Fransa futbolunun nəhənglərindən olan Lion “Olimpik”i maliyyə hesabatını pozduğu üçün Fransa Liqa 2-yə düşürülüb.
Arena.az Fransa Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumat verir ki, qərar Fransa Milli İdarəetmə və Nəzarət İdarəsi (DNCG) tərəfindən qəbul edilib.
“RMC Sport” dərgisinin məlumatına görə, təşkilatın iclasında Lion klubunun maliyyə vəziyyəti təhlil edilib. Bu məsələdə “Olimpik”in sahibi Con Tekstor iştirak edib.
Vurğulanır ki, amerikan iş adamının dəlilləri komissiya üzvlərini qane etməyib və nəticədə “uşaqlar” aşağı dəstəyə salınıblar. Lion klubunun müvafiq qərardan şikayət hüququ var ki, klub bundan mütləq istifadə edəcək.
Əlavə edək ki, Lion “Olimpik”i Fransa futbolunun “qaymaqlarından” sayılır. 2024/2025-ci illər mövsümünü “uşaqlar” Fransa Liqa 1-də 6-cı pillədə başa vuraraq, Avropa Liqasında iştirak hüququ qazanıblar.
Xatırladaq ki, daha əvvəl də Fransa futbolu acı yaşamışdı. Ölkə futbolunun nəhənglərindən “Bordo” müflis olmuşdu. Amma “jirondistlər”in bəxti heç gətirməyib, belə ki, “Bordo” peşəkar səviyyəsindən məhrum edilib və hazırda həvəskarlar arasında gün keçirir.