AZ

Milyarderin toyu "qara gələ" bilər: Venesiyada etirazlar başladı

"Amazon"un qurucusu, milyarder Ceff Bezos və nişanlısı Loren Sançez bu həftə Venesiyada evlənməyi planlaşdırır.

Publika.az xəbər verir ki, dünyanın ən zəngin adamlarından biri dəbdəbəli mərasimə hazırlaşarkən, İtaliyada görünməmiş ictimai iğtişaşlar, etirazlar başlayıb.

Bildirilir ki, hələ iyunun əvvəlində Venesiyanın tarixi mərkəzində "Bezos üçün yer yoxdur" yazısı və raketin təsviri olan stikerlər, plakatlar və qraffitilər peyda olub. Etirazçılar Rialto Körpüsü və Müqəddəs Mark Meydanı da daxil olmaqla şəhərin məşhur yerlərində pankartlar asıblar.

Kütləvi turizmdən və mənzil qiymətlərinin qalxmasından bezmiş yerli sakinlər deyirlər ki, baş verənlər şəhəri “varlılar üçün məkan”a çevirir. Federika Toninellonun başçılıq etdiyi bir qrup fəal toyun burada təşkilinin hakimiyyətin Venesiyaya mal kimi yanaşmasını simvolizə etdiyini bildirib.

Toninello vurğulayıb: "Luici Brunyaro sakinlərin real problemlərini həll etmək əvəzinə, şəhəri "satmağa" üstünlük verən bir merdir".

Şəhərin meri Luici Brunyaro isə Bezosun Venesiyanı seçməsindən qürur duyduğunu bildirib və qeyd edib ki, şəhər bir daha dünya səhnəsi olduğunu sübut edir. O əlavə edib ki, əgər vaxtı olsa, Bezosun əlini sıxacaq.

Narazılığa baxmayaraq, toya hazırlıqlar sürətlə gedir. Məlumata görə, Bezosun 127 metrlik "Koru" adlı meqayaxtası artıq Venesiyadadır. Qonaqlar arasında dünya məşhurları və nüfuzlu simalar var: Kim Kardaşyan, Kris Cenner, İvanka Tramp və Cared Kuşner, milyarder Maykl Kayvs, onun həyat yoldaşı Barri Diller və Diane fon Furstenberq.

Seçilən
6
publika.az

1Mənbələr