Xəbər verdiyimiz kimi, tarix üzrə fəlsəfə doktoru Günel Aslanlı aparıcı elmi işçi olduğu AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutun daxilində məqsədli, qanunsuz və qərəzli müdaxilələrlə üzləşdiyini iddia edib. O, institutu sənədləri saxtalaşdırmaqda ittiham edib və hüquq-mühafizə orqanlarına çağırış edərək, saxta sənəd hazırlayan və onun dövriyyəyə buraxılmasına göstəriş verən şəxslərin qanun qarşısında cavab verməli olduğunu bildirib.
Buna cavab olaraq Tarix və Etnologiya İnstitutundan Publika.az-a bildirilib ki, Günel Aslanlının iddiaları əsassızdır. Həmçinin əlavə edilib ki, məsələnin hüquqi müstəvidə həll edilməsi üçün işin məhkəməyə verilməsi nəzərdə tutulur.
Günel Aslanlı yenidən Publika.az-a müraciət edərək qeyd edib ki, Tarix və Etnologiya İnstitutunun rəhbərliyi konkret suallara cavab verməkdən yayınır.
“Sualım sadədir: necə ola bilər ki, 2023-cü ildə guya monoqrafiyamda 20% plagiat aşkarlanmışdısa, 2025-ci ildə bu göstərici 35%-ə yüksəlsin? Belə getsə, sabah bu rəqəm 100%-ə çatacaq? Axı bu eyni əsərdir, eyni mənbələrə əsaslanır. Bu, texniki proses deyil, açıq-aşkar manipulyasiya və məqsədli şəkildə nüfuzuma yönəlmiş təxribatdır. Bütün mərhələlərdən – müdafiə, Ali Attestasiya Komissiyası (AAK) təsdiqi, nəşr – problemsiz keçmiş bir işə daha sonra “plagiat” damğası vurmaq nə dərəcədə hüquqi və akademik əsaslıdır? Nə müdafiə zamanı, nə AAK-da, nə də institutun özündə bu işin plagiat olması ilə bağlı bir dənə də irad səslənib. İndi nə dəyişib?
Mən açıq şəkildə sual verirəm: 2023-cü ildə mənim adımla tərtib olunmuş, hüquqi əsası olmayan “plagiat sənədi” kim hazırlayıb? Nə üçün bu “antiplagiat yoxlaması” qanunvericilikdə, AMEA-nın Nizamnaməsində və institutun daxili sənədlərində nəzərdə tutulmasa da, yalnız mənim üçün tətbiq edilib?
StrikePlagiarism platformasının rəsmi baş ofisi ilə yazışmalar aparmışam və onlar təsdiqləyiblər ki, mənə təqdim edilən sənəd bu sistemə məxsus deyil. Rəsmi cavabda açıq göstərilir ki, mənim və digər əməkdaşın işi eyni gündə, eyni faylda sistemə yüklənmiş, nəticələr bir sənəddə çıxarılmışdır. Mənə isə sonradan yalnız mənim adımla tərtib olunmuş, 20%-lik “oxşarlıq” göstərən saxta sənəd təqdim olunub. Bu, hüquqi baxımdan etibarsız və texniki baxımdan saxta sənəddir. Bu, birbaşa vəzifə səlahiyyətlərindən sui-istifadə və sistemli təzyiq kampaniyasıdır.
Bu gün məni ittiham etdikləri əsər Prezident İlham Əliyevin idman siyasətini ilk dəfə elmi müstəviyə çıxaran və rəsmi sənədlərlə təhlil edən fundamental tədqiqatdır. İstinadlarla, dövlət proqramlarından, qanunlardan, rəsmi nitqlərdən istifadə etdiyim üçün mənə plagiat damğası vurulub. Bu mənbələr ümumi istifadəyə açıqdır və iqtibas qaydalarına uyğun istifadə olunub.