“Hazırda İranla bağlı yayılan məlumatlarda bir məqam xüsusilə diqqət çəkir: ölkədə mümkün rejim dəyişikliyi, ali rəhbərlikdə dəyişmə və ya varislik ehtimalları. Məlumatlar bir-birini təkzib edir, bəzi iddialar isə ya sızdırılmış, ya da qəsdən dövriyyəyə buraxılmış informasiyalardır. Bu isə onu göstərir ki, informasiya savaşı hərbi gərginlik qədər təsirlidir. İranın siyasi sistemi konstitusion baxımdan sabit görünür. Lakin real güc balansında çoxsaylı qapalı mexanizmlər mövcuddur. Ali rəhbər məsələsi bu mexanizmlərin ən kritik nöqtəsidir. Hazırkı ali rəhbərin səhhəti ilə bağlı şayiələr yayıldıqca, varis məsələsi də qlobal gündəmə daşınır. Sistemdə rəhbər dəyişikliyi Ekspertlər Şurasının səlahiyyətindədir. 80 nəfərlik bu qurum yalnız öz daxili razılaşması əsasında qərar verir”.
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Samir Hümbətov deyib.
Qeyd edək ki, “Al-Hadath” qəzetinin iddialarına əsasən, SEPAH daxilində İranın ali dini rəhbəri Əli Xameneinin vəzifəsindən əvəz olunması mövzusunda geniş müzakirələr gedir. Qəzetin məlumatına görə, bu müzakirələr yalnız şəxsi səviyyədə qalmayıb, həmçinin SEPAH-ın yüksək rütbəli komandirləri arasında ciddi fikir mübadiləsinə səbəb olub. Həmçinin qeyd edilir ki, bu məsələnin İranın gələcəyi və siyasi sabitliyi baxımından böyük əhəmiyyəti var və proseslərin gedişatı diqqətlə izlənilir.
Siyasi şərhçi bildirib ki, İran daxilində rəhbər dəyişikliyi yalnız daxili siyasi balansın dəyişməsi nəticəsində baş verə bilər, kənardan təzyiq və ya hərbi müdaxilə ilə deyil.
“Rejim xarici müdaxiləyə qarşı sərt və qapalı müdafiə refleksi formalaşdırıb. Digər tərəfdən, İnqilab Keşikçiləri Korpusu – Sepah – bu prosesin arxa fondakı əsas oyunçusudur. Onlar təkcə təhlükəsizlik deyil, siyasi iradənin formalaşmasında da aktiv rol oynayırlar. Mövcud rəhbərsizlik ehtimalı zamanı Sepah sistemin dağılmaması üçün öz təsirini artırmağa çalışacaq. Bu şəraitdə informasiyanın dövriyyəyə buraxılması özü-özlüyündə bir siqnaldır. Çünki rejim daxilində qeyri-müəyyənliyin yaranması həm xalqda, həm də regiondakı oyunçularda müxtəlif gözləntilər formalaşdırır. Lakin prosesin real nəticəyə çevrilməsi üçün təkcə rəhbərin fiziki yoxluğu kifayət deyil. Sistemin daxilindən gələn dəyişiklik tələbi, daxili siyasi iradə və ya genişmiqyaslı ictimai təzyiq olmadan rejim dəyişikliyi baş verə bilməz. Hazırkı mərhələdə yayılan məlumatlar daha çox fərziyyədir və onları təsdiqləyəcək konkret dəlillər mövcud deyil. Lakin bütün hallarda İran rejimi həm daxilidə, həm də xaricdə bu məsələ ətrafında formalaşan narahatlıqları və gözləntiləri müşahidə edir və nəzarətdə saxlamağa çalışır”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az