə bilir.
Bu gün Azərbaycan bir sıra dövlətlərin, eləcə də Qərb ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında aktiv iştirak edir. Dünyanın bir çox ölkəsinin enerji təminatı bu və ya digər dərəcədə Azərbaycandan asılıdır. “8 Noyabr” Elektrik Stansiyasının açılışı Azərbaycanın dünya dövlətləri üzərindəki bu üstünlüyün bir qədər də artıracaq ki, bu da sadəcə iqtisadi deyil, həm də siyasi mənada çox böyük uğurdur. Azərbaycan enerji faktorundan heç vaxt siyasi təzyiq aləti kimi istifadə etməsə də, bu amilin bütün hallarda qalan digər faktorlara təsir göstərdiyi, ciddi güc mənbəyi olduğu şübhəsizdir. Bu baxımdan “8 Noyabr” Elektrik Stansiyasının açılışını yalnız Azərbaycan deyil, həm də qlobal miqyasda mühüm hadisə kimi qiymətləndirmək mümkündür. Və əminliklə demək olar ki, biz yaxın gələcəkdə “8 Noyabr” Elektrik Stansiyasının açılışının regionumuzdakı iqtisdi-siyasi proseslərdə ciddi təsirinə şahid olacağıq.
Seymur ƏLİYEV