“İran təzyiqlərə məruz qalsa da, ölkənin dağılması və ya hakimiyyətin dəyişməsi gözlənilmir. İran parçalanmayacaq. Sadəcə olaraq, Səudiyyə Ərəbistanı ilə İran arasında Yaxın Şərqdə nüfuz savaşı gedir və bu mübarizədə müxtəlif vasitələrdən istifadə olunur. Bu, həm də bölgədə geosiyasi maraqların toqquşması ilə bağlıdır. Amma məsələyə reallıq və məntiq prizmasından baxsaq, təkcə bu səbəbdən İranın dağılması ssenarisinə inanmaq doğru olmaz. Avropa İttifaqına gəlincə, o, məsələyə ikili standartlarla yanaşır”.
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli deyib.
Xatırladaq ki, Böyük Britaniya və Avropa İttifaqına üzv ölkələr, bölgədə terror təhlükəsinin artma ehtimalını nəzərə alaraq, ABŞ Prezidenti Donald Trampı İrana hərbi zərbə endirməkdən çəkindirməyə çalışırlar. Avropa liderləri belə bir addımın regional sabitliyi poza və terror risklərini artıracağını düşünür.
Siyasi şərhçi qeyd edib ki, ABŞ İranı terror təhlükəsi ilə əlaqələndirərək onun sərbəst buraxılmasına qarşı çıxır, lakin eyni zamanda İranla bağlı problemlərin həllini də öz üzərinə götürməli olur.
“Bu isə açıq şəkildə ziddiyyətli və qeyri-səmimi yanaşmadır. Başqa bir ikili yanaşma da mövcuddur. Ermənistan ərazisində Avropa İttifaqının müşahidə missiyasının yerləşdirilməsi fonunda Ermənistan İranla münasibətlərini genişləndirərək, İranın sərhədindən müxtəlif yüklər daşıyır. Bu daşımaların dəqiq məzmunu, məqsədi və hansı dairələrlə əlaqəli olduğu barədə aydın cavablar verilməlidir. İrana qarşı istənilən gərginliyin böyük miqyaslı müharibəyə çevriləcəyi ilə bağlı fikirlər də var, lakin bu ehtimal reallıqda hələlik öz təsdiqini tapmır. Çünki hər bir münaqişənin yalnız hərbi yox, həm də siyasi tərəfi olur. İndiyədək İranda siyasi rəhbərliyə qarşı ciddi bir təhlükə və ya fiziki zərər müşahidə olunmayıb”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az