Bölgələrdə lisey və gimnaziyaların sayının artırılması planlaşdırılır.
“Report” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Respublika Fənn Olimpiadalarının qaliblərinin mükafatlandırılması mərasimində deyib.
O bildirib ki, bu il bölgələrdə yeni liseylər yaradılacaq:
"Azərbaycanda təxminən 30-dan çox lisey və gimnaziya fəaliyyət göstərir. Bizim bəzi bölgələrimiz var ki, orada tarix boyu lisey olmayıb. Biz çalışırıq xüsusilə həmin regionlarda lisey və gimnaziyalar olsun".
Nazirin sözlərinə görə, fizika, riyaziyyat, informatika, həmçinin , kimya biologiya təmayüllü lisey modelləri özünü kifayət qədər doğruldub:
"Sumqayıt və Mingəçevirdə xüsusi məktəblər var ki onlar istedadlı uşaqlar ilə işləməkdə ixtisaslaşırlar. Bu məktəblərdə məzmunu bir az da dərinləşdirməliyik. Çünki istedadlı uşaqları ali təhsil müəssisələrinə qəbul imtahanları çərçivəsində məhdudlaşdırmamalıyıq. Onların hər birinin potensialı daha çox elmi yük götürməyə qadirdir".