AZ

“8 Noyabr” Elektrik Stansiyası rəqəmsallaşma və operativ idarəetməni təmin edir -ŞƏRH

“Bu stansiyanın yaradılması və qısa müddət ərzində bütün işlərin başa çatması ölkəmizin gücünü, potensialını, energetiklərimizin təcrübəsini, peşəkarlığını göstərir. Bu gün 8 Noyabr Elektrik Stansiyası ölkəmizin ən böyük elektrik stansiyasıdır”.
Prezident İlham Əliyevin Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılışında səsləndirdiyi bu fikirlər yalnız  mühüm bir obyektin istifadəyə verilməsi ilə bağlı deyil, həm də Azərbaycanın enerji strategiyasında yeni dövrün başlanmasının rəmzidir.  Mütəxəssislərin də qeyd etdiyi kmi bu möhtəşəm layihə təkcə mühəndislik nailiyyəti deyil, həm də siyasi iradənin, iqtisadi qüdrətin və milli inkişaf konsepsiyasının real təzahürüdür.
Azərbaycanın energetika sektorunda son illərdə əldə etdiyi nailiyyətlərin növbəti zirvəsi olan bu stansiya həm texniki göstəricilərinə, həm də geosiyasi əhəmiyyətinə görə ölkəmizin enerji strategiyasında mühüm rol oynayacaq. Bu hadisə təkcə iqtisadi yox, həm də siyasi və tarixi simvolikaya malikdir: Zəfər Günü ilə eyni adı daşıyan bu stansiyanın açılışında çıxış edən Prezident İlham Əliyev ölkənin enerji sahəsində keçdiyi yolun əsas mərhələlərinə toxunaraq, həm Ulu Öndər Heydər Əliyevin 1970-80-ci illərdə başladığı sistemli inkişafı, həm də müasir dövrdə ölkənin dayanıqlı və ixracyönümlü enerji infrastrukturu ilə təmin olunmasını vurğulayıb. Ulu Öndərin təşəbbüsü ilə tikilən və bu gün də fəaliyyət göstərən “Azərbaycan” İES-in bazasında qurulan bu yeni stansiya keçmişlə gələcəyin birləşdiyi, milli iradə və texnoloji gücün vəhdət təşkil etdiyi bir layihə kimi dəyərləndirilir.
Qeyd edək ki,  Azərbaycanın enerji siyasəti yalnız daxili tələbatın ödənilməsi ilə kifayətlənməyib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində ölkəmiz tədricən enerji idxal edən dövlətdən ixrac edən və hətta enerji təhlükəsizliyində regional liderə çevrilən bir dövlət statusunu qazanıb. Elektrik stansiyalarının modernləşdirilməsi, yeni generasiya güclərinin yaradılması, enerji xətlərinin və infrastrukturunun yenilənməsi ölkənin sənayeləşmə tempinə uyğunlaşdırılıb. Eyni zamanda, yaşıl enerji kursu götürülərək COP29 kimi mühüm tədbirlərin Bakıda keçirilməsi Azərbaycanın bu sahədə beynəlxalq səviyyədə nüfuzunun artdığını göstərib.
Bu baxımdan  “8 Noyabr” Elektrik Stansiyası təkcə enerji gücü ilə deyil, həm də beynəlxalq əməkdaşlıq baxımından diqqət çəkir. Çin və İtaliya şirkətləri ilə birgə həyata keçirilmiş bu layihə Azərbaycanın texnoloji və maliyyə cəhətdən açıq və əməkdaşlığa hazır dövlət olduğunu bir daha sübut edib. Əlavə olaraq, stansiyanın yerləşdiyi Mingəçevir şəhəri 2020-ci ilin Vətən müharibəsi dövründə Ermənistanın raket hücumlarına məruz qalsa da, strateji əhəmiyyətini qoruyaraq enerji mərkəzi kimi fəaliyyətini davam etdirmişdi. Bu da stansiyanın simvolik əhəmiyyətini bir qədər də artırır. Dünya üzrə enerji tələbatının getdikcə artdığı və qlobal enerji təhlükəsizliyi məsələlərinin gündəmdə olduğu bir dövrdə, Azərbaycanın bu sahədə qabaqlayıcı siyasət həyata keçirməsi, dövlət başçısının uzaqgörən qərarlarının göstəricisidir. Bu gün həm regional, həm də Avropa bazarlarında etibarlı enerji təchizatçısı kimi tanınan Azərbaycan, yeni güclərin işə salınması ilə bu mövqeyini daha da gücləndirir.  Sülh və sabitlik adasına çevrilən Azərbaycanda enerji sektoru ölkə iqtisadiyyatının mühərrikinə çevrilməklə yanaşı, siyasi müstəvidə də güc amili kimi çıxış edir. “8 Noyabr” Elektrik Stansiyası  da bu gücün simvoludur.

Son 20 ildə  Prezident İlham Əliyevin rəhbərliyi ilə  Azərbaycanda energetikanın inkişaf etdirilməsi istiqamətində görülmüş işləri yüksək dəyərləndirən  Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz Sherg.az-a açıqlamasında bildirib ki, “8 Noyabr” stansiyası Azərbaycanın enerji sistemində rəqəmsallaşma, operativ idarəetmə və dayanıqlı enerji təminatı baxımından keyfiyyətcə yeni bir mərhələnin əsasını qoyur. İKT mütəxəssisinin sözlərnə görə, bu infrastruktur, həm daxili enerji balansının optimal şəkildə tənzimlənməsi, həm də region ölkələri ilə enerji mübadiləsinin təhlükəsiz və səmərəli şəkildə həyata keçirilməsi üçün strateji əhəmiyyət daşıyır: 

“Müharibə dövründə Ermənistanın birbaşa hədəf aldığı Mingəçevir stansiyası və onun ətraf infrastrukturu bir daha sübut etdi ki, Azərbaycanın enerji sistemləri yalnız iqtisadi deyil, həm də strateji təhlükəsizlik obyektləridir. Xatırladım ki, 2020-ci ilin oktyabrında Mingəçevir stansiyasının ərazisinə Ermənistan tərəfdən iki dəfə raket atılıb. Prezident İlham Əliyevin açılışını etdiy “8 Noyabr” Elektrik Stansiyası və Mərkəzi Aran Regional SCADA İdarəetmə Mərkəzi enerji təhlükəsizliyinin yeni mərhələsidir. “8 Noyabr” stansiyası indiyədək ölkədə  ən böyük hesab olunan "Azərbaycan" İstilik Elektrik Stansiyasından da güclüdür. Onun gücü 1880 meqavatdır. Stansiya Çinin "Dongfang" və İtaliyanın "Ansaldo Energia" şirkətlərinin dəstəyilə qurulub. Yevlaxda yerləşən Mərkəzi Aran Regional SCADA sistemi vasitəsilə bütün  bölgənin enerji xəritəsi real vaxtda izlənilir və idarə olunur. “Dəliməmmədli”, “Kürəkçay”, “Ağdaş”, “Ağsu”, “Tərtər” və “Dəmir Beton Məmulatları” yarımstansiyaları Mərkəzi Aran Regional SCADA İdarəetmə Mərkəzinə inteqrasiya olunub”.

Ekspert xatırladıb ki, 2 iyul 2018-ci ildə "Azərbaycan" İstilik Elektrik Stansiyasında baş verən qəzada bütün ölkənin zülmətə qərq olması həm də o zaman qurulan SCADA sisteminin işləməməsi nəticəsində baş verib:
 “Yeri gəlmişkən, ölkənin ən güclü elektrik stansiyasına verilən ad, şanlı Zəfər tariximizi rəsmiləşdirən  "8 Noyabr” adı da Prezident tərəfindən seçilib”.
Seçilən
8
sherg.az

1Mənbələr