AZ

RFO qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

Bu gün Bakı Konqres Mərkəzində 2025-ci il üzrə Respublika fənn olimpiadalarının (RFO) qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbir Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə baş tutub.

TƏHSİL.BİZ  xəbər verir ki, mərasimdə elm və təhsil naziri Emin Əmrullayev, elm və təhsil nazirinin müavinləri Firudin Qurbanov və Kənan Kərimzadə, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədr müavini Namiq Babayev, Təhsil İnstitutunun direktor səlahiyyətlərini icra edən Elnur Əliyev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev, dövlət və özəl qurumların nümayəndələri, ali təhsil müəssisələrinin rektorları, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri, təhsil ekspertləri, şagirdlər, valideynlər və digər qonaqlar iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ardınca RFO-nun əhəmiyyətini və 2025-ci il üzrə keçirilmə prosesini əks etdirən videoçarx nümayiş olunub.

Elm və təhsil naziri Emin Əmrullayev çıxışında bilik və bacarıqları ilə fərqlənən gənc istedadları təbrik edib, onların uğurlarını yüksək qiymətləndirib:

“Son illərdə RFO-da iştirak edənlərin sayı əhəmiyyətli dərəcədə artıb. Belə ki, iştirakçı sayı 80 mini ötüb”, – deyə nazir vurğulayıb.

O əlavə edib ki, Elm və Təhsil Nazirliyi olaraq istedadlı gənclərlə işləmək, onları vaxtında üzə çıxarmaq və davamlı inkişafını təmin etmək qurumun əsas prioritetlərindəndir.Daha sonra qaliblər mükafatlandırılıb. Tədbirdə “Birincilərin birincisi”, yəni fənlər üzrə ən yüksək nəticə göstərmiş iştirakçı da xüsusi təqdim olunaraq təltif edilib. 

Mərasim bədii hissə ilə başa çatıb.

Qeyd edək ki, RFO ölkədə elmi potensialı yüksək olan şagirdlərin aşkara çıxarılması, onların inkişafına şərait yaradılması və gələcəkdə peşəkar istiqamət almaları baxımından mühüm platformadır.

2025-ci ildə RFO-da 8 fənn üzrə ümumilikdə 95 nəfər qızıl, 170 nəfər gümüş, 249 nəfər isə bürünc medal qazanıb.

 

 

 

 

 

Seçilən
4
tehsil.biz

1Mənbələr