AZ

YOLUMUZ QƏRBİ AZƏRBAYCANADIR


Tarix bizi çağırır. Torpaq bizə səslənir. Və biz mütləq dönəcəyik!

Azərbaycanın milli yaddaşı, qüruru və haqq səsi olan Qərbi Azərbaycan bu gün yalnız tarixi bir bölgə deyil, milli mənəviyyatımızın, milli kimliyimizin, milli ruhumuzun simvoludur. Min illər boyu ulu babalarımızın yaşadığı, əkin əkdiyi, ocaq yandırdığı o torpaqlar bu gün bizləri çağırır.
Sovet dövründə və ondan əvvəl erməni şovinistlərinin, imperiya siyasətinin qurbanı olan yüz minlərlə azərbaycanlı doğma ata-baba yurdlarından zorla köçürüldü. Bu köç təkcə fiziki bir məcburiyyət deyildi. Bu, ruhumuzun, mədəniyyətimizin, yaddaşımızın dərin bir yarası idi.
Azərbaycan dövləti bu gün Qərbi Azərbaycan məsələsinə yalnız emosional yox, həm də hüquqi-siyasi baxışla yanaşır. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qərbi Azərbaycan İcması, qəbul edilən Qayıdış Konsepsiyası sübut edir ki, bu məsələ artıq dövlət strategiyası səviyyəsindədir. Bu konsepsiya təkcə fiziki qayıdış planı deyil, bu, həm də tarixi ədalətin bərpası, beynəlxalq hüququn dirçəlişi və milli ləyaqətin müdafiəsidir.
Biz nə intiqam istəyirik, nə də nifrət. Biz haqqımızı istəyirik. Sülhlə, ədalətlə, hüquqla öz yurdumuza dönmək istəyirik. Qərbi Azərbaycan bizim təkcə keçmişimiz deyil, həm də gələcəyimizdir. Bu torpaqlara qayıtmaq, yalnız fiziki dönüş deyil, milli kimliyimizə, kökümüzə, özümüzə dönüşdür.
Bugünkü nəsil bu torpaqlara qayıdışı milli borc, tarixi məsuliyyət kimi dərk edir. Qərbi Azərbaycana qayıdış həm də ədalətin bərpası, beynəlxalq hüququn bərqərar olması deməkdir. Biz revanş deyil, ədalət istəyirik. Biz qisas deyil, haqq istəyirik. Biz dinc yolla, hüquqi çərçivədə, beynəlxalq hüquqa əsasən öz torpaqlarımıza, öz evimizə qayıtmaq istəyirik.
Qərbi Azərbaycan yalnız xəritədə deyil, həm də könüllərdədir. Bizim yolumuz ora gedir. Təmiz niyyətlə, milli birliklə, güclü dövlətlə. Bu yol çətindir, amma mütləq keçiləcəkdir. Çünki, yolumuz haqq yoludur!
Biz bilirik ki, Laçının, Şuşanın, Xankəndinin sevincini yaşayan xalq, bu yolun sonunda bir gün Göyçənin, Zəngəzurun, Dərələyəzin, Basarkeçərin sevincini də yaşayacaq!
Bu gün Qərbi Azərbaycan bizim üçün yalnız bir həsrət deyil, bu, həm də milli ləyaqətimizin simvoludur. Bir xalq üçün torpaq yalnız yaşadığı yer deyil, həm də onun heysiyyəti, kökü, varlığıdır. Öz doğma yurdundan qovulan, amma onu unutmayaraq geri dönmək istəyən xalq, ləyaqətli xalqdır. Biz bu ləyaqəti qoruyuruq!
Yolumuz Qərbi Azərbaycanadır! Bu yol haqq yoludur, millət yoludur, ədalət yoludur. Və bu yolun sonunda yalnız torpaq yox, həm də milli ləyaqət bizi gözləyir. Bu yolda addımlamaq bizim borcumuzdur. Qərbi Azərbaycana sahib çıxmaq, keçmiş nəsillərin ruhuna, gələcək nəsillərin hüququna hörmətdir. Biz o torpaqlara bir gün yenidən dönəcəyik. Çünki, Qərbi Azərbaycan bizim milli ləyaqətimizdir. Bu ləyaqəti nə satmaq, nə də unutmaq olmaz!

Lamiyə İsazadə,
"Kimsəsiz Uşaqların Sosial Müdafiəsi" İB-nin sədri, Qərbi Azərbaycan İcmasının üzvü.

Seçilən
17
baki-xeber.com

1Mənbələr