AZ

BMU-İNHA İDP tələbələri gənclərlə keçirilən görüşdə iştirak ediblər

Gənclər və idman naziri Fərid Qayıbovun nazirliyin dəstəyi ilə beynəlxalq tədbirlərdə ölkəmizi təmsil etmiş gənclərlə görüşündə Bakı Mühəndislik Universiteti ilə Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının (BMU-İNHA İDP) tələbələri də iştirak ediblər.

BMU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, proqramın “Elektrik mühəndisliyi” ixtisasının III kurs tələbəsi Nəsib Əhmədov, “Elektronika mühəndisliyi” ixtisasının II kurs tələbəsi Tahirə Bəylərova və “İnformasiya texnologiyaları” ixtisasının II kurs tələbəsi Yusif Novruzlunun təmsil olunduğu “DeepSense” komandası “Robotex” beynəlxalq yarışının Türkiyənin Antalya şəhərində keçirilən mərhələsində qalib olub. Komanda yarışın Azərbaycan mərhələsində “Maze Robot” layihəsi ilə çıxış edərək “Labirint” kateqoriyasında seçilən performans nümayiş etdirib. Hazırladıqları robot sensorlar, ağıllı alqoritmlər vasitəsilə labirintin optimal çıxış yolunu müəyyənləşdirir və bu texnoloji həllə uğur əldə edən komanda beynəlxalq yarışın dekabr ayında Estoniyanın Tallin şəhərində keçiriləcək final mərhələsində iştirak hüququ qazanıb.

Gənclərlə görüş zamanı nazir Fərid Qayıbov qazandıqları uğurlar münasibətilə onları təbrik edib, təmsil olunduqları tədbirlər, topladıqları  təcrübələr ətrafında fikir mübadiləsi aparıb. Beynəlxalq əhəmiyyətli tədbirlər, həmçinin yarışlarda iştirak edən gənclər öz təəssüratlarını paylaşıblar. Gələcək layihələrlə bağlı gənclərin fikir və təkliflərini dinləyən nazir bundan sonra da onlara dəstək veriləcəyini bildirib və uğurlarının davamlı olmasını arzulayıb.

 

 

 

 

 

Seçilən
6
tehsil.biz

1Mənbələr