AZ

“Visa”: Azərbaycanda elektron ticarət logistika və internet infrastrukturunun inkişafını tələb edir

Azərbaycanda elektron ticarətin səmərəli inkişafı müasir və etibarlı infrastrukturun yaradılmasını tələb edir.

"Report" xəbər verir ki, bunu “Visa” beynəlxalq kart təşkilatının baş direktoru, Ukrayna, MDB və Cənub-Şərqi Avropada strateji tərəfdaşlıq, fintex və vençur layihələri şöbəsinin rəhbəri Yevgeni Lisnyak Bakıda keçirilən növbəti Maliyyə və Texnologiyalar Sərgisində ("Fintex Sammit") bildirib.

O qeyd edib ki, burada əsas elementlər internetə çıxış və logistikadır: “Əgər ölkədə sürətli çatdırılma təşkil olunubsa, bu, müştərilər üçün əsas ağrılı nöqtələrdən birini - gözləməni aradan qaldırır. Onlayn ticarətin oflayn alış-verişdən əsas fərqi odur ki, birinci halda malı gözləmək lazımdır. Oflaynda isə - aldı və getdi. Buna görə də logistikanın inkişafı və çatdırılma müddətinin azaldılması ən vacib istiqamətlərdən biridir".

Y.Lisnyakın sözlərinə görə, Bakıda infrastruktur yaxşı səviyyədədir, lakin kənd rayonlarında hələ də keyfiyyətli internet və səmərəli logistika həllərinin çatışmazlığı hiss olunur.

"Sürətli çatdırılma və rahat istifadəçi təcrübəsi təklif edə bilən şirkət, şübhəsiz ki, rəqabət üstünlüyü əldə edəcək", - o əlavə edib.

Ekspert həmçinin vurğulayıb ki, Azərbaycanda elektron ticarətin hələ zəif inkişaf etməsinə baxmayaraq, ölkənin əhəmiyyətli potensialı var: "Azərbaycan savadlı əhaliyə və xidmət keyfiyyəti baxımından yüksək gözləntilərə malikdir. Bununla yanaşı, nağd pul hesablaşmalarının yüksək payı və onlayn xidmətlərə etimadın aşağı səviyyəsi qalmaqdadır. Elektron ticarətin inkişafını sürətləndirmək üçün ölkə Çin və Böyük Britaniya kimi ölkələrin uğurlu təcrübələrinə əsaslanmalıdır. Bu ölkələrdə elektron ticarətin payı ümumi ticarət həcminin 35-40 %-ni təşkil edir".

Seçilən
16
report.az

1Mənbələr