Quranın məqsədi bizə vasitə və üsulları göstərmək deyildir.
Quran:
a. ideya aşılayır;
b. konsepsiya təqdim edir;
c. hansısa ilahi əmrin əhəmiyyətini başa salır;
ç. bu və ya digər göstəriş haqqında ümumi təsəvvür yaradır.
Məsələn, ayələri oxuduqda “Allahın tək olduğunu təsdiqləmək və Ona iman gətirmək”, “peyğəmbərlik institutunu qəbul etmək”, “namaz qılmaq”, “oruc tutmaq”, “zəkat vermək”, “həccə getmək”, “ədalətli olmaq”, “zülm etməmək”, “yaxşı işlər görmək”, “valideynlərlə yaxşı keçinmək”, “Allahın dediklərinə əməl etmək” və sair ideya və çağırışların şahidi olur, ilahi vəhdaniyyəti (tövhid) təsdiqləməyin, ibadət etməyin, fərdi və ictimai müstəvidə əxlaqlı olmağın əhəmiyyətini başa düşürük, nəticədə bizdə Allahın istədiyi kimi yaşamaq haqqında ümumi təsəvvür formalaşır. Fikir versəniz görəcəksiniz ki, bütün bunları həyata keçirməyin üsulları, yolları, vasitələri haqqında Quran ya qismən danışır, ya da susur. Bu yerdə, meydana Peyğəmbər daxil olur, Quranda diqqətimizə çatdırılan mühüm ideya və konsepsiyaların tətbiqi yollarını bizə göstərir, xüsusən ibadətin formasını, qaydalarını, üsullarını açıqlayır.
Biz namaz qılmağın əhəmiyyətini Qurandan öyrənir, namaz qılmağın formasını isə Peyğəmbərdən əxz edirik;
Zəkat verməyin, oruc tutmağın, həcc etməyin mühümlüyü, ibadət kimi əhəmiyyəti Quranda konkret ayələrlə diqqətimizə çatdırılır, amma təfərrüat üçün, əməli-tətbiqi qaydalar üçün Peyğəmbərə üz tuturuq;
Quran bizə ədalətli olmağı əmr edir, amma biz hansı hallarda hansı davranış modellərinin, hansı əməllərin ədaləti ifadə etdiyini Peyğəmbərdən öyrənirik.
Quran bizə ibadətdən danışır, Allahın istədiyi formada Ona ibadət etməyin mühümlüyünü təkidlə diqqətimizə çatdırır, daha sonra Peyğəmbər bizə Allahın bizdən hansı formada, nə vaxt və necə ibadət etməyi istədiyini başa salır, izah edir.
Siyahını uzatmaq mümkündür, amma bura qədər dediklərimizi xülasə edərək bildiririk ki, Quran konsepsiya yaradır, ibadətin mühümlüyünü diqqətimizə çatdırır, Peyğəmbər isə bizə Allahın bizdən necə ibadət etmək istədiyimizi izah edir. Bu baxımdan, Peyğəmbər və onun göstərişlərinin (Sünnə, hədislər) konseptual, konkret ibadət anlayışının qorunub saxlanmasında əhəmiyyəti danılmazdır.
Ayələr və hədislərin qarşılıqlı əlaqəsini təhlil etdikdə aşağıdakı mənzərə ilə qarşı-qarşıya gəlirik:
a. Quran ilahi təlimləri təsis edir, Sünnə isə onların izahını verir, real həyata tətbiqi qaydalarını, yolları və üsullarını göstərir;
b. Sünnə Quranda öz əksini tapmış ilahi təlimlərin praktik və metodoloji tərəfini əmələ gətirir.
c. Sünnə Peyğəmbərin dövründə əməli islamın nə olduğunu göstərən əyani təcrübədir.
Sünnə institutundan, yaxud səhih hədislərdən bütünlükdə imtina etmək Quranı, islamı fərqli-fərqli izahlara açıq nəzəriyyə, fəlsəfə halına gətirə bilər.
Əgər fikir vermişsinizsə, hədislərin inkar edən, Sünnə məfhumuna qarşı çıxanların namazla, həclə, orucla... bağlı iddiaları təzadlıdır, fərqlidir, əsaslandırılmış deyildir; yeni və qeyri-ənənəvi olduğu üçün qulağa xoş gəlir və yayılır.
Belə fikirlər “subyektiv istəklərə təhkim edilmiş islam” yaradır; bu cür “islam”da hər kəs özünü rahatladacaq, günahlarına bəraət qazandıracaq fikirlər, “fitva”lar tapa bilir.
Ümumiyyətlə, konseptual təlimlərlə spontan, qeyri-sabit, dəyişkən, “sürüşkən” ideyalar arasında fərq vardır.
Peyğəmbərin izahında Quran konseptualdır, konkret forması, vaxtı, “ölçü”sü, “rəng”i olan öhdəliklər yükləyir, insan nəfsi isə bundan xoşlanmır, çünki mənən tərbiyə olunmaq, yetişmək, kamilləşmək zəhmət, vaxt tələb edir.
Dəyişilmək istəməyən, ibadət etmədən Allahı inanmaq arzusunda olan kimsələrin köməyinə Peyğəmbərsiz islam – sırf könül məsələsi olan, mücərrəd sevgi və inancla səciyyələnən islam gəlir. Məhz buna görə hədislərdən imtina bu cür kütlələr tərəfindən rəğbətlə qarşılanır.
Müşahidə onu göstərir ki, hədislərdən imtina edən, Quran müsəlmanlığından söz açanlara qulaq asanlar arasında namaza, oruc tutmağa, məscidə getməyə başlayan kimsələrə rast gəlinmir. Onlar ibadət etmədən, yaxud konkret vaxtı və forması olmayan ibadətdən imtina etməklə yaşamaq və Allaha inanmaq istəyirlər. Halbuki Peyğəmbər bəşəriyyətə təkcə Allahı deyil, ona yaxınlaşmağın, kamilləşməyin yolunu – ibadəti, özü də konseptual ibadəti öyrətmək üçün gəlmişdi; onun həyatı ilə tanışlıq göstərir ki, o bunun üçün əlindən gələni edirdi.
Hədislərdən imtina insanları konseptual ibadətdən soyudur, uzaqlaşdırır, nəfsani istəklərə uyğun inanc, ibadət formaları yaradır. Hədislərsiz islam – Quran islamı ifadəsi qulağa xoş gəlir, amma atalar demişkən: avazın yaxşıdır, amma oxuduğun Quran ola! Hədis yoxdursa, Peyğəmbər yoxdur, Peyğəmbər yoxdursa, konkretlik yoxdur, 1400 illik ənənə, format, model, ölçü, “qabıq” yoxdur. Sünnə yoxdursa, hər kəs islamı, Quranı istədiyi kimi yozacaq, izah edəcəkdir. Peyğəmbər yoxdursa, “islamlar” vardır, özü də Peyğəmbərin izahına “yox” deyib insanları öz izahlarına çağıranların yaratdığı islamlar vardır!
Bu gün Peyğəmbərin islamı ilə hədisləri inkar edənlərin “islam”ı arasında mübarizə gedir...