AZ

“8 Noyabr” Elektrik Stansiyasının açılışı Azərbaycanın enerji təhlükəsizliyini daha gücləndirəcək

İyunun 24-də ölkəmizin enerji sektorunda  əlamətdar hadisə yaşandı. Mingəçevir şəhərində “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimi keçirildi. Mərasimdə iştirak edən Prezident İlham Əliyev, eyni zamanda, İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Urso, İtaliyanın “Ansaldo Energia” şirkətinin baş icraçı direktoru Fabrizio Fabbri, Çinin “Dongfang” şirkətinin İdarə Heyətinin sədri Çen Qianq, “AzərEnerji” ASC-nin enerjinin istehsalı operatorunun direktoru Üzeyir Yusifov  çıxış etdilər. Bu açılış mərasimi ölkəmizin enerji potensialı ilə  yanaşı, Azərbaycan-İtaliya, Azərbaycan-Çin münasibətlərinin də təqdimatı oldu.  Həm İtaliya, həm də Çin Azərbaycanın strateji tərəfdaşlarıdır.  Hər iki ölkə ilə strateji tərəfdaşlıq haqqında  Bəyannamə imzalanıb. Qarşılıqlı səfərlər ölkələrimiz arasında münasibətlərin dövrün çağırışlarına uyğun olaraq inkişafında əhəmiyyətli rol oynayır. Prezident İlham Əliyevin bu ilin aprelində  Çinə dövlət səfəri iki ölkənin əlaqələrində yeni səhifənin əsası oldu. Həmin səfər çərçivəsində hazırkı dövrün çağırışına uyğun olaraq bərpaolunan enerji sahəsində əməkdaşlığa yol açan layihələrin icrası geniş müzakirə edildi. Azərbaycan hazırda  bu sahədə böyük potensiala malik olması ilə dünyanın diqqətindədir.

Dövlət başçısı İlham Əliyev sözügedən açılış mərasimindəki çıxışında  diqqəti bu məsələlərə yönəldərək bildirdi ki,  bu ölkələrə çoxsaylı səfərləri nəticəsində bir sıra istiqamətlər üzrə çox gözəl nəticələr əldə edilib. İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Çin də ticarət tərəfdaşlarımız arasında qabaqcıl yerlərdədir. İtaliya ilə xüsusilə energetika, xam neft, təbii qaz sahəsində uzunmüddətli və strateji əməkdaşlığa bir neçə il bundan əvvəl başlanılıb.  Çinlə isə bu yaxınlarda daha çox bərpaolunan enerji layihələrini birgə icra etməyə başlayırıq. Azərbaycanda bu gün yaradılan yeni Günəş elektrik stansiyalarının təchizatı böyük dərəcədə Çin şirkətləri tərəfindən təmin edilir. Hər iki ölkə ilə Azərbaycanın siyasi əlaqələri də  çox yüksək səviyyədədir. Münasibətlərimiz çox gözəl beynəlxalq əməkdaşlıq nümunəsidir.

Yenisabah.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Milli Məclisin deputatı dövlət başçısı İlham Əliyevin hazırkı dövrün çağırışlarını özündə ehtiva edən  çıxışında əksini tapan məqamlara xüsusi diqqət yönəldərək bildirib ki, son 20 ildə Azərbaycanın energetika sistemi sıfırdan qurulub. Ölkəmizin müxtəlif yerlərində yeni elektrik stansiyaları quruldu. Mingəçevirdə də yenidənqurma işləri aparıldı. 2018-ci ildə “Azərbaycan” İstilik Elektrik Stansiyasının yenidən qurulmasının təməli qoyuldu.  2020-ci il iyununda burada stansiyaya yeni həyat verildi.  Hazırda “Azərbaycan” İstilik Elektrik Stansiyasının generasiya gücü 1800 meqavat, “8 Noyabr” Stansiyasının gücü 1880 meqavatdır, Su Elektrik Stansiyasının gücü isə 400 meqavatdan çoxdur. “8 Noyabr” layihəsinin qısa müddətdə  icra edilməsi rekord nəticədir.  Dövlət başçısı İlham Əliyev çıxışında bunu belə əsaslandırdı ki, təxminən 2 min meqavatlıq elektrik stansiyasının inşa müddəti bir neçə il davam edir, elə sovet dövründə Mingəçevirdə “Azərbaycan” İstilik Elektrik Stansiyasının inşası 1974-cü ildə başlamış,  birinci blok 1981-ci ildə istismara verilmişdir. Yeddi ildən sonra 300 meqavat enerji əldə edilmişdir. “8 Noyabr” layihəsinin qısa zamanda uğurla başa çatmasını şərtləndirən əsas amillər  mövcud  energetika bazamız, təcrübəmiz, Azərbaycan energetiklərinin peşəkarlığı, bilikləri, təcrübələri və  beynəlxalq tərəfdaşlarımızın da töhfəsidir.

Vüqar Rəhimzadə qeyd edib ki, dövlət başçısı İlham Əliyev hər bir çıxışında diqqəti 30 illik işğal, eyni zamanda, 44 günlük İkinci Qarabağ müharibəsi dövrünün reallıqlarına yönəldir. “8 Noyabr” Elektrik Stansiyasının açılışı da bu baxımdan diqqətdə oldu. Torpaqlarımızın uzun illər işğal altında olduğunu,  İkinci Qarabağ müharibəsində Ermənistanın nəinki  şəhər-kəndlərimizi və yaşayış obyektlərini məqsədyönlü şəkildə atəş altında saxladığını,  hətta  Mingəçevirə də öz raketlərini göndərməyi  unutmadığını önə çəkərək bildirdi ki, məqsəd enerji infrastrukturumuzu iflic vəziyyətinə salmaq idi. Bu əraziyə düşən  mərmilər,  raketlər də bunun əyani sübutudur. Bu, dinc əhaliyə, mülki infrastruktura yönəlmiş təcavüz idi və hərbi cinayətdir. Ermənistanın hərbi cinayətləri təkcə bununla məhdudlaşmır.

Azərbaycan beş il öncə tarixi Zəfərə imza atdı. Artıq ölkəmiz dünya çapında yeni əməkdaşlıq formatlarının və sülh gündəliyinin müəllifi kimi tanınır, nüfuz qazanır. Şanlı Qələbəmizdən sonra ölkəmizlə əməkdaşlıqda maraqlı olan dövlətlərin sayı daha da artır. 30 ildən sonra sahibinə qovuşan azad Qarabağ və azad Şərqi Zəngəzur malik olduqları iqtisadi imkanları ilə gələcəkdə Azərbaycanın dayanıqlı inkişafına öz töhfələrini verəcəklər. Bu ərazilərin malik olduqları  bərpaolunan enerji potensialı yeni əməkdaşlıq formatlarının yaranmasında mühüm rol oynayır. İstismara verilən “8 Noyabr” Elektrik Stansiyası üçün bu adın seçilməsi də təsadüfi deyil. Dövlət başçısı İlham Əliyev vurğuladı ki, bu stansiyanın adının seçilməsi də çox vaxt aparmadı. Təklif edilən variantlar arasında “8 Noyabr”ı mən seçdim. Çünki bu,  şanlı Zəfərimizin tarixidir. Zəfər xalqımıza, dövlətimizə yaraşır. Bu stansiyanın ömrünün uzun və fəaliyyətinin uğurlu olacağına əminik.

Millət vəkili qısa təhlil əsasında bildirib ki, 1994-cü ildə  “Əsrin müqaviləsi”nin,  2017-ci ildə isə onun davamı olaraq  “Yeni əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın enerji təhlükəsizliyi sahəsində yeni səhifələr yazmaqla  müxtəlif dövlətlərlə strateji tərəfdaşlığa doğru yönələn yolunu  uğurlarla zənginləşdirdi. 2020-ci ilin sonunda Cənub Qaz Dəhlizi tam tərkibdə istifadəyə verildi. Azərbaycan malik olduğu təbii resursları daim əməkdaşlığa, dostluğa yönəldir. “8 Noyabr” Elektrik Stansiyasının istifadəyə verilməsi qurulan  növbəti körpünün təqdimatıdır.


Telegram kanalımız
Seçilən
34
11
yenisabah.az

10Mənbələr