ABŞ Prezidenti Donald Tramp İsrailə İranın raket buraxılışına cavab verməmək barədə xəbərdarlıq edib.
Teleqraf xəbər verir ki, o, bu barədə sosial media hesabında yazıb.
“O bombaları atmayın, bu, atəşkəs rejiminin ciddi şəkildə pozulması olardı. Pilotlarınızı evə qaytarın”, - Tramp vurğulayıb.
Həmçinin ABŞ Prezidenti qeyd edib:
“İran və İsraildən razı deyiləm, amma əsasən İsraildən deyil. Onun atəşkəslə razılaşdıqdan sonra dərhal hücuma keçməsi xoşuma gəlmədi. Mən başa düşürəm ki, İsrail heç kimə dəyməyən bir raketə görə qəzəblidir, sakitləşməlidirlər”.
Xatırladaq ki, İsrail Müdafiə Qüvvələri bundan öncə İran Silahlı Qüvvələrinin atəşkəs razılaşmasına baxmayaraq, ölkənin şimal ərazilərinə ballistik raketlər atdığını açıqlayıb. Hava hücumundan sonra bölgədə xəbərdarlıq siqnallarının işə salındığı və İranın hava məkanı üzərində iki ballistik raketinin vurulduğu bildirilib.
İran Silahlı Qüvvələri İsrailin bəyanatını təkzib edib.
ABŞ Prezidenti Donald Tramp iyunun 24-də İsrail və İran arasında atəşkəs razılaşması əldə olunduğunu və onun artıq qüvvəyə mindiyini açıqlayıb. Dövlət başçısı tərəfləri atəşkəsə əməl etməyə çağırıb.