BAKI,TurkicWorld
Qətərdə yerləşən ABŞ-a məxsus “Əl-Udeyd” hərbi bazasına endirilən raket zərbələri BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun şəkildə, tam hüquqi əsaslarla həyata keçirilib.
TurkicWorld xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.
İsmayıl Bəqai bildirib ki, bu addım İranın müdafiə haqqının bir hissəsidir və heç bir halda Qətərə qarşı yönəlməyib.
“Bu müdafiə tədbiri dost və qonşu ölkə olan Qətərə qarşı yönəlməyib. İran İslam Respublikası Qətərlə dərin və tarixi əlaqələrə sadiqdir” – deyə o vurğulayıb.
O əlavə edib ki, İran bütün region ölkələri ilə xoş qonşuluq prinsiplərinə sadiqdir və bu prinsip hərbi təxribatlara baxmayaraq qorunur.
“Biz qətiyyətlə bildiririk ki, ABŞ və sionist rejimin İran əleyhinə həyata keçirdiyi təcavüzkar və məkrli siyasətlər bölgədə fitnə və ixtilaf yaratmaq üçün istifadə edilə bilməz. Qardaş ölkələrlə birlik və həmrəyliyi pozmağa imkan verməyəcəyik”- deyə Bəqai bildirib.