Qacarlar 1796-cı ildən 1925-ci ilə qədər hakimiyyətdə oldular. XVIII əsrin ikinci yarısı – XIX əsrin əvvəlində üç əsas hərbi-siyasi mərkəz Səfəvilərin vaxtındakı Azərbaycan dövlətinin sərhədlərini bərpa etməyə cəhd göstərdi. Bunlar Qubalı Fətəli xanın, Qarabağlı İbrahimxəlil xanın və Güneyli – Astrabadlı Ağa Məhəmməd xan Qacarın rəhbərlik etdiyi hərbi-siyasi mərkəzlər idi. Fətəli xanın və İbrahimxəlil xanın səyləri nəticə vermədi, o vaxt üçün çox güclü Rusiya dövləti onların və digər xanların müqavimətini qıraraq, Azərbaycanın Araz çayından şimala doğru ərazilərini işğal etdi. Ağa Məhəmməd xan Qacar isə Araz çayından cənuba doğru ərazilərimizdə vahid dövlətçiliyimizi bərpa edə bildi, Azərbaycan dövləti mövcudluğunu davam etdirdi.
Qacarlar Səfəvi və Əfşar sülalələrinin siyasətini davaç etdirərək, Azərbaycan türkcəsinin üstünlüyünü təmin etdilər. Fransa imperatoru Napoleonun məktubunu 1805-1806-cı illərdə Qacarların Fətəli şahına gətirən Pyer Amedey Jober məlumat verirdi ki, şah və onun nazirləri ancaq türk dilində danışırlar. Saraya yaxın olan tarixçi Bedayi-Nigar belə bir hadisəni çatdırır ki, Fətəli şah türk dilini bilməyən məmurlarına qəzəbləndi və 40 gün ərzində dili öyrənməyi əmr etdi (Namiq Musalı. Kaçarlar döneminde türk kimliği ve türkçenin konumu meseleleri üzerine.- Amasiya Universitesi Sosial Bilimler Dergisi, 2018, c.2, s.131-171.- //dergipark.org.tr/tr/download/article-file/603294).
Qacarların bütün hakimiyyəti ərzində bu mövqe hökm sürürdü. Fətəli şahdan sonra hakimiyyətdə olan Məhəmməd şah haqqında belə bir fakt məlumdur ki, o, rus diplomatı knyaz Aleksey Saltıkovla türk dilində danışıb. XIX əsrin sonlarında Tehranda olmuş ingilis diplomatı lord Corc Kerzon yazırdı ki, Nəsrəddin şahın ana dili türk dili idi, fars dilini isə hakimiyyətə gələndən sonra öyrənmişdi. Ondan sonra gələn Müzəffərəddin şah hakimiyyətə gələndən sonra da türk dilində danışırdı (Clark, James Dee. The history of the İranian province of Azerbaijan, 1848-1914, 1999, s.34).
Tarixçi Mirzə Qulam Hüseyn Efdalül yazırdı ki, bir dəfə 1896-cı ildə Müzəffərəddin şah ona fars dilində müraciət edən Osmanlı səfirinin sözünü kəsərək, “türk dilində danış” deyə tələb etdi. Viktor Berar 1910-cu ildə qeyd edirdi ki, Məhəmmədəli şah (1907-1909) “Mənşə və dilinə görə turanlıdı” (Namiq Musalı, s.131-171).
Qacarların sonuncu şahı Sultan Əhməd şah da Azərbaycan dilli idi. Türkiyənin Tehrandakı səfiri özünün 22 fevral 1923-cü il tarixli raportunda Sultan Əhməd şahla görüşündən yazaraq qeyd edirdi ki, “O, özünü Azərbaycan ləhcəsində danışan türk adlandırırdı” (Namiq Musalı, s.131-171). Hakimiyyətdən devrilən sülalənin nümayəndələri həmişə özlərini Azərbaycan türkü adlandırmış, Azərbaycan türkcəsində danışmış, bu gün də bu mövqelərini davam etdirirlər.
Sultan Əhməd şah 1925-ci ildə hakimiyyətdən çevriliş nəticəsində, mühacirətdə, 1930-cu ildə vəfat edənə qədər şahlığını davam etdirdi. Ondan sonra şahlıq Hüseyn Qacara (1930-1933), Məhəmməd Qacara (1935-2003), II Həmzə Qacara (2003) keçdi. Tarix və şəxslərlə bağlı fərqli fikirlər də var, lakin əsas odur ki, sülalənin nümayəndələri bu günə qədər şahlıq hüquqlarından imtina etməyiblər.
Pəhləvilərin İranda hakimiyyətə qaytarılmasından danışılır, açıqlamalar verilir. Biz İranda simvolik monarxiya rejiminin, məsələn, İngiltərə və ya Yaponiyada olduğu kimi, bərpasını mümkün hesab edirik. Lakin buna hakimiyyəti üsyan və çevrilişlə ələ keçirmiş, irqçi siyasət yeritmiş Pəhləvilərin heç bir haqqı yoxdur. Haqqı olan varsa, o da Qacarlardır. Qanun, tarix, haqq onların tərəfindədir.
P.S. Tarix elmləri doktoru, professor Namiq Musalıya bu mövzunu tədqiq etdiyinə, gündəmdə saxladığına görə təşəkkür edirik. Bu yazını N. Musalının tədqiqatlarından yararlanaraq, populyarlaşdıraraq ortaya gətirdik.
Hörmətlə, tarix üzrə
fəlsəfə doktoru Akif Nağı.
24.06.2025.