AZ

Budapeştdə qəzet çıxarmaq istəyən azərbaycanlılar – TARİXİ FAKT

BAKI, 24 iyun. TELEQRAF

Azərbaycan Cümhuriyyətinin işğalından sonra Avropanın müxtəlif ölkələrinə mühacirət edən azərbaycanlı ictimai-siyasi xadimlər müxtəlif mətbu orqanlar təsis ediblər. Daha çox Türkiyə, Almaniya və Fransada nəşr edilən bu mətbu orqanlar Azərbaycan istiqlal mübarizəsinin bayraqdarı olub, sütunlarında ideoloji, tarixi, siyasi məqalələr yer alıb. 1923-cü ildə İstanbulda Məhəmmədəmin Rəsulzadənin çap etdiyi “Yeni Kafkasya” jurnalı ilə başlayan bu yol “Azəri Türk”, “Odlu yurd”, “Bildiriş”, “İstiqlal”, “Qurtuluş”, “Türk izi”, “Mücahid” və s. onlarla digər nəşrlərlə 1991-ci ilədək davam edib. Bu nəşrlər, orada məqalələri dərc olunan mühacirlər haqqında kifayət qədər tədqiqat işləri aparılıb.

Lakin bu yaxınlarda Türkiyə arxivlərində çalışarkən maraqlı bir təşəbbüsə rast gəldik. Belə ki, 1933-cü ildə iki azərbaycanlı Macarıstanın paytaxtı Budapeştdə qəzet təsis etmək fikrinə düşüb. Bu barədə Türkiyənin Budapeşt səfirinin öz Xarici İşlər Nazirliyinə göndərdiyi 20 aprel 1933 tarixli raportdan məlumat əldə etmişik. Səfir raportunda qeyd edib ki, Macarıstanın xariciyyə nəzarətinin siyasi işlər dairəsinə mənsub və əmniyyəti-ümumiyyə işləri ilə məşğul olan büro şefi müsyo Czurgay ona belə bir məlumat verib:

“Peştədə Köris küçəsi 31 ünvanında bir qız məktəbi müdiri olan və yeddinci dairədə Peterdy küçəsi 17-19 ünvanında yaşayan müsyo Nagy Layos adında bir şəxs Peştədə “Abbas” namı altında və yeni türk hərfləri ilə Azərbaycan türklərinin məqsəd və haqlarına dair fənni, harsi və ictimai bir məcmuə çıxarmaq istədiyini və bu məcmuənin kommunistliyə qarşı mücadilədə olacağını və qəzetin türkcə mühərrirlərinin Doktor Toğan Galinsan və Nəcəfzadə İskəndər namındakı iki azərbaycanlı zat olacağını və məcmuənin məsrəflərini bu İskəndər bəyin təmin edəcəyini, macar hökumətinə bir ərizə verərək bəyan və icazə istəmişdir. Qəzetin məsul müdiri olacaq Nagy Layos haqqında macar daxiliyyə nəzarətinin apardığı təhqiqata nəzərən şəxsin indiyə qədər əleyhində qeydə düşmüş heç bir pis halı görülmədiyini müsyo Czurgay söyləmişdir. Ancaq adları yuxarıda keçən iki azərbaycanlı türkün necə adam olduqlarını bilmir.
Müsyo Czurgay müdirlərindən aldığı əmrə əsasən bu məsələni mənə danışmasının səbəbi hökumətinin belə bir məcmuənin Budapeştdə nəşri haqqındakı nöqteyi-nəzərini anlamaq üçün olduğunu söyləmişdir. Bu surətlə göstərilən müsyo Czurgaya təşəkkür etdim və məsələni dərhal hökumətimə ərz edəcəyimi söylədim və mümkünsə adları yuxarıda keçən iki azərbaycanlı türk haqqında məlumat almasını rica etdim. Azərbaycan türklərinin haqlarını müdafiə məqsədilə və yeni türk hərfləri ilə çıxarılması istənilən bu məcmuənin əleyhimizə olmayacağını və Budapeşti seçmələrinin səbəbinin kommunistlik əleyhində olan, Rus-Sovet hökuməti ilə siyasi münasibəti olmayan və kommunisti nisbətən az və sakin bir vəziyyətdə olan bir məmləkət axtarmalarından qaynaqlandığını təxmin edirəm. Bu xüsusdakı əmr və göstərişlərinizi gözləyirəm, əfəndim”.

Təsisçilər kimdir?

Təəssüf ki, arxivdə apardığımız axtarışlar nəticəsində Türkiyə tərəfinin bu barədə məlumat hazırlayıb macar hökumətinə verməsinə dair bilgi əldə edə bilmədik. Ehtimal ki, lazımi məlumat Macarıstan dövlət arxivində olacaqdır. Sənəddə qeyd edilən Nagy Layos adlı şəxsə gəldikdə isə bu adda tanınmış macar sosialist yazıçısı var. Azərbaycan dilində oxunuşu Layoş Nad (1883-1954) şəklində olan bu yazıçı müxtəlif dərgilər çıxarıb. Lakin 1934-cü ildə SSRİ-də olan bu yazıçının bir il öncə kommunistlik əleyhində dərgiyə dəstək ola biləcəyi mümkünsüzdür. Amma hər halda ortada ticari bir məqsəd də olubsa, bu əməkdaşlıq real görünə bilər.

Ehtimal ki, Toğan Galinsan adı ilə verilmiş şəxs tatar türklərindən olub. Ad və soyad bu qənaəti yaradır. Məcmuənin məsrəflərini qarşılayacaq İskəndər Nəcəfzadəyə gəldikdə isə mühacirlər arasında İskəndər Nəcəf adlı bir şəxs vardır. Türkiyədə yaşayan bu şəxs daha sonra Amerikaya köçüb. O, şəhər teatrının tanınan aktyorlarından olub, “Azeri sineması”nın da sahibi imiş. İskəndər bəy 1946-cı ildə “Birlik” film şirkətini qurub, altı film ərsəyə gətirib. Bəzi filmlər Misirdə çəkilib və oradakı film sənayesinin inkişafına da təsir edib. İskəndər bəy Türkiyədə “Yerli Film Yapanlar” cəmiyyətində yer alıb. “Birlik” filmdə hazırlanan filmlər bunlardır: “Yanık Kaval” (1947), “Çıldıran Kadın” (1948), “Dağların Kızı Ruhsar” (1952), “Kocatepe’nin Beş Atlısı” (1952), “Saadet Şarkısı” (1958).

İskəndər bəyin atasının vəfatı ilə bağlı “Cumhuriyet” qəzetindəki nekroloqdan məlum olur ki, Əbdülcabbar bəyin Əhəd Nəcəf (“Zafer” sinemasının sahibi), Zübeydə Nəcəf (Balıkəsir müəllim məktəbinin əməkdaşı), Raxşəndə Nəcəf adlı övladları da olub. Raxşəndə xanım Kadınhan jandarma komandanı Rahim Karaçay ilə evli olub. 4 iyun 1940-cı ildə vəfat edən Əbdülcabbar bəyin cənazəsi 5 iyunda Cağaloğlu Molla Fenari küçəsi 27 nömrəli evindən götürülüb, Nurosmaniyə məscidində cənazə namazı qılındıqdan sonra Feriköydə dəfn olunub. Məzar yerindəki başdaşında belə yazılıb:“Azerbaycanlı İskender Necefin aile kabri. Babası Abdül Cabbar (1879-1940). Məzar yerindəki sol tərəfdəki kiçik daşda da Əbdülcabbarın adı, doğum və ölüm tarixləri yazılıb. Digər daşda isə Nazeni Necef (1884-1964) adı qeyd edilib.

Azərbaycan türklərinin kommunizm əleyhində çap etməyi planladıqları “Abbas” adlı məcmuənin Budapeştə nəşr olunub-olunmadığı növbəti tədqiqatlar nəticəsində bəlli olacaqdır.

Seçilən
17
teleqraf.com

1Mənbələr